Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir

06 aprel 2022    1446 share share

6 aprel 2022-ci il tarixində Vəkillər Kollegiyasının rəhbərliyi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri arasında görüş keçirilmişdir.
 
Görüşdə Kollegiyanın sədri Anar Bağırov, Cənubi Qafqazdakı ofisin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov və İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov, Kollegiyanın aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayşə Abdel Qadir iştirak etmişdirlər.
 
Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlamış, Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisi arasında mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu cür mütəmadi görüşlərin vacibliyini vurğulamışdır.

Daha sonra, A.Bağırov nümayəndələri son dövrdəki fəaliyyəti ilə tanış etmişdir. O, həmçinin qeyd etmişdir ki, bu sahədə görülən işlər vəkillik peşəsinə marağın artmasına, xüsusilə  gənc mütəxəssislərinin sayının artmasına səbəb olmuş, vəkillərin sayı isə 2 dəfədən çox artmışdır. A.Bağırov hal-hazırda 2000-dən çox vəkilin fəaliyyət göstərdiyini, o cümlədən 100-dən çox namizədin icbari təlimə cəlb edildiyini və daha 142 namizədin yazılı test imtahanından uğurla keçdiyini bildirmişdir.

Bundan əlavə, Anar Bağırov son aylarda baş tutan layihələrdən, o cümlədən 3 mart tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə həyata keçirilən qadın vəkillərin tədbiri, Rəyasət Heyətinin son iclasında vəkillik tarixində ilk dəfə Azərbaycan Qadın Vəkillərinin Alyansının yaradıldığını və Alyansın fəaliyyətinin Kollegiyanın gender siyasətində mühüm rol oynayacağını da qeyd etmişdir.

Daha sonra, Cənubi Qafqazdakı ofisin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov Kollegiyanın son bir neçə ildə həyata keçirdiyi fəaliyyətini təqdirəlayiq hesab etdiyini bildirmişdir. Bundan əlavə, V.Şkolnikov Kollegiya ilə həyata keçirilə biləcək layihə təkliflərini səsləndirmişdir.

Sonda, planlaşdırılan layihələrlə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın davam etdirilməsi razılaşdırılmışdır.