Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 25 may 2022-ci il tarixində, “Badamdar Estates” mehmanxanasında CCBE-ə üzvlüyə qəbulla bağlı ictimai təqdimat keçirilmişdir.
Tədbir Kollegiya sədri Anar Bağırov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, hüquq müdafiəçiləri – Çingiz Qənizadə, Səidə Qocamanlı və Sahib Səfərovun, 140-dan çox vəkilin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub.
Konfransda açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, 4 il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq Azərbaycan Vəkillər Kollegiyası müstəqil peşə birliyi olaraq rəsmən tanınıb.
A.Bağırov: "Bu il mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda təqdimat və çıxışlarımızdan sonra bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə CCBE təşkilatına üzv olub. Bu üzvlüklə Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək. Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bu, eyni zamanda, Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır.
Hesab edirik ki, bu, son dörd ilin ən böyük uğurlarından biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bizə qarşı münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur".
Sədr qeyd edib ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.
Sonra geniş təqdimat ilə çıxış edən Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov son 4 ildə müxtəlif istiqamətlərdə köklü şəkildə görülən işlər barədə məlumat vermiş, qısa zaman içində uzaq şərqdən Amerikaya qədər Kollegiyanın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışmış və əldə olunmuş beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirmişdir.
B.Orucov vəkillik sahəsində innovasiyaların tətbiqindən, elektron xidmətlərdən, o cümlədən vəkil fəaliyyəti ilə bağlı bir çox qanunlara, həmçinin prosessual məcəllələrə və digər qanunvericilik aktlarına əlavə və dəyişiklərdən bəhs etmişdir.
Eyni zamanda, B.Orucov ölkədə vəkillərin sayının dəfələrlə artmasını, əldə olunan razılığa əsasən vəkillərimizin İngiltərə və Uelsdə vəkilliyə qəbul oluna bildiyini, gənclərə, tələbələrə maddi və akademik dəstəyi, yerli və beynəlxalq layihələri qonaqların diqqətinə çatdırmışdır.
Digər tərəfdən, B.Orucov son illərdə 25 000-dən çox aztəminatlı vətəndaşa göstərilən pulsuz hüquq yardım, sosial və idman sahələrində tez-tez təşkil edilən aksiyalar və müsabiqələrdən də söz açmışdır.
Daha sonra çıxış edən Vəkillər Kollegiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayşə Abdel Qadir CCBE təşkilatına üzv olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənməsindən danışıb.
Ayşə Abdel Qadir onu da vurğulayıb ki, Azərbaycan beynəlxalq qurum müşahidəçi üzvü kimi qəbul edilib.
O qeyd etmişdir ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.
A.Abdel Qadir: “Dörd il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və 13 may 2022-ci il tarixdə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda təqdimat və çıxışlarımızdan sonra, bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə üzv qəbul olunub” deyə çıxışında qeyd etmişdir.
Sonra hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə çıxış edərək Vəkillər Kollegiyasının CCBE təşkilatına üzv seçilməsini müsbət qiymətləndirmiş, son dövrlər Kollegiya tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu vurğulamışdır. O həmçinin vəkillik sahəsində innovasiyaların tətbiqi, elektron xidmətlərlə bağlı öz görüşlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin ikinci hissəsində vəkillər, media nümayəndələrinin iştirakı ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş iclası keçirilmişdir.
İclasda Kollegiyanın Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyündən irəli gələn məsələlərin həlli ilə bağlı məsələyə baxılmış və RH-nin üzvü Elçin Usub CCBE-nin PECO komitəsinin üzvü təyin edilmişdir.
Eyni zamanda iclasda Vəkillər Kollegiyasının “Biznes Hüququ Komitəsi”nin təsis edilməsi və Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiqi ilə bağlı məsələlərə baxılmış, Komitənin yaradılması və Əsasnamənin təsdiq olunması ilə bağlı müsbət qərar qəbul olunmuşdur.
Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılmış, müvafiq qərarlar verilmişdir.
Eyni zamanda fəaliyyətlərində fərqlənən, həmçinin yubileylərini qeyd edən bəzi vəkillər mükafatlandırılıb.