VƏKİLLİYƏ QƏBUL
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci aralığında (14 il ərzində) 5 yazılı yazılı test imtahanı, son 4 il içində isə 8 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2.5 dəfədən çox artıb.
2021-ci il tarixində isə, vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı keçirilmişdir. 05.03.2021 və 02.10.2021-ci il tarixlərdə keçirilən ixtisas imtahanın yazılı test mərhələlərində ümumilikdə 544 namizəd iştirak etmiş və müvəffəqiyyət qazanan 289 nəfər şifahi müsahibəyə buraxılmışlar. Keçirilən şifahi müsahibələr nəticəsində vəkillərin sayı 2132-ə çatmışdır.
02.10.2021-ci il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış 130 namizədlə hazırda şifahi müsahibə davam edir.
Hal-hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir.
Onlardan 1752 nəfəri kişi, 380 nəfəri qadındır.
Onlardan 1679 nəfəri Bakıda, 453 nəfəri isə rayonlarda fəaliyyət göstərir.
Ən yaşlı vəkil - Rəcəbova Eleanora Viktorovna - 06.04.1933 – 88 yaş
Ən gənc vəkil – Abdullazadə Xəyalə Nicat qızı – 01.05.1997 – 24 yaş
Eyni zamanda, ötən 4 ildə ölkəmizdə Vəkil Bürolarının (bundan sonra “VB”) sayı da təxmini olaraq 3 dəfə artaraq 108-ə çatmışdır.
Cari ildə də, Şəki regional Vəkil Bürosunun, Bakı şəhəri 10 saylı, 20 saylı, 33 saylı, “Femida”, “Arbitrium”, “Xəzər Konsaltinq”, "Verdiktum" Vəkil Bürolarının yeni ofisləri açılmış və vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz olunmuşdurlar.
Eyni zamanda, Sumqayıt, Gəncə, Şirvan və Şəki regional vəkil büroları üçün qeyri-yaşayış sahələri verilmiş, Lənkəran şəhərində isə müvafiq binanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri aparılır, digər şəhərlərdə ayrılmış binalar isə tam istifadəyə verilmişdir.
25-27 noyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (bundan sonra “ARVK”) rəhbərliyi regional səfərlərdə olmuş, Şəki, Zaqatala, Mingəçevir, Yevlax vəkil bürolarını ziyarət etmiş və vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problem və təkliflərini dinləmişdir.
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2021-ci il ərzində ARVK ilə BMT-nin ixtisaslaşmış qurumları, xüsusilə də Beynəlxalq Miqrasiya Təşkilatı və İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, habelə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası (UIA), Beynəlxalq Qızıl Xaç Komitəsi və s. ilə əməkdaşlıq münasibətləri davam etdirilərək möhkəmləndirilmişdir.
4 oktyabr tarixində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun da qatıldığı “Qırğız vəkillərinin II qurultayı”nda ARVK sədri Anar Bağırov və Rəyasət Heyətinin (bundan sonra “VKRH”) üzvü Muxtar Mustafayev iştirak və çıxış etmişlər.
Belə ki, 2021-ci ildə ARVK rəhbərliyi və üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Türkiyədə keçirilən tədbirlərə birbaşa qatılaraq, digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə isə videokonfrans formasında iştirak edərək Azərbaycan vəkilliyini təmsil etmişdirlər.
12 oktyabr tarixində ARVK sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Moskva şəhərində “Vəkillik, Dövlət, Cəmiyyət” mövzusunda Rusiyanın Federal Vəkillər Palatasının təşkil etdiyi və dövlət rəsmilərinin iştirakı ilə keçirilən XVII elmi-praktiki konfransa qatılmış və çıxış etmişdir.
Bundan əlavə, VKRH üzvü Elçin Usub Qazaxıstanda "İnzibati hüquqda sübutlar və sübutetmə" mövzusunda keçirilən beynəlxalq konfransda, VKRH üzvü Vüqar Babayev Belarusda "Qlobal iqtisadi çağırışların insanların əmək və sosial hüquqlarına təsiri" mövzusunda keçirilən konfransda, büro müdiri Yusif Allahverdiyev Ukraynada “Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası” mövzusunda elmi-praktiki konfransda Kollegiyanı təmsil edərək çıxış etmişlər.
Videokonfrans formasında keçirilən görüş və tədbirlərə gəldikdə isə, ARVK rəhbərliyi Hong Kong Hüquq Cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Vəkillər Kollegiyaları Prezidentlərinin Dəyirmi Masasında, İran Vəkillər Kollegiyasının rəhbərliyi ilə onlayn görüşdə, “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumunda, LAWASIA ilə onlayn görüşdə, CCBE-nin PECO komitəsinin üzvlərinin 3 dəfə fərqli vaxtlarda keçirilən onlayn görüşündə və Özbəkistan Respublikasının Vəkillər Palatasının təşkilatçılığı ilə “Vəkillər şiddətə qarşı!” adlı dəyirmi masada spiker qismində iştirak etmiş və çoxsaylı ölkələrin təcrübələri paylaşılaraq fikir mübadiləsi aparılmışdır.
Onlayn formatda həyata keçirilən tədbirlərin davamı olaraq, 9 mart tarixində Türkiyə Barolar Birliyi və ARVK-nın təşkilatçılığı ilə 8 mart “Dünya Qadınlar Günü” çərçivəsində “Qadına qarşı yönələn şiddətlə mübarizədə hüquq və psixologiyanın yeri” mövzusunda konfrans keçirilmiş, sədr Anar Bağırovun məqaləsi yayımlanmış, o cümlədən 28-29 oktyabr tarixlərində Avropa Şurasının Bakı Ofisi ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı və ARVK-nın Hüquqi Yardım və Tədris Mərkəzinin (bundan sonra “HYTM”) təşkilatçılığı ilə vəkillər üçün “Gender Bərabərliyi və Media Azadlığı” mövzusunda ixtisasartırma kursu təşkil edilmişdir.
2 dekabr tarixində isə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində ARVK üzvləri üçün “Beynəlxalq humanitar hüquq çərçivəsində məhkəmə zəmanətləri” mövzusunda beynəlxalq eskpertlərin iştirakı ilə təlim təşkil edilmişdir.
28 oktyabr tarixində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri (baş direktoru) Xristos Cakoumopoulosun başçılıq etdiyi nümayəndə heyəti ARVK-nın rəhbərliyi ilə və 19 fevral və 11 noyabr tarixlərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri ilə ARVK-nın rəhbərliyi arasında görüş keçirilmişdir.
Həmçinin, “Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi çərçivəsində layihənin əsas eksperti Mark Seqal tərəfindən ənənəvi qaydada “Vəkil təlimçilər üçün təlim”, “Qeyri-verbal kommunikasiya üzrə təlim”, o cümlədən dünyada ən nüfuzlu arbitr hesab olunan Qari Born və Patrisiya Şonessinin iştirakı ilə onlayn beynəlxalq konfrans keçirilmişdir.
7-10 sentyabr tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatı və ARVK-nın birgə təşkilatçılığı ilə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində vəkillər və praktiki hüquqşünaslar üçün insan alveri mövzusunda təlimlər həyata keçirilmişdir.
22 aprel tarixində ölkəmizə səfər edən Paris Vəkillər Kollegiyasının VKRH üzvü Yasin Yakuti və media sahəsində geniş əlaqələrə malik olan digər vəkil Elis Arfi birbaşa əlaqələrinin qurulması, eləcə də gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə ARVK-ı ziyarət edib.
29 iyun tarixində CCBE və ARVK-nın birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) rolu və müraciətlərin qəbuledilənlik meyarlar - nəzəriyyə və təcrübə” mövzusunda vebinar keçirilmiş, bütün hüquq ictimaiyyəti üçün canlı yayımlanmış, ünvanlanan suallar yerində beynəlxalq ekspertlər tərəfindən cavablandırılmışdır.
Aprel və oktyabr-noyabr aylarında ayrı-ayrı vaxtlarda Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi, o cümlədən ARVK ilə birgə əməkdaşlıq çərçivəsində HELP üzrə (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinə giriş” mövzusunda təqdimatlar, görüşlər və uzunmüddətli təlim kursları keçirilmişdir.
Bundan əlavə, “İnsan Hüquqları günü” münasibəti ilə 10 dekabr tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və AŞ Katibliyinin baş hüquqşünası Xaqani Quliyev tərəfindən onlayn qaydada interaktiv təqdimat keçirilmişdir.
Bundan başqa, ölkəmizə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri ilə 20 dekabrın tarixində görüş keçirilmiş və inzibati icraat sahəsində vəkillərin mövqeyi ilə tanış olmuşdurlar.
Məlum olduğu kimi, 44 günlük vətən müharibəsi zamanı Ermənistan Respublikası tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı 150 beynəlxalq təşkilata, müharibədən sonra isə, onlar tərəfindən həyata keçirilən ekoloji və mədəni terror ilə bağlı 230 beynəlxalq təşkilata ARVK hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini ünvanlamış, həmin terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırmışdır.
Eyni zamanda, ARVK tərəfindən 4 iyun 2021-ci il tarixində 200-dən çox beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri rəsmi müraciət edilərək, Kəlbəcərdə bir qrup şəxsin minaya düşməsinə, baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, o cümlədən Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etmələri üçün tədbirlər görmələrinə çağrılmışdır.
Daha sonra isə, tanınmış beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda mülki şəxslərin hədəfə alınması, sentyabr - noyabr 2020” adlı aralıq hesabat ictimaiyyətə təqdim olunmuşdur. Hesabatda Azərbaycanın müxtəlif şəhərlərində 100 azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələnən qəsdən törədilən hücumlar araşdırılmışdır. Hesabat 9 Bedford Row Team, BM Morrison Partners və ARVK-nın böyük səyləri nəticəsində ərsəyə gəlmişdir.
Digər tərəfdən, 28 dekabr Vəkil Günü ərəfəsində, ARVK-nın təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və “Kamandar Nəsibov və Partnyorları” VB-nın təşkilatçılığı ilə 17-29 dekabr tarixlərində Muzey Mərkəzində dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib. Sözügedən sərgiyə hər gün yüzlərlə insan gələrək eksponatlar ilə yaxından tanış olmaq fürsəti əldə etmişdirlər.
Qeyd etmək istərdik ki, hər ölkənin daxili qaydalarına uyğun olaraq, ağır pandemiya şəraitində iki il içində 70-ə yaxın müxtəlif ölkədən Vəkil və Hakim Cübbələri toplanılmışdır.
Bununla yanaşı, xarici ölkələrin Vəkillər Kollegiyaları ilə danışıqlar davam edir və yaxın gələcəkdə bu Cübbə-Mantiyaların sayı 100-dən çox ölkəni əhatə edəcək, o cümlədən yaradılacaq Muzeydə müxtəlif ölkələrin Hakim Cübbələri də yer alacaqdır.
Muzey Mərkəzində keçirilən bu sərgimizdə, həmçinin, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları da nümayiş olunur.
VƏKİLLİKDƏ İNNOVASİYALARIN TƏTBİQİ - ELEKTRON XİDMƏTLƏR
Qeyd olunmalıdır ki, vəkillikdə innovasiyaların tətbiqi məsələsi hər zaman xüsusi həssaslıqla yanaşılan məsələlərdən biridir. Vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün, Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılmış və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir.
Bundan başqa, hər bir vəkil üçün elektron kabinet istifadəyə verilmiş və həmin kabinetlər "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunmuşdur.
Həmçinin, Kollegiyanın rəsmi sənədlərinin və vəkillərə aid sənədlərin dövriyyəsi həmin elektron kabinet üzərindən həyata keçirilir. O cümlədən, göndərilən yeni sənədlər və məlumatlar barədə vəkillər sms və e-poçt vasitəsilə də məlumatlandırılırlar.
Cari VKRH fəaliyyətə başladığı zamandan etibarən, vəkilliyə qəbulla bağlı sənəd qəbulu elektronlaşdırılmış və hazırda bu daha da təkmilləşdirilərək veb-sayt üzərində müvafiq platforma vasitəsilə də namizədlər onlayn qaydada sənədlərini göndərə biləcəklər.
ARVK Aparatı daxilində sənəd mübadiləsinin elektronlaşdırılması çərçivəsində vəkillərin şəxsi işləri də elektronlaşdırılaraq elektron baza yaradılır.
Digər tərəfdən, 2020-ci ildə pandemiya səbəbilə, karantin rejimi nəzərə alınmaqla "LegalAid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilmişdir.
Dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı isə, qərarlar mərkəzləşdirilmiş qaydada ARVK-nın HYTM-ə elektron qaydada göndərilir və bu qərarlar, həmçinin, HYTM-dən bürolara və fərdi vəkillərə şəxsi kabinet vasitəsilə də onlayn qaydada ötürülür.
Eyni zamanda, qeyd etmək istərdik ki, artıq ödənişsiz hüquqi yardımlar – yəni, “Pro Bono”lar ənənəvi qayda ilə yanaşı, həmçinin, onlayn formada da aparılır.
Bundan başqa, ötən dövrdə “Davamlı tədris üzrə” elektron platformalar vəkillərin istifadəsinə təqdim olunmuşdur.
Həmçinin, vəkil sorğularının elektron formada əldə olunması üzrə müvafiq qurumlar ilə hazırda işlər davam etdirilməkdədir.
Bununla yanaşı, yaxın gələcəkdə “Elektron vəkil orderi” platforması da istifadəyə veriləcəkdir.
Digər tərəfdən, Çinin “Huawei” şirkətinin rəhbərliyi ilə ARVK-da görüş keçirilmiş, innovativ texnologiyalarından vəkillərin istifadə perspektivlərinin stimullaşdırılması, habelə vəkillər üçün dəstək xarakterli tədbirlərin görülməsi və gələcək əməkdaşlığın möhkəmləndirilməsi üzrə planlar barədə fikir mübadiləsi edilmişdir.
ƏMƏKDAŞLIQ VƏ HÜQUQ İSLAHATLARINA DƏSTƏK
Martın 12-də Ali Məhkəmə və ARVK-nın birgə təşkilatçılığı ilə “Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda dəyirmi masa keçirilmiş və ARVK sədri, Ali Məhkəmənin sədr müavini, Kollegiya sədrləri və 30-dan artıq vəkilin iştirak etdiyi dəyirmi masada hakimlər və vəkillər arasında qarşılıqlı prosessual münasibətlər, bu sahədə rast gəlinən problemlər geniş təhlil olunmuşdur.
O cümlədən, "Elektron məhkəmə" informasiya sistemində yaranan bəzi texniki problemlər vəkillərimizin haqlı narahatlığına səbəb olmuş və bununla əlaqədar 01.11.2021-ci il tarixində ARVK, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının rəhbər şəxslərinin iştirakı ilə konfrans keçirilmişdir. Vəkillər tərəfindən verilmiş bütün təkliflərin, iradların ümumiləşdirilərək Ədliyyə Nazirliyinə göndərilmişdir.
Bundan əlavə, “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda keçirilmiş konfransda ARVK-nı təmsil etmiş vəkillər Əfqan Baxışov, Babək Həmidov və Pənah Məmmədov mövcud olan bəzi problemləri səsləndirmiş və təkliflərini təqdim etmişdirlər.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə ARVK rəhbərliyi arasında görüş keçirilib və vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsi üçün ARVK HYTM ilə əməkdaşlıq çərçivəsində birgə tədris proqramlarının təşkili məsələləri müzakirə olunub və bu istiqamətdə qurumlar arasında səmərəli əməkdaşlıq barədə razılığa gəlinib.
Məlum olduğu kimi, ARVK Mediasiya Şurasının həmtəsisçilərindən biridir və ARVK ilə Mediasiya Şurasının rəhbərliyi və 100-dən çox vəkil və mediatorun iştirakı ilə onlayn qaydada mövcud təcrübə və həllər ilə bağlı bir neçə onlayn görüşlər və tədbir keçirilmişdir.
Bundan əlavə, ölkədə mediasiyanın normal fəaliyyətinin təşkili üçün Mediasiya Şurasından ARVK-a ünvanlanmış müraciətə baxılmış və Rəyasət Heyətinin 04.11.2021-ci il tarixli qərarına əsasən, ianə verilməsi ilə bağlı müsbət qərar qəbul edilmişdir.
Prezidentin 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə ARVK-nın bir qrup üzvləri “Tərəqqi” medalı ilə də təltif edilmişlər.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən göndərilmiş xüsusilə ağır cinayətin aşkar olunması, cinayətkarın ifşa olunması istiqamətində xüsusilə fəallıq göstərməklə hüquq müdafiə fəaliyyətini yüksək peşəkarlıqla icra etmiş, vəkil adına şərəf gətirən əsl nümunəvi davranış sərgiləyən, hər hansı şəxsi mənafe güdmədən cəmiyyətimizin və dövlətimizin maraqları naminə prinsipial və cəsarətli xanım vəkillərimiz barəsində müraciətə baxılmış və dəyərli həmkarlarımız Sevda Məhərrəmovanın və Rövşanə Rəhimlinin fəxri fərmanla təltif edilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
Bundan başqa, ARVK və TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində 2021-ci aprel ayından etibarən ilk vaksinasiyalar üçün vəkillərə müvafiq yer və tibbi personal ayrılmışdır.
Eyni zamanda, 13 iyul 2021 tarixli iclasda Rəyasət Heyəti üzvlərinin “YAŞAT” Fonduna vəsait köçürməsi barədə qərar qəbul edilmişdir.
Digər tərəfdən, qanunumuzla müəyyən edilmiş Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyətinə aid olan məsələlərdən biri də metodik tövsiyələrin hazırlanması daxildir.
Belə ki, ARVK-nın dəstəyi ilə cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi məqsədilə “Vəkilin cinayət işində müdafiə fəaliyyəti” metodik vəsaiti hazırlanmış və pulsuz vəkillərin istifadəsinə verilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezidentin sərəncamına uyğun olaraq ARVK-nın dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab da nəşr edilərək vəkillərə və hüquq ictimaiyyətinə təqdim edilmişdir.
Həmçinin, ARVK üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Çingiz Məmmədovun “Vəkil məsləhətləri” toplusu da bu il işıq üzü görmüşdür.
Hər il olduğu kimi bu il də "Azərbaycan vəkili" jurnalının növbəti sayları işıq üzü görüb və jurnala istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar.
Digər tərəfdən, ötən ilin sonu-bu ilin əvvəllərində də UNICEF Azərbaycan və ARVK arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən ekspert, vəkil Rafiq Alışov tərəfindən “Uşaq hüquqlarının müdafiəsinə dair” təlimat, bundan başqa vəkil Akif Əlizadənin isə “Ailə hüquqlarının müdafiəsi. Ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ: nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti hazırlanmışdır. Dərs vəsaitinin rəyçiləri arasında Vəkillər Kollegiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov da yer almaqdadır.
Digər tərəfdən, bu il də Rəyasət Heyətinin qərarı ilə bir neçə yeni qaydalar, formalar və normativ sənədlər hazırlanmış və ya dəyişikliklər edilmişdir. Belə ki, bu il “Vəkil İcraatı (Dosyesi) Qayda”sı və “Vəkil köməkçiləri ilə bağlı Qayda” hazırlanmış, o cümlədən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi Qaydaları”nın müvafiq bəndlərinə dəyişiklik edilmişdir.
Sonda, bildirmək istərdik ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin Fərmanının icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən mülki və cinayət hüququ istiqamətləri üzrə 2 işçi qrup formalaşdırılmış və hər 2 qrupun hazırladığı geniş məzmunlu təkliflər paketi müvafiq orqanlara göndərilmişdir. O cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna bir çox dəyişikliklər edilməsi ilə bağlı əsas işlər artıq görülüb. Həmçinin, məlum olduğu kimi "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişiklərə əsasən, fiziki və ya hüquqi şəxslərin vəkilləri məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bundan başqa da, vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (CCBE, ICJ) səmərəli əməkdaşlıq çərçivəsində bu təşkilatların tövsiyələri ilə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməklə həmin sənədlər təkmilləşdirilmişdir.
VƏKİLLƏRƏ YARDIM
Rəyasət Heyətinin qərarları ilə, ötən dövr ərzində koronavirusdan və digər xəstəliklərdən əziyyət çəkən 18 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilmişdir.
Ümumiyyətlə, ötən dövrdə 95 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilmişdir.
Bundan başqa, 2-ci Qarabağ müharibəsində iştirak etmiş Vəkillər Kollegiyasının 9 üzvü 2021-ci il üzrə ödənilməli olan üzvlük haqqından azad edilmiş, hər birinə maddi yardım verilmiş, eyni zamanda Rəyasət Heyəti tərəfindən tibbi-sosial reabilitasiyası məqsədilə müalicəyə göndərilmişdirlər.
Digər tərəfdən də, ARVK dövlət orqanları ilə əməkdaşlıq və danışıqlar çərçivəsində hər zaman çalışır ki, vəkillərin peşə fəaliyyətini həyata keçirməsi üçün mövcud olan və ya yarana biləcək bütün problemlər aradan qaldırılsın. Hər il olduğu kimi də, bu il vəkillər ARVK-a müraciət edərək dövlət orqanlarında yaranmış suni maneələr və ya hansısa məsələ ilə bağlı narahatlıqlarını, iradlarını bildirmiş və bu məsələlərin həllində də ARVK öz dəstəyini əsirgəməmişdir.
SOSİAL AKSİYALAR, YARIŞMALAR
Qocalar və uşaqlar evinə tez-tez səfərlər, ətraf mühitin mühafizəsi üçün aksiyalar daim təşkil edilir, o cümlədən idman və elmi səhələrdə çoxsaylı yarışlar, müsabiqələr həyata keçirilir. Bunlara misal olaraq beynəlxalq və yerli futbol və şahmat turnirlərini, rəssamlıq, ədəbiyyat və bir çox bədii yaradıcılıq müsabiqələrini göstərə bilərik.
Cari ilə gəldikdə isə, ölkə vəkilləri dünyanı bürümüş koronavirus pandemiyasına rəğmən sağlam həyat tərzinin təbliğ və təşviqinə davam edirlər. Belə ki, ənənəyə sadiq olaraq bu il də Vəkillərin Futbol Liqası (VFL) start götürmüşdür. Bu ilki oyunlar ordumuzun və xalqımızın 44 günlük Vətən Müharibəsində qazandığı şücaətli Qələbəyə həsr edilmişdir. Hətta, VFL-nın iştirakçı komandaları təsis adlarına böyük Zəfərin şanlı səhifələrində keçən şərəfli adları da əlavə etmişdirlər. 3-cü VFL-nın iştirakçıları “Abşeron-Şuşa”, “Advokat-Xankəndi”, “Barrister –Cəbrayıl”, “Ədalət –Ağdam”, “Kəpəz-Murov”, “Lavyers – Ərgünəş”, “Veteranlar-Xudafərin”, “İnter-Laçın” və “Sumqayıt Regional – Qubadlı” vəkil futbol komandaları idilər.
Bu dəfə turnir ARVK ilə AFFA arasında olan razılaşmaya əsasən, sonuncunun tərəfdaşlığı ilə keçirilir. Bu səbəbdən də oyunları AFFA tərəfindən təyin edilmiş peşəkar hakimlər idarə edirdilər.
Həmçinin, ARVK-nın Vəkil Klubu tərəfindən 44 günlük şanlı Vətən Müharibəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” II Vəkil bədii yaradıcılıq müsabiqəsi də keçirilmişdir.
Bundan savayı, 29 may tarixində Azərbaycan və Gürcüstanın Müstəqillik Günləri ilə bağlı, hər iki ölkənin vəkilləri arasında I Beynəlxalq Şahmat turniri, daha sonra 28 dekabr "Vəkil günü” peşə bayramı ərəfəsində, 25-26 dekabr tarixlərində “II Vəkil Şahmat” yarışması təşkil olunmuşdur.
O cümlədən, Vəkillər Kollegiyası və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 28 dekabr –“Vəkil günü” münasibətilə “Vəkillik peşəsi uşaqların gözü ilə” adlı uşaq rəsm sərgi-müsabiqəsi keçirilməkdədir.
Digər tərəfdən, qocalar və uşaqlar evinə edilən səfərlər, region və Bakıda göstərilən pulsuz hüquqi yardımlardan əlavə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsələrində cəza çəkən məhkum qadınlar, o cümlədən onlarla birgə yaşayan 3 yaşadək azyaşlı uşaqlar və 3 yaşdan sonra analarından alınaraq müvafiq uşaq evlərinə təhvil verilən uşaqlar da daxil olmaq çoxsaylı görüşlər keçirilmiş və müxtəlif formalarda dəstəklər göstərilmişdir.
Bundan əlavə, silahlı münaqişə zamanı zərərçəkən və aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilmiş, UNICEF və “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən Vətən müharibəsi zamanı narahatlıq və qorxu keçirən şəxslərə psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində bir çox aksiyalar keçirilmişdir.
GƏNCLƏRƏ DƏSTƏK – Gənclərdə vəkil peşəsinə marağın artılması
Gənc hüquqşünasların vəkilliyə marağının artırılması da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu mənada ARVK bu il Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA), Milli Aviasiya Akademiyası ilə bağlanmış əməkdaşlıq sazişləri uğurlu təşəbbüs kimi qiymətləndirilə bilər və yaxın zamanda bənzər sazişlər “ADA” Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası ilə də imzalanacaqdır.
10 iyun 2021-ci il tarixində ARVK və DİA-nın birgə təşkilatçılığı ilə “Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilmişdir.
O cümlədən, aztəminatlı, ödənişli təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə ARVK tərəfindən təsis edilmiş “Əlimərdan bəy Topçubaşov” adına təqaüd verilir.
Bundan başqa, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi kitabxanası deputat Kamal Cəfərovun müraciəti və ARVK-nın maddi dəstəyi ilə təmir və yenidən bərpa edilir.
Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 29-30 iyun 2021-ci il tarixlərində ADA Universitetində Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə keçirilmiş və sədr Anar Bağırov və VKRH üzvü Turqay Hüseynov hakim qismində iştirak etmişdirlər.
Digər tərəfdən, ARVK ilə ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası)-nın Azərbaycan nümayəndəliyi arasında 2019-ci ildə imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq, bu il də ARVK gənclərə çoxsaylı layihələrində dəstək göstərmişdir. Belə ki, 16 may 2021-ci tarixində Ali Məhkəmədə sədr müavini Çingiz Əsgərov və digər 3 hakimin iştirakı, o cümlədən ARVK və ELSA Azərbaycanın birgə təşkilatçılığı ilə 10-cu Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi baş tutmuşdur.
3-5 dekabr tarixlərində isə, ELSA Azərbaycan təşkilatçılığı, Gənclər Fondunun, Ali Məhkəmənin və ARVK-nın dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində 3 günlük konfrans və təlimlər ARVK sədri və üzvləri tərəfindən keçirilmişdir.
Bunlarla yanaşı, il boyunca çoxsaylı təlimlər, seminarlar, vebinarlar, məhkəmə müsabiqələri və simulyasiyalarında da vəkillər təlimçi kimi aktiv iştirak etmişdirlər.
