Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Deputat: "Azərbaycanda vəkillik institutunun inkişafının şahidi oluruq"

21 fevral 2022    1335 share share

"Azərbaycanda vəkilliklə bağlı vəziyyət müsbət istiqamətdə dəyişir. Belə ki, biz yeni vəkil bürolarının açılması, ölkəmizdə vəkillik institutunun inkişafının şahidi oluruq".
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
 
O qeyd edib ki, çoxsaylı qadın vəkillərin vəkillik fəaliyyəti ilə məşğul olması sevindirici haldır: "Çünki mən həm Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, həm də bir qadın kimi Azərbaycan xanımlarının aktiv olmasını, eyni zamanda vəkillik sahəsində irəli getməsini görəndə çox sevinirəm. Belə bir stereotip vardı ki, vəkillik qadın işi deyil, qadınlar burada uğur qazana bilməz. Ancaq ildən-ilə qadın vəkillərin sayı artır".
 
Millət vəkili bildirib ki, Azərbaycanda peşəkar vəkillərə tələbat daha da artacaq: "Təbii ki, indi dünya dəyişir və rəqəmsal dünyaya doğru gedirik. Bu o deməkdir ki, bizdə bir çox peşələrdə xüsusi dəyişikliklər olacaq. Hesab edirəm ki, vəkillik də bu sahələrdən biridir ki, burada avtomatlaşdırma çox olduğu üçün, peşəkarlara tələbat daha da artacaq. Təbii ki, vəkillərimiz işi asan deyil, çətindir. Deyə bilərəm ki, deputat kimi biz vətəndaşlarla daim ünsiyyətdə oluruq. Görürük ki, onlar bəzən hüquqlarını və hüquqi xidmətin nədən ibarət olduğunu bilmirlər. Bu baxımdan vəkillərin onlara dəstək olmasına böyük ehtiyac var. Məni sevindirən bir məqam da odur ki, deputat həmkarlarım daim vəkillərlə təmasdadırlar və vəkillər təmənnasız olaraq onların seçicilərinə hüquqi yardım göstərir".