Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilmişdir

03 mart 2022    2077 share share

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə 3 mart 2022-ci il tarixində, “Excelsior” mehmanxanasında “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib.
 
Tədbir Kollegiya sədri Anar Bağırovun, Komitə sədri Bahar Muradova, Kollegiyanın rəhbərliyi və 50-dən çox qadın vəkilin iştirakı ilə baş tutub.
 
Dəyirmi masanın əsas məqsədi qadın vəkillərin cəmiyyətdə rolu, həssas qrupların hüquqi yardıma çatımlılığı, məişət zorakılığı qurbanlarının müdafiəsində qadın vəkillərin rolu, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsində qadın vəkillərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması və qeyd edilən sahələrdə Kollegiya və Komitənin əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri A.Bağırov tədbirin Azərbaycan vəkilliyi üçün əhəmiyyətini vurğulayaraq vəkillikdə gender balansının təmin edilməsinin vacibliyindən, bu sahədə görülmüş layihələrdən, qadın vəkillərin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasının zərurətindən, Komitə tərəfindən Kollegiyaya daxil olan sorğuların xüsusi həssaslıqla araşdırılmasından danışıb, o cümlədən qadınlar arasında vəkilliyə marağın çoxalmasını və son 4 ildə qadın vəkillərin sayının 3 dəfə artmasını qeyd edib.
Bundan başqa, A.Bağırov əlavə edib ki, 10 dekabr 2019-cu il tarixində Komitə, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair imzalanmış Memorandumun icrası çərçivəsində məişət zorakılığının qurbanlarına əvəzsiz hüquqi yardımın göstərilməsi ötən bu dövrdə də Kollegiya tərəfindən təmin edilib.
 
O cümlədən, açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova tədbirin təşkili üçün Kollegiyanın rəhbərliyinə öz təşəkkürünü bildirmiş, tədbir iştirakçılarına Komitəyə daxil olan sorğularla bağlı işlərdə qadın vəkillərin fəaliyyətinin önəmindən, bu sahədə uğurlu dövlət siyasətindən, ölkə Prezidenti və Birinci Vitse-prezidentin qeyd edilən sahələrə xüsusi diqqətindən, o cümlədən məişət zorakılığı və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsində Kollegiya ilə birgə fəaliyyətin davam etdirilməsindən bəhs etmişdir. Bundan əlavə, B.Muradova “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan qadınlarının təltif edilməsi haqqında”, o cümlədən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamlarının və bu sahədə fəaliyyətin səmərəli təşkilinə töhfə verən bir sıra digər sənədləri xüsusi qeyd edib.
 
Daha sonra, xanım vəkillər qadınların hüquqa və vəkilliyə marağının artırılması, qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı çətinliklər və onların həlli yolları, dövlət vəsaiti hesabına hüquqi yardımın göstərilməsində qadın vəkillərin iştirakı və onların bilik və bacarıqlarının artırılması, məişət zorakılığı qurbanlarının müdafiəsində qadın vəkillərin rolu, regionlarda cəmiyyətin həssas qruplarının hüquqi yardıma çatımlılığı və müasir dövrdə qadın vəkillərin İKT-dən istifadəsi, birgə fəaliyyəti və təşkilatlanması mövzularında çıxışlar etmişlər.
 
Çıxışlardan sonra, sual-cavab sessiyası və müzakirələr keçirilmiş, çoxsaylı təkliflər, qeydlər, bu sahədə mövcud çatışmazlıqlar və müxtəlif fikirlər səsləndirilmiş, bu bildirilən məsələlər qeyd edilərək, Kollegiya tərəfindən ümumiləşdirilmiş və gələcəkdə bu sahədə peşəkar və səmərəli fəaliyyət üçün müvafiq olaraq nəzərə alınacaqdır.
 
Bu müzakirələr zamanı, Komitənin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova da qeyd etmişdir ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsinə ehtiyac var. Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı qəbul olunub. Məişət zorakılığından zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı mexanizmin işlənib hazırlanması da həmin planda nəzərdə tulutub. Biz bununla bağlı bir layihə işləyib hazırlamışıq. Həmin layihə aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. Bilirsiniz ki, qanunvericilikdə mülki işlər üzrə yalnız yuxarı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi nəzərdə tutulub. Lakin məişət zorakılığından zərər çəkən şəxslərin hər bir məhkəmə instansiyasında, dövlət orqanlarına müraciətdə, qısa və ya uzunmüddətli mühafizə orderlərinin alınmasında hüquqi yardıma böyük ehtiyacları olur. Bu baxımdan belə bir normativ-hüquqi aktın olması vacibdir. Gələcəkdə pulsuz hüquqi yardım haqqında qanun layihəsinin işlənib hazırlanması nəzərdə tutulub. Düşünürəm ki, belə bir qanun qəbul edilsə, həssas qruplardan olan müxtəlif neqativ hallara görə zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardımın göstərilməsi artıq xüsusi qanunla tənzimlənəcək və artıq burada boşluqlar olmayacaq. Məlum olduğu kimi, ölkəmizdə ödənişsiz hüquqi yardım göstərmək istəyən vəkillərin vahid reyestri də yaradılıb. Həmin reyestrə üzv olan vəkillər könüllü olaraq, aztəminatlı şəxslərə hüquqi yardım göstərirlər. Bu, çox yaxşı bir haldır. Komitə olaraq, biz də o reyesterdəki vəkillərə müraciət etməyə, onlarla əməkdaşlığa hər zaman hazırıq. Məişət zorakılığından zərərçəkmiş şəxsləri də məhz bu vəkillərə yönəldəcəyik.
 
Eyni zamanda, tədbirdə Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova çıxış edərək qeyd etmişdir ki, “bu gün ölkəmizdə qadın vəkillərin fəaliyyətinə mane olan heç bir səbəb yoxdur. Peşə faəliyyətində qadın-kişi bölgüsü yoxdur. Vəkilin cinsi olmur. Amma deyə bilərəm ki, qadın vəkillər icraatlarında olan işlərə daha həssas yanaşırlar. Komissiyanın sədr müavini olaraq qeyd etməliyəm ki, bu gün qadın vəkillər barəsində intizam işləri daha azdır. Onlarla bağlı işlər olduqda belə, o qədər də ciddi intizam xətalarının olmadığını görürük. Qadın vəkillər arasında birlik var. Biz qeyri-rəsmi də olsa, təşkilatlanmışıq. Çox sıx dostluq və əməkdaşlıq münasibətlərimiz var. Hər zaman bir-birimizə dəstək oluruq. Rəhbərlik tərəfindən də bizə dəstək göstərilir. Bu, bizim özümüzə olan inamın artmasına çox kömək edir. Bu gün mən bir qadın olaraq böyük bir vəkil bürosuna rəhbərlik edirəm. Özümdə bu cəsarəti tapmışamsa, bu bizə göstərilən etimadın nəticəsidir. Hörmətli Anar müəllim Bağırov bizim bütün təşəbbüslərimizə diqqətlə yanaşır və onların həyata keçməsinə hər zaman dəstək göstərir”.
 
Tədbirdə eyni zamanda, iştirakçılara Şuşa şəhərində anadan olmuş türk dünyasının ilk qadın vəkili olan Sürəyya Ağaoğlunun xatirələrinə həsr olunmuş və Azərbaycanda dərc edilmiş “Bir ömür belə keçdi” adlı kitab hədiyyə edilib.