13 may 2022-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) həmin təşkilata üzv qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.
4 il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq, ARVK müstəqil peşə birliyi olaraq rəsmən tanınmışdır.
Belə ki, 13 maydakı plenar iclasda ARVK sədri Anar Bağırov, Aparat rəhbəri Bayram Orucov və sədrin müşaviri Fərhad Nəcəfovdan ibarət ARVK nümayəndə heyətinin təqdimat və çıxışlarından sonra, bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə, ARVK böyük səs çoxluğu ilə CCBE-yə üzv qəbul olunmuşdur.
Təşkilatın fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərələrin müdafiəsi təşkil edir.
Ötən dövr ərzində CCBE ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vəkillərinin peşə davranış qaydalarını tənzimləyən əsanamə CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksi ilə harmonizasiya olunmuş, kodeksin mütərəqqi normaları əsasnaməyə inkorporasiya olunmuşdur. Həmçinin, Azərbaycan vəkillər üçün AİHM-nin presedent praktikası, habelə deontologiya mövzularında onlayn təlimlər keçirilmişdir.
CCBE təşkilatına üzv olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək, Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bu, eyni zamanda, ARVK-nın işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır və hesab edirik ki, CCBE-yə üzvlüyə nail olma son 5 ilin ən böyük uğurlarından biridir.
Gələcəkdə CCBE ilə əməkdaşlıq çərçivəsində keçiriləcək birgə tədbirlər barədə ictimaiyyətə məlumat veriləcəkdir.