Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimi baş tutub

08 dekabr 2021    962 share share

08.12.2021-ci il tarixində “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimi baş tutub.
 
Açılış mərasimində Vəkillər Kollegiyasının rəhbərliyi, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin rəhbərliyi, məhkəmə-hüquq sisteminin əməkdaşları iştirak ediblər.
 
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları vəkilliyin uğurlu inkişafında da özünü biruzə verir.
 
"Son illər ərzində həm Bakıda, həm regionlarımızda xeyli sayda yeni vəkil büroları açılıb. Son 3 il ərzində vəkil bürolarının sayı 3 dəfə artıb. Hazırda ölkəmizdə 110 vəkil bürosu fəaliyyət göstərir. Vəkillərin sayı 2,5 dəfə artıb. Bu gün Azərbaycanda 2 mindən çox vəkil fəaliyyət göstərir. Bu müsbət tendensiya davam edir. Yeni vəkil bürolarında bütün müasir şərait yaradılıb. Vəkillərin vətəndaşlarla konfidensial şəraitdə görüşməsinə şərait yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə keyfiyyətli, peşəkar, yüksək ixtisaslı hüquqi yardım sahəsində çox böyük irəliləyiş var", - deyə o qeyd edib.
 
Daha sonra çıxış edən millət vəkili Bəhruz Məhərrəmov deyib ki, bu gün Azərbaycan vəkilliyinin siması dəyişib, nüfuzu artıb: "Azərbaycan vəkilliyi bütün tendensiyalara uyğun şəkildə inkişaf edir. Burda təkcə büro açılmayıb, eyni zamanda vəkillik tarixinə, müasirliyinə bir çağırış var. Mən bu büroya uğurlar arzu edirəm".
 
Millət vəkili Əminə Ağazadə də çıxış edərək son illər Vəkillər Kollegiyasının əldə etdiyi uğurlardan danışıb: “Çəkişmə prinsipinin həyata keçirilməsində vəkillərin müstəqil olması mühüm rol oynayır. Bu gün hörmətli Anar müəllim Bağırovun sədrliyi ilə bu sahədə mühüm irəliləyişlər əldə olunub. Arzu edirəm ki, vəkillik hər zaman cəmiyyətimizdə aparıcı qurumlardan olsun. Mən qanunvericilik orqanının nümayəndəsi kimi seçicilərimizə göstərilən keyfiyyətli hüquqi yardıma görə vəkillərimizə təşəkkür edirəm. Bizə hər zaman təmənnasız hüquqi yardımın göstərilməsində kömək edirlər”.
 
Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova isə deyib ki, görülən bu müsbət işlər Azərbaycan vətəndaşlarına keyfiyyətli hüquqi xidmət göstərmək üçündür: "Eyni zamanda bu, Vəkillər Kollegiyasının uğurlarıdır. Həqiqətən də Kollegiya böyük işlər görüb. Arzu edirəm ki, Azərbaycanda belə möhtəşəm bürolardan çox olsun".
 
Tədbirdə Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev də çıxış edib. O, çıxışında deyib ki, Anar Bağırov Vəkillər Kollegiyasının rəhbəri seçiləndən sonra vəkilliyin intibah dövrü başlayıb. Onun sözlərinə görə, bu gün vəkilliyin statusunun artmasının nəticəsidir ki, bu cür bürolar açılıb.
 
“Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Şaiq Mirzəyev də çıxışında büronun rəhbərliyinə və əməkdaşlarına uğurlar arzulayıb: "Əvvəllər vəkilliyə o qədər də maraq yox idi. Hüquqşünaslar daha çox hüquq-mühafizə orqanlarında işləməyə can atırdı. Amma indi vəkillik institutunun inkişafı bu sahəyə marağı artırıb. Hörmətli Anar müəllimin sədrliyi ilə bu sahədə çox böyük işlər görülüb. Anar Bağırov kimi sədrimizin olması biz vəkillərdə peşəmizə sevgi və əminlik yaradır. Kamandar müəllim isə vəkillər üçün bir nümunədir. O çox peşəkar vəkildir. Mən Kamandar müəllimə və onun kollektivinə uğurlar arzulayıram".
 
