Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

DGKA ilə Vəkillər Kollegiyası arasında görüş keçirilmişdir

20 may 2022    1394 share share

Məlum olduğu kimi, aprelin 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) arasında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandum çərçivəsində qarşıdakı dönəm üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi və birgə fəaliyyət planının hazırlanması məqsədilə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində ikitərəfli görüş keçirilmişdir.

İlk olaraq, “Mərkəz”in direktoru Şahmar Məmmədov qonaqları qarşılayaraq onlara “Mərkəz” barədə məlumat vermişdir ki, buranın əsas fəaliyyət istiqamətləri aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsindən, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın həyata keçirilməsinin təşkil edilməsindən, həmin işlər üzrə müəyyən edilmiş haqqın vəkilə ödənilməsi prosedurları üzrə sənədləşdirmə işlərinin aparılmasından, vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədi ilə cari və davamlı tədrisin və habelə gənc hüquqşünasların təcrübi biliklərə yiyələnməsini təşkil edilməsindən ibarətdir.

Görüşdə Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov, “Mərkəz”in direktor müavini Afət Qaziyeva, “Mərkəz”in əməkdaşı Günay Sultanova, DGKA-nın rəis müavini Cəmilə Namazova, Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev və DGKA-nın Hüquqşünas ixtisası tələbələri iştirak etmiş və memorandum çərçivəsində tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, həmçinin Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. məsələlər müzakirə edilmişdir.

Bildiririk ki, hər iki qurum arasında yaxın dönəmdə birgə təşkil edilməsi planlaşdırılan layihələr barədə ilkin razılığa gəlinmiş və həyata keçiriləcək işlər ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Sonda qonaqlar əsaslı təmir olunmuş inzibati bina ilə tanış olmuş və “Mərkəz”in tam maddi-texniki baza ilə təchiz olunması, yüksək tələblərə cavab verən avadanlıqlar quraşdırılması, konfrans zalında əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılması və s. barədə məlumat verilmişdir.