Ölkəmizdə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində, Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamı kimi, ilk dəfə 18 iyun Azərbaycanda İnsan Hüquqları gününə həsr olunan “Vəkillik peşəsi uşaqların gözü ilə” adlı uşaq rəsm sərgi-müsabiqəsinin və Qarabağ Dirçəliş Fonduna dəstək aksiyasının bu gün təntənəli açılış mərasimi baş tutmuşdur.
BMT-in İnsan Hüquqları üzrə Ali Komissarlığı, Qarabağ Dirçəliş Fondu və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda keçirilən sərgidə 80-dən çox şagirdin rəsm əsəri nümayiş olunmaqdadır.
Sərginin açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, BMT-nin Rezident Əlaqələndiricisinin müavini Kanako Mabuchi, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitənin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, 10-dan çox deputat, Mediasiya Şurasının sədri Nadir Adilov, hüquq-mühafizə orqanlarının rəhbərliyi də daxil olmaqla, çoxsaylı vəzifəli şəxslər, vəkillər, hüquq müdafiəçiləri, gənc rəssamlar və media nümayəndələri iştirak etmişlər.
Açılış nitqləri ilə çıxış edən qonaqlar tədbirin əhəmiyyəti, şagirdlərin yaşının az olmasına baxmayaraq ərsəyə gətirdikləri belə peşəkar əsərlərin valehedici olması, şagirdlərin gözü ilə vəkilliyin, məhkəmə-hüquq sisteminin necə təsəvvür edilməsi, ilk dəfə fərqli formatda keçirilən tədbirin böyük marağa səbəb olması barədə fikirlərini bölüşmüş, habelə Azərbaycan Respublikasında İnsan hüquqları gününün tarixi əhəmiyyəti, Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın “İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına” qoşulması, milli qanunvericiliyin beynəlxalq standartlarına uyğun təkmilləşdirilməsi, ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması, Prezident İlham Əliyev tərəfindən 18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi, ölkəmizin bütün regionlarında keçirilən tədbirlər, vətəndaşların hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə müəyyən olunan fəaliyyət istiqamətləri və s. ilə bağlı çıxışlar etmişlər.
Qeyd edək ki, iki yaş kateqoriyası (6-10 yaş və 11-17 yaş arası uşaqlar) üzrə elan edilən müsabiqədə hər iki kateqoriya üzrə ayrı-ayrılıqda ilk 3 yerə layiq görüləcək əsərlərə - I yerə 500 azn, II yerə 300 azn, III yer 200 azn, o cümlədən ilk 10 yerin hər birinin sahiblərinə 100 azn pul mükafatları təqdim olunacaq və bütün iştirakçılara isə diplomlar veriləcəkdir.
17 iyun tarixində saat 15:00-da Rəssamlar İttifaqının sərgi salonunda həm rəssam alimlərdən, həm də peşəkar rəssam vəkillərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilərək seçilən qaliblər elan ediləcək, qaliblərə müvafiq hədiyyələr, həmçinin bütün iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Məlumat üçün bildiririk ki, sərgimiz 4 gün (16-17 və 21-22 iyun tarixlərində) davam edəcək və giriş hər kəs üçün sərbəstdir. Bakı şəhəri Xaqani küçəsi 43 ünvanında yerləşən Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda yerləşən rəsm əsərləri ilə buyurub yaxından tanış ola bilərsiniz.
Aşağıda tədbirin açılış mərasiminin fotoxronikasını təqdim edirik: