Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Məqalə: İbtidai araşdırma mərhələsində vəkilin iş materiallarına çıxış imkanları. Milli qanunvericilik, Avropa Məhkəməsinin presedent hüququ və Türkiyə təcrübəsi

04 iyul 2022    978 share share

İbtidai araşdırma mərhələsində vəkilin iş materiallarına çıxış imkanları.
Milli qanunvericilik, Avropa Məhkəməsinin presedent hüququ və Türkiyə təcrübəsi
 
Vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində, insanların bir sıra konstitusion hüquqlarının, xüsusilə də yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsində mühüm rol oynayırlar. Vəkil müdafiəçi kimi şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə prosessual fəaliyyəti həyata keçirən, nümayəndə kimi isə zərərçəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən, hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən şəxsdir.
Cinayət işləri ilə bağlı təcrübə göstərir ki, xüsusilə ibtidai araşdırma (təhqiqat və ibtidai istintaq) mərhələsində vəkillərin fəaliyyəti bir sıra hüquqi maneələrin olması, onlara bu mərhələdə müdafiə və ya təmsil etdiyi şəxslərin hüquqlarının qorunmasında müəyyən çətinliklər yaradır. Vəkillərin həmin mərhələdə cinayət işinin materiallarına çıxışına, orada olan sənədlərlə vaxtında tanış olmalarına və surətlərinin çıxarılmasına qoyulan hüquqi məhdudiyyətlər bu  qəbildəndir.
Bəzi ölkələrdə, o cümlədən, Türkiyə Respublikasında, vəkil hələ ibtidai araşdırma mərhələsində cinayət işinə əlavə edilən sənədlərlə müəyyən məhdudiyyətlər nəzərə alınmaqla tanış ola və onların sürətini ala bilər. Bu hüquq vəkilə ibtidai araşdırma mərhələsində tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında müdafiəni və ya təmsilçiliyi düzgün təşkil etmək, irəli sürülmüş sübutlara qarşı alternativ sübutlar təqdim etmək, məsələn, hansısa şahidin ifadəsində olan hala münasibət bildirmək, əlavə şahidlərin dindirilməsini, istintaq hərəkətlərinin və ya ekspertizanın aparılmasını və s. tələb etmək kimi geniş imkanlar verir. Bununla vəkil həm həqiqətə nail olunmasına töhfə verə, həm də müdafiə və ya təmsil etdiyi şəxslərin hüquqlarının daha səmərəli qorunmasına və təmin edilməsinə nail ola bilir.
 
Yerli qanunvericilik
 
Cinayət prosesi iştirakçılarının Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş hüquqlarına nəzər yetirdikdə məlum olur ki, vəkilin şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi kimi işin materialları ilə tanış olmaq, zəruri (nümayəndə isə yalnız təmsil etdiyi şəxsə aid) sənədlərin surətlərini çıxarmaq hüququ ibtidai araşdırmanın qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan yaranır (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 92.9.11-ci və 102.6.8-ci maddələri). Eyni zamanda,  müdafiəçi və ya nümayəndə özünün və ya müdafiə (təmsil) etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq hüquqlarına malikdir (CPM-nin 92.9.8 və 102.6.7-ci maddələri).
Müdafiəçi əlavə olaraq, cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə tanış ola, müdafiə etdiyi şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış ola bilər (CPM-nin 92.9.9 və 92.9.10-cu maddələri). Müdafiəçinin cinayət işinin bütün materiallarının deyil, yalnız hüquqlarına və qanuni mənafeyinə toxunan qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq, nümayəndənin isə yalnız təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan qərarların surətlərini əldə etmək hüququ vardır (CPM-nin 92.9.15 və 102.6.16.-ci maddələri).
CPM-nin qeyd olunan müddəalarından da göründüyü kimi, ölkəmizdə vəkilin ibtidai araşdırma mərhələsində cinayət işindəki materiallarla tanış olmaq, sənədlərin surətlərini çıxarmaq mövzusunda hüququ çox məhduddur. Bu hal vəkili, xüsusilə müdafiəçi qismində, (həm də şübhəli və ya təqsirləndirilən şəxsi) cinayət prosesini həyata keçirən və ittiham tərəfini təmsil edən təhqiqatçı, müstəntiq, prokuror qarşısında olduqca zəif vəziyyətə salır. Halbuki, vəkil, yuxarıda qeyd edildiyi kimi, ədalət mühakiməsinin həyata keçirilməsində və insanların konstitusion hüquqlarının bərpasında vacib rol oynayan şəxsdir və qanunvericiliklə müəyyən edilmiş bir sıra vəzifələr daşıyır. Odur ki, onun bu sahədə hüquqi imkanlarının genişləndirilməsi məqsədəmüvafiq olardı.
 