Mediasiya Şurasının sədri Nadir Adilov da çıxışında Azərbaycan vəkilliyinin hazırkı nüfuzundan danışaraq, rəhbəri olduğu quruma Vəkillər Kollegiyasının dəstəyini yüksək qiymətləndirib. O, yeni büronun kollektivinə uğurlar arzu edib.
 
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov da son illərdə vəkillik sahəsində çox ciddi irəliləyişlər əldə olunduğunu deyib: "Anar Bağırovun sədrliyi ilə Vəkillər Kollegiyasının həyata keçirdiyi işlər Azərbaycanda vəkillik institutunun nüfuzunu artırıb. Bu işlər sırasında müasir tələblərə cavab verən vəkil bürolarının açılmasını da qeyd etmək lazımdır. Çünki burada vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün lazım olan bütün şərait yaradılıb".
 
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Şaiq Mirzəyev və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibov Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov tərəfindən Azərbaycan və Ukrayna vətəndaşlarının hüquqlarının qorunmasında xidmətlərinə görə "Ədalət" ordeni ilə təltif olunublar.
 
Qeyd edək ki, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu 2021-ci ilin aprel ayından etibarən yeni ofisində fəaliyyət göstərir. Büronun rəhbəri və təsisçilərindən biri tanınmış vəkil və 1993-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur.
 
Vəkil Bürosunun yaradılmasının məqsədi peşəkar vəkillər və xüsusilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni üzv olmuş gənc vəkil və hüquqşünasların fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasıdır. Belə ki, müasir və minimalist dizayna malik olan yeni ofisdə müasir texnoloji avadanlıqlarla yanaşı, 25-dən çox vəkil və onların köməkçiləri üçün iş kabinetləri və fəaliyyətlərini həyata keçirmək üçün tələb olunan bütün şərait mövcuddur. Yeni tikilmiş binada yerləşən KNP Vəkil Bürosunun dizaynı tanınmış arxitektor tərəfindən xüsusi olaraq Büronun fəaliyyət növünün özəllikləri nəzərə alınmaqla yaradılıb.
 
İki mərtəbədən ibarət olan ofisdə vəkil kabinetləri, kiçik və böyük iclas otaqları, müştərilər və qonaqlar üçün gözləmə zonaları, arxiv, hər mərtəbədə mətbəx, dincəlmə otaqları və muzey yaradılıb. Kabinet və iclas otaqları müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub. İclas otaqlarında video konfrans, təlim, təqdimat, offlayn və onlayn iclasların keçirilməsi üçün audio və video konfrans imkanı olan müasir, yüksək keyfiyyətli audio avadanlıq, əllə toxunuluşlu (touch screen) və qələmli lövhə funksiyalı böyük ölçülü monitorlarla təhciz olunub. Belə bir Vəkil Bürosunun yaradılması Azərbaycanda ilk dəfə həyata keçirilir.
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə ofisdə Dünya Vəkillik tarixinin simvolu olan “Dünya Vəkil Cübbələri Muzeyi” yaradılıb və dünyanın müxtəlif ölkələrindən Vəkil cübbələri (Mantiya) gətirilib. Muzeydə olan Cübbələr müxtəlif ölkələrin Vəkil Kollegiyaları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Səfirlikləri və xarici ölkələrdə yaşayan həmyerlilərimizin dəstəyi və səyi nəticəsində əldə edilib. Muzey gənc hüquqşunaslar və tələbələr üçün əhəmiyyətli məlumat mənbəyi olacaq. Dekabr ayının 17-28 tarixləri arasında Muzey Mərkəzində Dünya Vəkil Cübbələri sərgisi keçiriləcək. Gələcəkdə isə sərbəst fəaliyyət göstərən Vəkil, Hakim Cübbələri və vəkillik simvolikalarından ibarət Muzeyin yaradılması planlaşdırılıb.
 
Qeyd olunanlarla yanaşı, büronun tərkibində Balıqqulağı (Sea shells) muzeyi də fəaliyyət göstərir. Büronun əməkdaşlarının dincəlməsi üçün “okean dərinliklərinə” baş vuraraq, dəniz səsini dinləyərək mənəvi dincəlmək imkanı olacaq. Muzeyin kolleksiyasında 10 minə yaxın eksponat yerləşir. Muzeydə yerləşən böyük monitorda okean dərinliklərinin sirli dünyası ilə tanışlıq 8K videosu nümayiş olunur.