Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq

30 aprel 2018    6815 share share

Azərbaycan hüquq ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli vəkil, Azərbaycanın “Əməkdar hüquqşünas”ı, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri Tağıyev Azər Cabir oğlu uzun sürən xəstəlikdən sonra, 2018-ci il aprelin 30-da, ömrünün 71-ci ilində vəfat etmişdir.

Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.

1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlayan Azər Tağıyev öz ömrünü bütünlüklə Azərbaycan vəkilliyinə həsr etmişdir.

Onun fəaliyyəti daim yüksək qiymətləndirilmiş, keçən əsrin 80-ci illərinin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 80-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir.

2004-cü ilin 3-4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və 2017-ci ilin sonuna qədər səriştəli təşkilatçı kimi Kollegiyaya rəhbərlik etmişdir.

Eyni zamanda, Azər Tağıyevin hüquqşünas kimi peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və ictimai nüfuzu nəzərə alınaraq, o, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir.

Azər Tağıyevin məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Fərmanı”, “Fəxri Diplomu” ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Hüquq Doktoru” və “Fəxri Vəkil”i adları verilib, Azər Tağıyevin adı “Vəkillərin Şərəf Kitabı”na daxil edilib.

Görkəmli hüquqşünas, peşəkar vəkil, bacarıqlı təşkilatçı və səmimi insan Azər Cabir oğlu Tağıyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının
Rəyasət Heyəti