Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Elan: ödənişsiz hüquqi yardım göstərmək istəyən vəkillərin vahid reyestri

13 yanvar 2022    3923 share share

Hörmətli vəkillər!
 
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində, regionlarda və müxtəlif sosial ünvanlarda  aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım həyata keçirilmişdir. Bu müddət ərzində 25 000-dən artıq belə şəxslərə ödənişsiz hüquqi yardım göstərilmiş və hal-hazırda da göstərilməkdə davam edir.   
 
Həmin Sərəncamdan və Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanından irəli gələrək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Hüquqi Yardım və Tədris Mərkəzi yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamışdır. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsindən və Rəyasət Heyətinin tapşırıqlarına uyğun olaraq ödənişsiz hüquqi yardımın digər ünvanlarda təşkil edilməsindən ibarətdir. 2021-ci il ərizndə Mərkəz tərəfindən 500 müraciət üzrə ödənişsiz hüquqi yardım göstərilmiş və Milli Məclisin deputatlarının təşəbbüsü ilə Bakı şəhərində və regionlarda aztəminatlı şəxslərə hüquqi yardımların göstərilməsi təşkil edilmişdir. Beynəlxalq təcrübədə də ödənişsiz hüquqi yardımın həyata keçirilməsində vəkillər böyük həvəslə iştirak edirlər. 
 
Ödənişsiz hüquqi yardımın daha da səmərəli təşkil edilməsi və bu sahədə göstərilən hüquqi yardımın keyfiyyətinin daha da artırılması məqsədilə, Rəyasət Heyətinin 13 yanvar 2022-ci il tarixli qərarına əsasən, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərmək arzusunda olan vəkillərin vahid reyestrinin yaradılması məqsədə uyğun hesab edilmişdir. Həmin vəkillər Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən göstərilən, eləcə də Bakı şəhərində, regionlarda və sosial ünvanlarda həyata keçirilən ödənişsiz hüquqi yardıma cəlb ediləcəklər. Hər ilin sonunda ödənişsiz hüquqi yardımın həyata keçirilməsində fərqlənən vəkillər Rəyasət Heyəti tərəfindən xüsusi olaraq mükafatlandırılacaq və onlar barəsində müəyyən imtiyazlar tətbiq ediləcəkdir.
Ödənişsiz hüquqi yardım keçirmək arzusunda olan vəkillər Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin legalaid.training@barassociation.az elektron poçt ünvanına  30 yanvar 2022-ci ildən gec olmayaraq müraciət edərək qeydiyyatdan keçə bilərlər.
 
Əlaqələndirici şəxs: Vəkil Nurəngiz Qarayeva
Əlaqə vasitəsi: +99412-594-9985,