Bugün Vəkillər Kollegiyasının ən yaşlı üzvü və Azərbaycan Respublikasının Fəxri vəkili Eleonara Rəcəbova vəfat etmişdir.
Eleonora Rəcəbova 6 aprel 1933-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Eleonora xanım 1955-ci ildə Azərbaycan Dövlət Universitinin Hüquq fakultəsindən məzun olmuş və elə həmin il Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olmuşdur.
Eleonora xanım 1955-1967-ci illərdə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərmiş, 1970-ci ildən həmin hüquq məsləhətxanasının sədr müavini vəzifəsini icra etmişdir. Daha sonra, 1994-cu ildən vəfatınadək Bakı şəhəri 5 saylı vəkil bürosunun müdiri vəzifəsində çalışmışdır. 1995-2004-cü illər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 2005-2010-cu illərdə Vəkillərin İxtisas Komissiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü olmuşdur.
14 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikasında vəkillik institunun inkişafına töhfəsinə görə “Fəxri vəkil” adına və müxtəlif illərdə Fəxri Fərmanlar, Təşəkkürnamə və “Yubiley döş nişanı”na layiq görülmüşdür.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 4 aprel 2018-ci il tarixli qərarı ilə Eleonora Rəcəbova səmərəli fəaliyyəti və peşəkar təşkilatçılıq bacarığına görə, o cümlədən 85 illik yubileyi münasibətilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2380 nömrəli Sərəncamı ilə Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Eleonora xanımın Azərbaycanda vəkillik peşəsinin nüfuzunun artırılmasına və vəkilliyin inkişafına töhfəsi danılmazdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından onun ailəsi və yaxınlarına baş sağlığımızı çatdırır və səbr diləyirik.