Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi ilk dəfə CCBE üzvü kimi beynəlxalq konqresdə iştirak edib.

26 iyun 2022    1282 share share

Məlum olduğu kimi, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin Vəkillər Kollegiyalarını, Hüquq Cəmiyyətlərini və 1 milyondan çox vəkili özündən birləşdirən CCBE təşkilatına İrlandiyada 13.05.2022 tarixində keçirilən plenar iclasda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzv qəbul olunmuşdur.
 
Avropada hüquq peşəsinin səsi kimi tanınan CCBE təşkilatına üzv seçiləndən sonra, ARVK-nın beynəlxalq əməkdaşlıq imkanları daha da genişlənməkdədir. Belə ki, üzv ölkələrin iştirakı və Bolqarıstan Ali Vəkillər Kollegiyası Şurası (BAVKŞ)-nın ev sahibliyi ilə, 22-24 iyun 2022-ci il tarixlərində CCBE Komitələrinin iclasları keçirilmişdir. ARVK isə, sədr Anar Bağırov, Rəyasət Heyəti (RH) üzvü Elçin Usub və ARVK Aparat rəhbəri Bayram Orucov tərəfindən təmsil olunmuşdur.
 
Bilindiyi kimi, 25.05.2022 tarixli RH qərarına əsasən, CCBE-nin ən əhəmiyyətli Komitəsi “PECO”ya (Mübadilə, əməkdaşlıq və dəstək platforması) ARVK tərəfindən E.Usubun üzvlüyü irəli sürülmüş, keçirilən bu ilk PECO iclasında Kollegiya sədri A.Bağırov onu Komitəyə rəsmən təqdim etmiş və E.Usub tərəfindən həm gələcək əməkdaşlıq, həm də Komitənin fəaliyyət istiqaməti üzrə fikirlər səsləndirilmişdir.
 
Bu iclas zamanı B.Orucov tərəfindən son yeniliklər və Azərbaycanda vəkil peşəsinin durumu barədə hesabat tədbir iştirakçılarının diqqətinə çatdırılmış, problemlərin həlli istiqamətində müzakirələr aparılmış, həyata keçirilən isalahatlarla bağlı vəkilliyin rolu barədə diskussiyalar yer almışdır.
 
Bununla yanaşı, CCBE-nin Daimi Komitəsində BAVKŞ sədri İ.Dermendjievin salamlama nitqindən və Aİ-nin Ümumi Məhkəməsinin hakimi A.Kornesovun videomüraciətindən sonra, CCBE nümayəndə heyətləri tərəfindən istehlakçı hüquqları, Üzv Dövlətlər arasında valideynlik hüququnun tanınması, Tədris məsələləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergi və Digər Cinayətlər üzrə İşçi Qrupunun, Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə (ÇPYQM), Avropa Konvensiyası, İT, Miqrasiya, Cinayət hüququ üzrə Komitələrin hazırladığı yeni Sənədlər məruzə və müzakirə edilmiş, ÇPYQM sahəsində vəkillərin rolu və davranışı ilə bağlı müxtəlif ölkələrin təcrübəsi paylaşılmış, CCBE-nin xarici fəaliyyəti, Ukraynadakı vəziyyətlə bağlı bir neçə qərar verilmiş və Avropa Şurası ilə CCBE arasındakı Anlaşma Memorandumunun realizəsi və s. istiqamətlərində fikir mübadilələri aparılmışdır.
 
Bundan başqa, 24 iyun tarixində CCBE və FBE (Avropa Vəkillər Kollegiyaları Federasiyası)-nın birgə təşkilatçılığı ilə “2022-ci il pandemiyadan sonra vəkillərin rolu - Qütbləşmiş cəmiyyətlərdə işlərin dinamikası, vəkillərin imicinin dəyişməsi və hüquqi təcrübənin təkamülü” mövzusunda konfrans keçirilmişdir. Konfransın açılış nitqi Bolqarıstan Parlamentinin sədri, ədliyyə naziri, CCBE və FBE prezidentləri, global hüquq firma rəhbəriləri və digər rəsmilər tərəfindən edilmişdir. Daha sonra, sosial məsuliyyətin təşviqi və sui-istifadəli məhkəmə çəkişmələrinə qarşı mübarizə, o cümlədən innovasiyalar və hüquqi təcrübənin rəqəmsallaşdırılması kimi bir sıra məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır.
 
Bunlarla yanaşı, CCBE üzv ölkələrin nüməyəndələri ilə heyətimiz arasında ikitərəfli görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi edilmiş və gələcək əməkdaşlıq barədə təkliflər müzakirə olunmuşdur.
 
Ənənəvi proqram çərçivəsində, ev sahibi ölkənin dəvəti ilə əzəmətli Kral Sarayında qonaqlar üçün təntənəli qarşılama mərasimi keçirilmiş və növbəti gün isə Milli Tarix Muzeyində rəsmi ziyafət təşkil olunmuşdur.