Eyni zamanda, ELSA üzvləri müraciət edərək vəkil qurumlarında istənilən zaman təcrübə keçirlər.
Digər tərəfdən, universitetlərin daxili tədbirləri zamanı da, o cümlədən ayrı-ayrı gənclərə müxtəlif sahələrdə də dəstək hər zaman göstərilir.
Sonda qeyd etmək istərdik ki, bu il ARVK sədri Anar Bağırov "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlərindən biri seçilmiş və müsabiqə qaliblərindən biri Orxan Qazı zadə bir illik fərdi inkişaf-mentorluq proqramı çərçivəsində A.Bağırov ilə təcrübə keçməkdədir.
DÖVLƏT HESABINA HÜQUQİ YARDIM FƏALİYYƏTİ
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən birbaşa Vəkillər Kollegiyasına ayrılması təmin edilir.
Bu məqsədlə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin 2020-ci il 30 dekabr tarixli Fərmanı ilə 2021-ci ilin dövlət büdcəsində Vəkillər Kollegiyasına 4 518 000,0 manat vəsait ayrılmışdır.
Vəkillər Kollegiyası tərəfindən 2021-ci il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin edilmişdir.
Belə ki, 2021-ci ilin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcılığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr) tərəfindən qəbul edilmiş və dövlət hesabına hüquqi yardıma görə haqqın vəkillərə ödənişini nəzərdə 29 353 qərar üzrə 4 513 768,08 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 73 vəkil qurumuna və 43 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 914 vəkilə ödənişi təmin edilmişdir.
Qeyd edək ki, əvvəlki büdcə ili ilə müqayisədə (2020-ci il ərzində xüsusi karantin rejimi ilə əlaqədar vəkillərə ödənişlə bağlı müvafiq qərarların qəbulunda və həmin qərarların icra üçün təqdim edilməsində müşayiət olunan ləngimələr, habelə 2020-ci ilin 19 noyabr tarixinədək Vəkillər Kollegiyası tərəfindən vəkilə yalnız dövlət hesabına ödənişi nəzərdə tutan məhkəmə qərarlarının icranın təmin edilməsi, 2020-ci ilin 19 noyabr tarixindən başlayaraq isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə məhkəmədən başqa, cinayət prosesini həyata keçirən digər orqanlara da dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənişi nəzərdə tutan qərarların qəbul edilməsi səlahiyyətinin verilməsi ilə qərarların qəbulunda artımın nəzərə çarpacaq dərəcədə artması) 2021-ci ildə icra vəziyyətində faiz nisbətinin əsaslı surətdə artması ilə müşayiət olunmuş və ayrılmış vəsaitin xərclənmə faizi 99,91% faiz təşkil etmişdir.
Digər tərəfdən qeyd etmək istərdik ki, cari ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin vəkil bürolarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə iclas və görüşləri keçirilmiş və 2020-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili, bu sahədə mövcud problemlər və gələcək prespektivlər və s. mövzuları müzakirə olunmuşdur.
HÜQUQİ YARDIM VƏ TƏDRİS MƏRKƏZİ TƏRƏFİNDƏN SON 1 İLDƏ GÖRÜLƏN İŞLƏR:
ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM - STATİSTİKA:
- 2021-ci il üzrə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədrsi Mərkəzində (bundan sonra “HYTM”) 472 müraciət qeydiyyata alınmışdır.
01.2021 — 20 kişi, 8 qadın - 28 nəfər
02.2021 — 17 kişi, 14 qadın - 31 nəfər
03.2021 — 29 kişi, 16 qadın - 45 nəfər
04.2021 — 42 kişi, 16 qadın - 58 nəfər
05.2021 — 22 kişi, 14 qadın - 36 nəfər
06.2021 — 23 kişi, 18 qadın - 41 nəfər
07.2021 — 21 kişi, 13 qadın - 34 nəfər
08.2021 — 30 kişi, 24 qadın - 54 nəfər
09.2021 — 29 kişi, 20 qadın - 49 nəfər
10.2021 — 19 kişi, 19 qadın - 38 nəfər
11.2021 — 22 kişi, 16 qadın - 38 nəfər
12.2021 — 13 kişi, 7 qadın - 20 nəfər
Cəmi: 185 qadın, 287 kişi
Bu müraciətlərdən
Şifahi (birbaşa): 344
Şifahi (onlayn): 73
Yazılı hüquqi yardım: 55
2. Əlavə olaraq, şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi haqqında Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, 61 şəhid ailəsi və qazi müraciəti qeydiyyata alınıb, onlara hüquqi yardım göstərilmişdir.
Bunlardan: 33 şəhid ailəsi, 28 qazi.
3. Vətəndaşlardan və digər dövlət qurumlandırılan ARVK-a ünvanlanan 133 müraciət hüquqi yardım göstərilmək üçün aidiyyəti üzrə vəkil qurumlarına yönləndirilmişdir.
ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM AKSİYALARI:
- 05 iyun, 12 avqust, 23 sentyabr, 12 noyabr 2021-ci il tarixlərində Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və ARVK-nın dəstəyi ilə “Pro Bono” və "Femida" Vəkil Bürosunun vəkilləri tərəfindən Sabirabadda ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilmişdir;
- 12 iyun 2021-ci ildə Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü və ARVK-nın dəstəyi ilə 2 saylı Vəki Bürosunun vəkilləri tərəfindən Biləsuvardan olan vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilmişdir;
- 23 iyul 2021-ci ildə Milli Məclisin deputatı Şahin Seyidzadənin təşəbbüsü və ARVK-nın dəstəyi ilə Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən Abşeron və Qobustan rayonlarının sakinlərinə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir;
- 2 dekabr 2021-ci ildə Milli Məclisin sədr müavini Adil Əliyevin təşəbbüsü ilə ARVK-nın dəstəyi ilə "Arbitrium" Vəkil Bürosunun vəkilləri tərəfindən Nərimanov rayonunda ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir;
- Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bu il 6 dəfə müxtəlif ödənişsiz hüquqi yardım aksiyaları həyata keçirilmişdir;
- 28 dekabr 2021-ci ildə Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə 6 saylı Vəkil Bürosunun vəkilləri Bakı şəhəri, Nizami rayonu ərazisində ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilmişdir;
- UNICEF və “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən Vətən müharibəsi zamanı narahatlıq və qorxu keçirən şəxslərə psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində 23 may və 17 iyul 2021-ci il tarixlərində Mingəçevir və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Goranboy rayonu Aşağı və Yuxarı Ağcakənd kəndlərində, Tərtər rayonunun Hüsənli kəndində silahlı münaqişə zamanı zərərçəkən və aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilmişdir.
DÖVLƏT HESABINA HÜQUQİ YARDIM
Dövlət vəsaiti hesabına göstərilən hüquqi yardımın daha da səmərəli və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi məqsədilə Rəyasət Heyətinin müvafiq qərarına əsasən, “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” qaydalarına dəyişikliklər edilərək, həmin qərarlar icra edilməsi üçün Bakı şəhərində fəaliyyət göstərən məhkəmələr tərəfindən HYTM-ə göndərilir. Eyni zamanda, HYTM tərəfindən vəkil qurumlarının iş yükü və dövlət hesabına hüquqi yardım göstərən vəkillərin sayı nəzərə alınmaqla Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumları arasında ədalətli və çevik qaydada bölüşdürülməsi uğurla həyata keçirilir.
- Bakı Apellyasiya Məhkəməsi (iyun ayından bu günə qərar) 777 qərar;
- Bakı Hərbi Məhkəməsi ( iyul ayından bu günə qərar) 233 qərar;
- Bakı Ağır Cinayətlər Məhkəməsi ( avqust ayından bu günə qədər) 483 qərar;
- Ali Məhəkəmə ( 2021-ci ilin əvvəlimdən) 387 qərar;
- Bakı şəhərinin rayonlarının məhkəmələri (sentybardan başlayaraq) 1711;
Cari il ərzində 3591 qərar icra edilməsi üçün HYTM-ə göndərilmişdir. Həmin qərarlar ərazi aidiyyəti üzrə bürolarda dövlət hesabına hüquqi yardım göstərən vəkillərin sayına və büronun iş yükünə uyğun olaraq bölünmüşdür.
TƏDBİRLƏR:
- 4 iyun 2021-ci ildə ARVK HYTM-nın təşkilatçılığı ilə “Sahibkarlıq və hüquqi yardım” mövzusunda dövlət və digər orqanların nümayəndələrinin, vəkillərin və sahibkarların iştirakı ilə onlayn qaydada dəyirmi masa keçirilmişdir;
- 9 iyul 2021-ci ildə ARVK HYTM-nın təşkilatçılığı ilə Milli Məclis, Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Ombudsman aparatının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Ankara Barosunun, “PASHA Holding”in, “Baku White City” layihəsinin, “YENİ HAYAT” Şirkətlər Qrupunun və digər dövlət və qeyri-dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak ilə “Çoxmənzilli binaların idarə olunmasına vəkil baxışı (yerli və beynəlxalq təcrübə)" mövzusunda böyük tədbir keçirilib;
- Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Şurasının HELP proqramı üzrə “Avropa İnsan Hüququları Məhkəməsi və Avropa İnsan Hüquqları Konvensiyasına giriş” mövzusunda onlayn qaydada HELP distant kursu təşkil edilmiş və kursda 20 vəkil iştirak etmişdir;
- 16-18 noyabr 2021-ci ildə vüçün Avropa Şurasının Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən Kibercinayətkarlığa qarşı əməkdaşlığa dair Octopus konfransının sonuncu buraxılışı təşkil edilmişdir;
- 25-26 noyabr 2021-ci ildə “Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi çərçivəsində Təlimlər keçirilmişdir;
- 10 dekabr 2021-ci ildə Avropa Şurasının Bakı Ofisi tərəfindən İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi haqqında vəkillərin dövlət və qeyri-dövlət orqanlarının nümayəndələrinin, eləcə də tələbələrin birgə iştirakı ilə onlayn qaydada təqdimat təşkil edilmişdir. Təlimdə 100-ə yaxın vəkil iştirak etmişdir.
Digər tərəfdən, 2021-ci ildə ARVK ilə Ədliyyə Akademiyası uzun illərdir əməkdaşlıq etsə də, yeni yaranmış HYTM isə bu ildən etibarən əməkdaşlığa başlamış və bu çərçivədə 5 təlim (19 gün) təşkil edilmişdir.
Ali Məhkəməsi və ARVK tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində isə, Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş 4 dəyirmi masa təşkil edilmidir: Tədbirdə vəkillərlə hakimlər birgə iştirak etmişdir.
ƏDLİYYƏ AKADEMİYASI İLƏ BİRGƏ ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ AŞAĞIDAKI TƏLİMLƏR KEÇİRİLMİŞDİR:
- 9-11, 14, 16-18 və 21-25 iyun tarixlərində “Mübahisələrin alternativ həlli və mediasiya məsələləri” mövzusunda marifləndirmə təlimləri təşkil edilmişdir. Təlimlərfə 250-dən çox vəkil iştirak etmişdir;
- 27 may 2021-ci ildə “Prosessual sənədlər-çağdaş tələblər” mövzusunda təlim;
- 31 may 2021-ci ildə “Prosessual sənədlər-çağdaş tələblər” mövzusunda növbəti cari təlim;
- 24, 27 və 28 sentyabr tarixlərində “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklər” mövzusunda ixtisasartırma kursu təşkil edilmişdir. Təlimdən 100-dən çox vəkil iştirak etmişdir;
- 11 və 18 oktyabr 2021-ci il tarixində “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda təlimi təşkil edilmişdir. Təlimdən 100-dən çox vəkil iştirsk etmişdir;
- 11, 16, 18, 23 Noyabr 2021-ci il tarixində Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin təlimçi kimi iştirakı ilə “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda Sumqayıt, Şəki, Şirvan və Gəncə Apellyasiya Məhkəmələrinin yurisdiksiyalarına aid olan regionlar üzrə ixtisasartırma təlimləri keçirilmişdir. Təlimlərdə 198 vəkil iştirak etmişdir;
- 24 noyabr 2021-ci ildə ARVK, Azərbaycan Banklar Assosiasiyası və Mediasiya Şurası bank mübahisələrinin mediasiya perspektivlərinə və mövcud problemlərin müzakirəsinə həsr edilmiş görüş keçiriblər;
- 25 və 26 noyabr 2021-ci il tarixlərində müvafiq olaraq Şəki və Gəncə şəhərlərində Şəki və Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazilərdə fəaliyyət göstərən vəkillər, sahibkarlar, hüquqşünaslar və mediatorların iştirakı ilə "Mediasiya və perspektivləri" mövzusunda seminarlar keçirilmişdir;
- 3 dekabr 2021-ci ildə ARVK üzvləri üçün “Korrupsiyaya qarşı mübarizə beynəlxalq və milli qanunvericilikdə. Maraqların toqquşması və onun qarşısının alınması üzrə tədbirlər” və “İnsan alveri qurbanlarına kompensasiya və müavinətlərin ödənilməsi” mövzusunda onlayn qaydada ixtisasartırma kursları təşkil edilib;
- 20 dekabr 2021-ci ildə “Beynəlxalq humanitar hüququn əsasları və bu sahədə pozuntulara dair addımlar” və “Vəkillərin hüquqi yazı bacarıqlarının təkmilləşdirilməsi. Hüquqi yazı texnikası” mövzusunda təlimlər təşkil edilmişdir;
- 24 dekabr 2021-ci ildə “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq məsələləri” üzrə təlim təşkil edilmişdir.
ALİ MƏHKƏMƏ İLƏ BİRGƏ İLƏ BİRGƏ ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ AŞAĞIDAKI TƏLİMLƏR KEÇİRİLMİŞDİR:
- 21 iyun 2021-ci ildə “İnzibati məhkəmə icraatının aktual problemlərinə dair” ilk müzakirə keçirilib;
- 25 iyun 2021-ci ildə “İnzibati məhkəmə icraatında sübutların toplanması: tərəflərin və məhkəmənin üzərinə düşən vəzifələr” adlı növbəti müzakirə keçirilib;
- 02 iyul 2021-ci ildə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyü” adlı müzakirə keçirilib.
- 09 iyul 2021-ci ildə “Məhkəmənin yardımetmə vəzifəsi və proses iştirakçılarının dinlənilmə hüququ” adlı sonuncu müzakirə keçirilib.
ELSA AZERBAIJAN İLƏ ƏMƏKDAŞLIQ
- 26-27 avqust 2021-ci il tarixlərində ARVK-nın dəstəyi ilə HYTM-də ELSA Azərbaycan tərəfindən “Biznes və İnsan hüquqları” mövzusunda təlim keçirilmişdir;
- 2-3 oktyabr 2021-ci il tarixlərində ARVK-nın dəstəyi ilə HYTM-də ELSA Azərbaycan tərəfindən "Korperativ hüquq" mövzusunda təlim keçirilmişdir.
GÖRÜŞLƏR:
- 9 aprel 2021-ci ildə HYTM-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə üçün ikitərəfli görüş keçirilmişdir;
- 28 sentyabr 2021-ci ildə “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi üzrə əsas ekspert Mark Seqal ilə HYTM-də ikitərəfli görüş keçirilmişdir.
SERTİKATARIN TƏQDİMEDİLMƏSİ
- 12 iyul 2021-ci ildə “HELP” (Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) üzrə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya və Avropa Məhkəməsinə giriş” mövzusunda Avropa Şurasının, Ali Məhkəmənin və ARVK-nın birgə təlimləri üzrə kursun yekun görüşü və kursu müvəffəqiyyətlə başa vurmuş təlim iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.
- 25 may 2021-ci il tarixində HYTM-nin təşkilatçılığı ilə vəkil köməkçiləri üçün ilk dəfə 30.11.2020-04.12.2020 tarixində keçirilmiş təlimin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi təşkil olunmuşdur.
Sonda bildirmək istərdik ki, yuxarıda qeyd olunanlar vəkillik sahəsində son 1 ildə pandemiya şəraitində görülmüş işlərin müəyyən hissəsini əhatə etməsinə baxmayaraq, Vəkillər Kollegiyası öz missiyasına sadiq qalmaqla insanlarımıza xidmət, qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.