Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilib.

17 iyun 2022    1624 share share

17 iyun 2022-ci il tarixində Avropa Şurası Bakı Ofisinin təşkilatçılığı və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlığı çərçivəsində “Park inn” mehmanxanasında “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilmişdir.
 
Konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Avropa Şurası İnsan Hüquqları Direktorluğu Əməkdaşlıq Proqramları Şöbəsi Azərbaycan və Gürcüstan bölməsinin rəhbəri Mahir Muşteyidzadə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) hakimi Lətif Hüseynov, İHAM Katibliyinin Baş Hüquqşünasları Vüqar Fətəliyev ilə Xəqani Quliyev çıxış etmiş və Vəkillər Kollegiyasının 20-dən çox üzvü, həmçinin hüquqşünaslar konfransda iştirak etmişlər.
 
Kollegiya sədri A.Bağırov çıxışı zamanı qeyd edib ki, İHAM-a müraciətlərin düzgün tərtib olunması vətəndaşların ədalət mühakiməsinə çatımlılığında böyük rol oynayır. Bu səbəbdən, Vəkillər Kollegiyası tərəfindən vəkillərin bu sahədə biliklərinin artırılması, mütəmadi təlimlərin keçirilməsi prioritet məsələlərdən biridir və ötən dövrlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə yaradılaraq fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən də bu sahədə görülən çoxsaylı fəaliyyətlərdən danışmışdır. Əlavə olaraq, o, hüquqi düşüncənin hazırki tələblərə uyğun olmasının zəruliyini, o cümlədən İHAM-a müraciətlərin düzgün tərtib edilməsi və bu məsələ ilə bağlı gələcəkdə Avropa Şurası ilə birlikdə müəyyən işlərin görülməsinin əhəmiyyətini vurğulamışdır.
 
Bundan başqa, İHAM-in hakimi Lətif Hüseynov Azərbaycanda son illərdə vəkillik institutunun inkişaf etdiyini qeyd edib: "Əvvəllər Azərbaycanda vəkillərin sayının az olması ilə bağlı problemlər var idi. Amma indi vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu, çox vacib irəliləyişdir. O ölkədə ki, vəkillik güclü inkişaf edib, deməli, orada hüquqi müdafiə və məhkəmə güclüdür. Əgər məhkəmə güclü və müstəqildirsə, onda cəmiyyətin, dövlətin özü də güclüdür. Eyni zamanda, Avropada olan tələblərdən biri bundan ibarətdir ki, vəkillik kağız üzərində olmasın, göstərilən hüquqi yardım keyfiyyətli olsun. Bunun üçün də vəkillərin bilik səviyyəsi və təcrübəsi artırılmalıdır və hesab edirəm ki, bu sahədə də irəliləyiş var. Deməli, Azərbaycanda hüquqi dövlətin ən mühüm əlamətlərindən biri olan ədalət mühakiməsinin Avropa dəyərlərinə uyğun həyata keçirilməsi üçün artıq çox mühüm baza yaradılır".
 
Daha sonra, Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva “İHAM-ə müraciətlərlə bağlı praktiki problemlər” mövzusunda təqdimat və məruzə ilə çıxış etmişdir.
 
Qeyd edək ki, konfransın əsas məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) presedent hüququ, İHAM təcrübəsində mülkiyyət hüquqi ilə əlaqədar Azərbaycana aid işlər eləcə də ümumilikdə məhkəmə qərarlarının icrası ətrafında müzakirələr aparmaqdan ibarətdir.