Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hüquqi yardımın monitorinqinə start verildi

25 fevral 2022    1583 share share

Məlum olduğu kimi, 16.02.2022-ci il tarixində “Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi: illik hesabat və mövcud problemlər” mövzusunda onlayn qaydada iclas keçirilmişdir. Geniş tərkibdə keçirilən iclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillərin İntizam Komissiyasının üzvləri, 100-dən çox vəkil bürosunun rəhbəri iştirak etmiş, 2021-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına göstərilən hüquqi yardım işinin təhlili, bu sahədə mövcud olan problemlər müzakirə olunmuş, təcrübədə rastlaşılan bir çox problemlər qeyd edilmiş və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər verilmişdir.
 
Həmin təkliflərin sırasına Kollegiya sədri Anar Bağırovun dövlət hesabına hüquqi yardımla bağlı nöqsanların daha dəqiq araşdırılması və aradan qaldırılması üçün monitorinq qrupunun yaradılması təklifi də daxildir. Belə ki, 23.02.2022-ci il tarixində baş tutmuş Rəyasət Heyətinin iclasında qəbul edilmiş qərara əsasən, həmin sahə üzrə monitorinq qrupu yaradılmış, Afət Qaziyeva, Elvin Səlimov, Polad Mehdiyev, Könül İsgəndərlidən ibarət tərkibdə üzvləri seçilmiş və Mərkəzin direktor müavini Afət Qaziyevanın rəhbərlik etməsi müəyyən edilmişdir.
 
Qeyd edək ki, dövlət hesabına hüquqi yardımla bağlı yaradılmış monitorinq qrupu 25.02.2022-ci il tarixdə Rəyasət Heyətinin Aparatında ilk iclasını keçirməklə artıq öz fəaliyyətinə başlamışdır.
 
Monitorinq qrupunun ilk iclasına, həmçinin, Rəyasət Heyətinin sədri Anar Bağırov, müavinlər Aydın Axundov və Pərviz Ələkbərov, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov da qatılmış və iclas zamanı sədr A.Bağırov son illər ərzində Mərkəz tərəfindən görülən işlər, dövlət hesabına hüquqi yardım sahəsində fəaliyyət, bu monitorinq qupunun məqsədi, onun yaradılmasının zərurəti və qarşıya qoyulan vəzifələr barədə çıxış etmişdir.
 
Eyni zamanda, iclasda dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə məlumat verilmiş, bu sahədə mövcud olan bəzi problemlər, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanlar müzakirə edilmiş və monitorinq qrupunun gələcək fəaliyyəti ilə bağlı müxtəlif fikir və mülahizələr bildirilmişdir.