Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir

01 iyul 2022    1033 share share

01.07.2022-ci il tarixində “Badamdar Estates” mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbiri açıq elan etmiş və daha sonra Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilmişdir.
 
Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov Kollegiyanın son 4 il ərzindəki fəaliyyəti, son dövrlər görülmüş işlər, CCBE-ə üzvlük və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
 
Daha sonra açılış nitqi ilə çıxış edən  A.Bağırov qeyd etmişdir ki, ötən illərə nəzər yetirsək, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmuşdurlar. 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illər arasında keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunmuşdurlar. Bu gün artıq ölkəmizdə vəkillərin sayı 2237 nəfərdir.
 
A.Bağırov həmçinin qeyd etmişdir ki, bu gün andiçmə mərasimində 102 namizəd vəkil andı içərək sıralarımıza qəbul olunurlar. Onlardan 90 nəfəri vəkilliyə qəbulla bağlı yazılı test və şifahi müsahibədə uğur qazanmış və icbari təlimi başa vuraraq andiçmə mərasiminə buraxılmışlar.
 
Əvvəllər hakim işləmiş 10, əvvəllər vəkil işləmiş 2 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılmışlar. Eyni zamanda 102 namizədin 81 nəfəri kişi, 21 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 402 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədirlər.
 
Sonra Kollegiyanın Ağsaqqallar Şurasının sədri İkram Kərimov və Vəkillərin İxitsas Komissiyasının rəhbəri Ramiz İbrahimov çıxış etmişlər.

Daha sonra Anar Bağırov vəkillik institutunun quruculuğuna və inkişafına verdiyi töhfəyə görə Kollegiyanın Ağsaqqallar Şurasının sədri İkram Kərimovu Fəxri Hüquq Doktoru adı ilə təltif etmişdir.
 
Daha sonra vəkilliyə namizədlər çıxış etmiş, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.
 
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilmişdir.