28.12.2021-ci il tarixində "Vəkil günü" peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi və vəkilliyə namizədlər Fəxri Xiyabanı ziyarət etmiş, Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, Ulu öndərin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilmişdir. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Vəkillər Kollegiyasının rəhbərliyi və vəkilliyə namizədlər Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzmüşlər, xatirə şəkli çəkdirmişlər.
Daha sonra Muzey Mərkəzində vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir. Tədbiri açıq elan etmiş və daha sonra Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilmişdir.
Açılış sözü ilə çıxış edən Anar Bağırov “Vəkil günü” münasibətilə bütün vəkilləri təbrik etmiş və onlara fəaliyyətində uğurlar arzulamışdır.
Anar Bağırov qeyd etmişdir ki, son illər çox sayda hüquqşünas vəkilliyə üz tutub: "Məlum olduğu kimi, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı "“Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Artıq üçüncü ildir ki, şanlı Azərbaycan vəkilliyi öz peşə bayramını təntənəli şəkildə qeyd edir və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Son illər ərzində Azərbaycan vəkilliyi güclənir, inkişaf edir. Təbii ki, möhtərəm cənab Prezidentin dəstəyi ilə Azərbaycan vəkilliyi daha da inkişaf edəcək, daha da güclənəcək. Son illər eyni zamanda onunla fərqlənirik ki, çox sayda gənc hüquqşünaslar vəkilliyə üz tutublar.
Bütün imtahanlardan müvəffəqiyyətlə keçən 113 nəfər vəkilliyə namizəd bu gün and içərək vəkil statusunu qazanırlar. Hesab edirəm ki, Azərbaycan vəkilliyi hər bir vətəndaşa yüksək keyfiyyətli hüquqi yardım göstərməklə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində müstəsna rol oynamaqla ədalətin carçısı rolunu oynayır. Güclü və nüfuzlu vəkillik institutu olmadan ölkədə ədalət mühakiməsinin normal fəaliyyəti mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı ölkədə yüksək keyfiyyətli hüquqi yardım almağa tam qadirdir".
Sədr bildirib ki, ölkəmizdə vəkillərin sayı son illər ərzində üç dəfəyədək artıb: "Eyni zamanda vəkil qurumların sayı 2,5 dəfə artaraq, 110-a çatıb. Bu gün ölkəmizdə dövlət və vəkillik arasında olan münasibətlər bir çox ölkələr üçün örnəkdir. Bu gün Azərbaycan və Ukrayna MDB və keçmiş postsovet məkanında yeganə iki ölkədir ki, "Vəkil günü" peşə bayramı kimi qeyd edilir. Bunun özü də dövlətimiz tərəfindən vəkilliyə göstərilən diqqətin və hörmətin təzahürüdür. Göstərilən hüquqi yardımın daha keyfiyyətli və peşəkar olması üçün Vəkillər Kollegiyası tez -tez təlimlər keçirir".
A. Bağırovun sözlərinə görə, bugünkü namizədlər sırasında qadın vəkillərin də kifayət qədər olması, yaxşı göstəricidir: "Getdikcə gender bərabərliyi məsələsi öz həllini tapır. Bizim üçün çox qürurvericidir ki, bu gün ölkə vəkilliyində xanımların sayı 22%-ə bərabərdir. Başqa peşələrdə bu faiz daha azdır. Getdikcə bu say daha da artır. Əminəm ki, bu göstərici gələcəkdə 50%-ə qədər qalxacaq. Artıq bu tendensiya mövcuddur".
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 113 vəkilliyə namizəd Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilmişdir.
Daha sonra, yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirildiyinə görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.
Tədbirdə eyni zamanda Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamına uyğun olaraq Vəkillər Kollegiyasının dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitabının və “Vəkilin Cinayət işində müdafiə fəaliyyəti” adlı metodik vəsaitin təqdimatı keçirilmişdir.
Daha sonra “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitabın ideya müəllifi Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, “Dünya Vəkil Cübbələri və Atributları” sərgisinin təşkilində göstərdikləri xidmətlərə görə isə Bakı şəhəri Xətai rayon Məhkəməsinin sədri Rəşid Rzayev və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibov təşəkkürnamə ilə təltif edilmişdir.
Tədbirdə həmçinin “II Vəkil Şahmat” yarışmasının qalibləri də müvafiq diplomlarla təltif edilmiş və bununla tədbirə yekun vurulmuşdur.