Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

CEPEJ prezidenti: "Vəkillər Kollegiyasının CCBE-də təmsil olunması çox təqdirəlayiqdir"

27 may 2022    1272 share share

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE-də təmsil olunması çox təqdirəlayiqdir. Burada Vəkillər Kollegiyası sədri Anar Bağırovun çox böyük zəhməti olub. Çünki həmin təşkilat vaxtilə Vəkillər Kollegiyasının işinə çox tənqidi yanaşırdı. Ancaq son zamanlar aparılan islahatlar nəticəsində Vəkillər Kollegiyası həmin quruma üzv qəbul olundu".
 
Bunu e-huquq.az-a açıqlamasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı deyib.
 
Onun sözlərinə görə, Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlüyü Azərbaycanın nüfuzunun artması, vətəndaşların hüquqlarının daha etibarlı qorunması baxımından çox qənaətbəxş haldır.
 
"CCBE Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında müşahidəçi statusunda iştirak edir. Bilirsiniz ki, CEPEJ-də sahəvi təşkilatlar həmişə müşahidəçi statusu əldə etməyə çalışırlar. Biz CCBE-nin işindən yaxından tanışıq və həmin təşkilat Avropa məkanında vəkillər kollegiyaları və hüquq cəmiyyətləri ilə bağlı olan vahid qurumdur. Yəni, onların maraqlarını təmsil edən qurumdur. Mən ümid edirəm ki, Vəkillər Kollegiyasının bu beynəlxalq qurumda təmsil olunması digər Avropalı həmkarları ilə onların arasında körpü yaradacaq, təcrübə mübadiləsinə imkan verəcək. Eyni zamanda Azərbaycan Vəkillər Kollegiyasının da öz təcrübəsini bölüşməsinə şərait yaradacaq", - deyə R. Qaraqurbanlı qeyd edib.