28 Dekabr 2021-ci il tarixində Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilmişdir.
Hüquqi yardım göstərilən şəxslərin dairəsini həssas qrupa daxil olan vətəndaşlar - şəhid ailələri, qazilər, xüsusilə qadınlar və yetkinlik yaşına çatmayan şəxslər və aztəminatlı ailələr əhatə etmişdir. Hüquqi yardımın göstərilməsində Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Aidə Tağıyeva, Türkel Süleymanov və Zabid Məmmədov iştirak etmişdirlər. Eyni zamanda əlaqələndirici şəxs qismində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təmsilçisi vəkil Nurəngiz Qarayeva iştirak etmişdir.
Vətəndaşlara ödənişsiz hüquqi yardım barədə öncədən məlumat verilmiş və nəticədə 30 müraciət qeydə alınmışdır. Vəkillər tərəfindən həmin vətəndaşlar yuxarıda qeyd olunan tarixdə saat 10:00-dan 13:00-dək qəbul olunaraq müraciətlərinə baxılmışdır.
Göstərilən hüquqi yardıma əhaliyə şifahi məsləhətlərlə yanaşı, həmçinin bəzi vətəndaşların problemləri ilə bağlı müvafiq qurumlara müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.