Bugün – aprelin 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Rəyasət Heyətinin sabiq sədri, əməkdar hüquqşünas Azər Tağıyevin 70 yaşı tamam olur.
Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.
1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlayan Azər Tağıyev öz ömrünü bütünlüklə Azərbaycan vəkilliyinə həsr etmişdir.
Onun fəaliyyəti daim yüksək qiymətləndirilmiş, keçən əsrin 80-ci illərinin əvvəlində Rəyasət Heyətinin üzvü, 80-ci illərin sonunda isə Rəyasət Heyətinin sədr müavini seçilmişdir. 90-cı illərin əvvəllərində ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar, Vəkillər Kollegiyası da müəyyən problemlərlə üzləşmişdi. Məhz bu illərdə A.Tağıyevin uzaqgörənliyi və təşkilatçılıq qabiliyyəti özünü göstərmiş, Vəkillər Kollegiyasının vahidliyinin qorunub saxlanmasında, möhkəmlənib daha da inkişaf etdirilməsində onun böyük əməyi olmuşdur.
1995-2017-ci illərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olan Azər Tağıyev vəkillik haqqında yeni qanunun hazırlanmasında yaxından iştirak etmiş, Yeni Vəkillər Kollegiyası təsis edildikdən sonra ilk dəfə olaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna müvafiq şəkildə tam şəffaf və demokratik prinsiplər əsasında Vəkillər Kollegiyasına qəbul həyata keçirilmişdir.
2004-cü ilin 3-4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış, Azər Tağıyev həmin Yığıncaqda Rəyasət Heyətinin sədri seçilmiş və 2017-ci ilin sonuna qədər səriştəli təşkilatçı kimi Kollegiyaya rəhbərlik etmişdir.
Eyni zamanda, Azər Tağıyevin hüquqşünas kimi peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və ictimai nüfuzu nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə o, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və bu günə qədər Komissiyanın işində fəal iştirak etməkdədir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Fərmanı”, “Fəxri Diplomu” ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Hüquq Doktoru” və “Fəxri Vəkili” adları verilib, Azər Tağıyevin adı “Vəkillərin Şərəf Kitabı”na daxil edilib. O, həmçinin Rusiya Federasiyasının “Fəxri Vəkili” medalı ilə təltif edilmişdir. Bundan başqa o, 1989-1991-ci illərdə SSRİ Vəkillər İttifaqının Katibi olmuşdur.
Bu günlərdə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 aprel 2018-ci il tarixli qərarı ilə Azər Tağıyev səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığı və 70 illik yubileyi münasibətilə qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi və üzvləri adından sabiq sədr və hörmətli vəkilimiz Azər Tağıyevi yubileyi münasibətilə təbrik edir, ona Vəkillər Kollegiyasının fəaliyyətinə verdiyi əvəzsiz töhfələrə görə dərin minnətdarlığını bildirir və həyatdə ən böyük nemət olan cansağlığı arzulayırıq!