Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Deputat: "Vəkillər hüququn inkişafı üçün çox çalışırlar"

04 mart 2022    426 share share

"Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsi üçün “Hüquq ədəbiyyatı kitabxanası”nın yaradılması bir ideya idi. Bu ideyanı həyata keçirmək üçün Vəkillər Kollegiyasının sədri Anar Bağırov bizə dəstək oldu".
 
Bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
 
Onun sözlərinə görə, belə bir kitabxananın yaradılması hüquq tələbələri üçün böyük bir etimaddır: "Bu ideyanın ərsəyə gəlməsində Vəkillər Kollegiyasının, eyni zamanda BP Azərbaycan şirkətinin dəstəyi böyük oldu. Çünki BP Azərbaycan şirkəti xarici ədəbiyyatların tərcüməsi ilə məşğul olur və eyni zamanda böyük kitabxanaların yaradılmasına kömək edir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsi Azərbaycan və rus dillərində tədris olunur. Amma bununla yanaşı, ingilis dilində də ədəbiyyat var. Hansı ki, Avropada bu ədəbiyyatları oxuyurlar və xüsusən də hüquq nəzəriyyəsi ilə bağlı olan həmin kitablar da burada yer alacaq. Biz artıq yaxın müddət ərzində onların sifarişinə başlayacağıq və iki həftəyə təqdim edəcəyik.
 
Mən özüm də Hüquq fakültəsinin tələbəsi olmuşam, hüquqşünasam, eyni zamanda bu Akademiyanın magistratura məzunu olmuşam. İstərdim ki, tələbələrin bura cəlb edilməsi üçün bütün lazımi avadanlıqlar və şərait olsun. Hesab edirəm ki, bu gün hüquqşünaslar, vəkillər hüququn inkişafı üçün çox çalışırlar. Ümid edirəm ki, bizim bu başlanğıc işimiz digər hüquqşünaslar üçün də nümunə olar".
 
Deputat qeyd edib ki, digər peşə sahibləri də təhsilə dəstək göstərməlidirlər: "Mən tələbə olanda bu kitablar tərcümə idi, onu başa düşmürdüm və dərk edə bilmirdim. Bu hal bizi həvəsdən salırdı. Kitabxanamız olsa da, aktiv istifadə etmirdim. Çünki ilk növbədə kitabxana mühiti olmalıdır. İndi gənclər xoşlayırlar ki, kitabxanın yaxşı mühiti olsun. O mühit olanda insanda həvəs də yaranır. Yaxşı olar ki, tərcümələr yox, birbaşa ədəbiyyatın özündən oxuyaq, fərqli ədəbiyyatlara, elektron sistemlərə çıxışımız olsun. Bunların hər biri Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək".