12 yanvar tarixində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (Vəkillər Kollegiyası) birgə təşkilatçılığı ilə “İntizam məsələləri – peşə sirri və vəkillərin ifadə azadlığı” mövzusunda vebinar keçirilmişdir.
Vebinara Zoom platforması üzərindən birbaşa 204 iştirakçı qoşulmuş və həmin vebinar “Facebook” sosial şəbəkəsində də canlı yayımlandığı üçün 500-dən artıq iştirakçı da buradan izləyə bilmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən sədr Anar Bağırov Vəkillər Kollegiyası və CCBE arasında əməkdaşlıq çərçivəsində birgə fəaliyyəti, Kollegiyanın son 4 ildə gördüyü işləri, CCBE-yə üzvlüyə qəbulla bağlı prosesin davam etdiyini, normativ sənəd layihələrinə CCBE ekspertləri tərəfindən təqdim edilmiş rəylərin əhəmiyyətini, vebinarın mövzusu – peşə sirri və ifadə azadlığının vəkillərin cəmiyyətdə olan nüfuzuna təsirini vurğulamış, o cümlədən CCBE-nin rəhbərliyini Bakıda və Kollegiyada görməkdən məmnun olacağını bildirmişdir.
Həmçinin, CCBE-nin vitse-prezidenti Pyer-Dominik Şup çıxış edərək CCBE barədə iştirakçıları məlumatlandırmış, təşkilatın əsas fəaliyyət istiqamətlərinə aid olan qanunun aliliyinin müdafiəsinin, insan hüquq və azadlıqlarının qorunmasının və vebinarın mövzusu olan peşə sirri və vəkillərin ifadə azadlığının müasir dövrdə xüsusi maraq kəsb etdiyini azərbaycanlı iştirakçıların diqqətinə çatdırmışdır.
Daha sonra, layihənin moderatorları Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov və CCBE-in PECO komitəsinin rəhbəri Roman Zavrşek tədbirin gündəliyinə uyğun olaraq, sözü Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Şahmar Məmmədov və sədr müavini İlhamə Həsənovaya vermişdirlər. Spikerlər Azərbaycanda vəkillər üçün intizam qaydaları, peşə sirri və vəkillərin ifadə azadlığı ilə bağlı mövcud qanunvericilik barədə təqdimatla çıxış etmişdirlər.
Vebinarda ekspert qismində CCBE-in İntizam Komitəsinin nümayəndəsi Jan-Lui Joris çıxış edərək intizam sahəsində CCBE tərəfindən qəbul edilmiş “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya”, “Avropa vəkillərinin davranış Kodeksi” və yaxın zamanda qəbul olunmuş “Model davranış Kodeksi” haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.
Daha sonra, Brüssel Vəkillər Kollegiyasının keçmiş prezidenti, Flemiş Vəkillər Kollegiyası direktorlar şurasının intizam üzrə məsul sabiq üzvü Aleks Tallon, Sloveniya Vəkillər Kollegiyasının prezidenti Janez Starman, Gürcüstan Vəkillər Kollegiyasının idarə heyətinin üzvü İrakli Kandaşvili, Toruń Vəkillər Kollegiyasında Vəkillər üçün Rayon İntizam Məhkəməsinin sədri Piotr Xıştonoviç mövzu ilə bağlı milli təcrübələrini paylaşmışdırlar.
Vebinarın son hissəsində iştirakçılar tərəfindən ünvanlanan suallar ekspertlər və əcnəbi həmkarlar tərəfindən cavablandırılmışdır. Sonda, qapanış nitqi ilə çıxış edən Anar Bağırov və Pyer-Dominik Şup tədbir iştirakçılarına təşəkkür etmiş və bu qəbildən tədbirlərin davamlı olacağını qeyd etmişdirlər.
Qeyd edək ki, Zoom platforması üzərindən keçirilən vebinar, daha çox izləyiciyə çatımlılıq baxımından Vəkillər Kollegiyasının bütün sosial şəbəkə hesablarında da yayımlanmışdır. Mövzu ilə bağlı maraqlı şəxslər vebinarın videosunu istənilən zaman həmin platformalardan əldə edə bilərlər.