Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Milli Məclis sədrinin I müavininin təşəbbüsü ilə Yevlaxda ödənişsiz hüquqi yardım aksiyası keçirilib

12 mart 2022    1761 share share

Martın 12-də Yevlax şəhərində Milli Məclisin sədrinin birinci müavini, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputat Əli Hüseynlinin və 48 saylı Yevlax seçki dairəsindən deputat İlham Məmmədovun təşəbbüsü ilə aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
 
Vəkillər Kollegiyasının dəstəyi ilə Yevlax və Mingəçevirdəki Vəkil Bürolarının vəkilləri tərəfindən rayon sakinlərinə ödənişsiz hüquqi yardımın göstərildiyi aksiyanın açılış tədbirində çıxış edən Kollegiyanın sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilində təşəbbüsünə görə Milli Məclisin sədrinin birinci müavininə minnətdarlığını bildirib.
 
Daha sonra, A. Bağırov Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə bu sahədə edilən tövsiyələrdən danışıb, daha sonra əlavə edib ki, ötən 4 il ərzində Vəkillər Kollegiyasının təşəbbüsü əsasında Bakı ilə yanaşı, mütəmadi olaraq, regionlara səfər edilərək, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunmaqdadır. Bu müddət ərzində 25 000-dən artıq belə şəxslərə ödənişsiz hüquqi yardım göstərilmiş və hal-hazırda da göstərilməkdə davam edir. Beynəlxalq təcrübədə də ödənişsiz hüquqi yardımın həyata keçirilməsində vəkillər böyük həvəslə iştirak edirlər.
 
26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım ilə bağlıdır.
 
Çox sevindirici haldır ki, bu aksiyalara dövlət qurumları, o cümlədən Milli Məclisin deputatları da diqqət göstərərək, onların təşəbbüsləri əsasında Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillər tərəfindən bu hüquqi yardım xidmətləri daha geniş çərçivədə həyata keçirilməkdədir.
 
Digər tərəfdən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsələrində cəza çəkən məhkum qadınlar, o cümlədən onlarla birgə yaşayan 3 yaşadək azyaşlı uşaqlar və 3 yaşdan sonra analarından alınaraq müvafiq uşaq evlərinə təhvil verilən uşaqlar da daxil olmaq çoxsaylı görüşlər keçirilmiş və müxtəlif formalarda dəstəklər göstərilmişdir.
 
UNICEF və “ASAN Könüllüləri” Gənclər Təşkilatının “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində 23 may və 17 iyul 2021-ci il tarixlərində Mingəçevir və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Goranboy rayonu Aşağı və Yuxarı Ağcakənd kəndlərində, Tərtər rayonunun Hüsənli kəndində silahlı münaqişə zamanı zərərçəkən və aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Sonda Kollegiya sədri A.Bağırov qeyd etmişdir ki, müxtəlif formada həyata keçirilən həmin ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq, bu gün də Kollegiyanın üzvləri, təcrübəli vəkillər sakinlərin suallarını cavablandıracaq, onlara hüquqi yardım göstərəcəklər.
 
Daha sonra, 1-ci vitse-spiker Əli Hüseynli tədbir iştirakçılarını salamlayaraq, əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasından, görülən məqsədyönlü tədbirlərdən, ölkəmizin dinamik inkişafından, vətəndaşların sosial müdafiəsindən və rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Həmçinin, Ə.Hüseynli Milli Məclisin fəaliyyətindən, deputatların vəzifələrindən, seçicilərin qarşılaşdıqları maneələrdən, bunların həlli istiqamətində atılan addımlardan, dövlət qurumları qarşısında qaldırılan məsələlərdən, onların həllinə dəstək verilməsindən geniş şəkildə danışmış, o cümlədən  bu sahədə fəaliyyətin və görülən işlərin daha da təkmilləşdiriləcəyini qeyd etmişdir.
 
Sonda birinci vitse-spiker seçici müraciətlərində qaldırılan bir sıra məsələlərin sırf hüquqla birbaşa bağlılığını və seçicilərlə bu kimi çoxsaylı və mütəmadi hüquqi yardım aksiyalarının keçirilməsininin əhəmiyyətini vurğulayaraq, bundan sonra da bu aksiyalara dəstək olacağını bildirmişdir.
Bundan sonra, Milli Məclisin deputatı İlham Məmmədov çıxış etmiş, hüquqi yardım sahəsindən görülən bu kimi işlərin əhəmiyyətindən danışmış, bu sahədə mühüm və olduqca təqdirəlayiq fəaliyyətinə, uzun illərdir vermiş olduğu töhfələrə görə Vəkillər Kollegiyasına minnətdarlığını bildirmiş və seçicilərə bugünkü aksiyada aktiv iştirak etməyə dəvət etmişdir.
 
Qeyd edək ki, aksiya zamanı ümumilikdə 22 nəfərə hüquqi yardım göstərilmişdir. Onlardan 6-ı Qarabağ müharibəsi iştirakçısı və qazisi, 3-ü Aprel döyüşlərinin qazisi, 2-i şəhid ailəsi, 11-i isə sosial şəraiti ağır olanlar-aztəminatlı şəxslərdir.
 
Müraciət edən şəxslərdən 8 nəfərə şifahi məsləhət verilmiş, 14 nəfərə üçün isə müvafiq ərizələr yazılmışdır. Müraciətlərin böyük hissəsi torpaq, pensiya, əmək, aliment, səhiyyə, mənzil hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olmuşdur.