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi
 
Ölkəmizin tərəfi olduğu İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasını (Konvensiya) tətbiq edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Avropa Məhkəməsi) məhkəməyə qədərki mərhələni (ibtidai araşdırma – təhqiqat və ibtidai istintaq mərhələsini) də Konvensiyanın 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin əhatə dairəsinə salır. Yəni, bu maddədə təsbit edilən bir sıra hüquqlar və təminatlar ibtidai araşdırma mərhələsində də səlahiyyətli orqanlar (şəxslər) tərəfindən təmin edilməlidir.
Bu, Avropa Məhkəməsinin bir sıra qərarlarında təsbit edilmişdir.
Avropa Məhkəməsi cinayət prosesini bütövlükdə, o cümlədən prosesin məhkəməyə qədərki mərhələsini (təhqiqat, ibtidai istintaq mərhələsini) nəzərdən keçirir (Dvorski Xorvatiyaya qarşı, § 76). 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş bəzi prosessual təminatların tətbiq edilməməsinə baxmayaraq, 6-cı maddənin 1-ci bəndi araşdırma aparan hakim (bizim halda müstəntiq, prokuror) tərəfindən aparılan istintaq proseduruna tətbiq edilə bilər (Vera Fernández-Huidobro İspaniyaya qarşı, §§ 108-114).
Bundan başqa, Avropa Məhkəməsi qeyd edir ki, icraatı bütövlükdə araşdırdıqda məhkəməyədək icraatda və məhkəmədə sübutların qəbuledilənliyini tənzimləyən qanunvericilik bazası və onlara əməl edilib-edilməməsi, habelə, ərizəçinin sübutların həqiqiliyinə etiraz etmək və onun istifadəsinə qarşı çıxmaq imkanının olub-olmaması halları da nəzərə alınmalıdır (İbrahim və başqaları Birləşmiş Krallığa qarşı [GC], § 274; Beuze Belçikaya qarşı [GC], § 150; Sitnevskiy və Çaykovski Ukraynaya qarşı, §§ 78-80).
 
İş materiallarına əlçatanlıq öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüququ kimi
Müvafiq iş materiallarına əlçatanlıq (çıxış) kifayət qədər zaman və kifayət qədər alətlər (imkanlar) ilə yanaşı 6-cı maddənin 3-cü hissəsinin (b) bəndində təminat altına alınan müdafiənin təşkili hüququnun bir elementidir.
Beuze Belçikaya qarşı qərarında (§ 135) Avropa Məhkəməsi nümunə olaraq göstərdi ki, hər bir işin konkret vəziyyətindən və müvafiq hüquq sistemindən asılı olaraq, digər məhdudiyyətlərlə yanaşı, cinayət prosesinin ilkin mərhələlərində və ya ibtidai istintaq zamanı vəkilin iş materialları ilə tanış olmasında (əlçatanlıqda) üzləşdiyi imtina və ya çətinliklər də icraatın ədalətliliyinə xələl gətirə bilər.
Avropa Məhkəməsinin mövqeyinə əsasən, 6-cı maddənin 3-cü hissəsinin (b) bəndi təqsirləndirilən şəxsin materialla tanış olması və sübutların açıqlanması üçün əhəmiyyət kəsb edir və bu kontekstdə onlar 6-cı maddənin 1-ci bəndinə uyğun olaraq tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında məhkəmə araşdırması prinsipləri ilə üst-üstə düşür (Rowe və Davis Birləşmiş Krallığa qarşı [GC], § 59; Leas Estoniyaya qarşı, § 76).
 
“Tərəflərin bərabərliyi” (“equality of arms”)
Hazırki məsələyə Avropa Məhkəməsi həm də “tərəflərin bərabərliyi” (“equality of arms”), başqa sözlə tərəflərin imkanlarının bərabərliyi prinsipi əsasında yanaşır. Yəni icraat (proses) tərəflərinin hüquqi imkanları bütün mərhələlərdə bərabər olmalıdır. Belə ki, Avropa Məhkəməsi qeyd edir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə araşdırmasının xarakterik xüsusiyyətidir. Bu prinsip hər bir tərəfə öz iddiasını rəqibinə qarşı əlverişsiz vəziyyətə salmayan şəraitdə təqdim etmək üçün ağlabatan imkan verməyi tələb edir (Öcalan Türkiyəyə qarşı [BD], § 140; Foucher Fransaya qarşı, § 34 Bulut Avstriyaya qarşı, Faiq Məmmədov Azərbaycana qarşı, § 19). Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli tarazlığın təmin edilməsini tələb edir və cinayət və mülki işlərə şamil edilir.
Təqsirləndirilən şəxsin iş materiallarına və ya ictimai maraqlara əsaslanan digər sənədlərə çıxışı məhdud olduqda, tərəflərin bərabərliyi pozula bilər (Matyjek Polşaya qarşı, § 65; Moiseyev Rusiyaya qarşı, § 217).
Məhkəmə müəyyən edib ki, işin materiallarına məhdudiyyətsiz giriş və istənilən qeydlərdən məhdudiyyətsiz istifadə, o cümlədən, zəruri hallarda müvafiq sənədlərin surətlərini əldə etmək imkanı ədalətli məhkəmə araşdırmasının mühüm təminatlarıdır. Bu cür çıxışın təmin edilməməsi tərəflərin bərabərliyi prinsipinin pozulduğunu müəyyən etməyə əsas olmuşdur (Beraru Rumıniyaya qarşı, § 70). Bununla belə, bəzi hallarda təqsirləndirilən şəxsdən iş materiallarındakı konkret sənədlə tanış olmaq xahişi üçün konkret səbəblər göstərməsi istənilə bilər (Matanović Xorvatiyaya qarşı, § 177).
Sübutların müdafiə tərəfinə açıqlanmaması tərəflərin bərabərliyini, eləcə də çəkişmə əsasında dinləmə hüququnu poza bilər (Kuopila Finlandiyaya qarşı, § 38, burada müdafiə tərəfinə polisin əlavə hesabatını şərh etmək imkanı verilməmişdi).
Beuze Belçikaya qarşı ([GC] §§ 125-130) işində öz əvvəlki presedent hüququna əsaslanaraq, Məhkəmə izah etdi ki, vəkilə çıxış hüququnun nəzərdə tutduğu məqsədlərinə o cümlədən  təhqiqat və ya cinayət təqibi orqanları ilə təqsirləndirilən şəxslər arasında tərəflərin bərabərliyi daxildir.
 
Çəkişmə prinsipi (sübutların açıqlanması)
Hazırki məsələyə Avropa Məhkəməsi həm də çəkişmə prinsipi əsasında sübutların açıqlanması nöqteyi-nəzərindən də yanaşmışdır.
Bir qayda olaraq, 6-cı maddənin 1-ci bəndi tələb edir ki, ittiham tərəfi müdafiə tərəfinə malik olduğu, təqsirləndirilən şəxsin lehinə və ya əleyhinə olan maddi sübutlar açıqlamalıdır (Rowe və Davis Birləşmiş Krallıqa qarşı [GC], § 60). Bu kontekstdə, müvafiq mülahizələri həmçinin ərizəçiyə “müdafiəsini hazırlamaq üçün adekvat vaxt və imkanları” təmin edən 6-cı maddənin 3-cü hissəsinin (b) bəndindən də çıxarmaq olar (Leas Estoniyaya qarşı, § 80).
Bununla belə, müvafiq sübutların açıqlanması hüququ mütləq hüquq deyil. Cinayət prosesində milli təhlükəsizlik və ya qisas riski altında olan şahidlərin müdafiəsi və ya polisin cinayəti araşdırmaq üçün istifadə etdiyi üsulların məxfi saxlanması zərurəti kimi maraqlar ola bilər ki, bu da təqsirləndirilən şəxsin hüquqları ilə ölçülməlidir. Bəzi hallarda başqa bir şəxsin əsas hüquqlarını qorumaq və ya mühüm ictimai maraqları qorumaq üçün müdafiədən müəyyən sübutları gizlətmək lazım ola bilər. Bununla belə, yalnız 6-cı maddənin 1-ci bəndinə əsasən, müdafiə hüquqlarını məhdudlaşdıran ciddi zəruri tədbirlərə icazə verilir (Van Meçelen və başqaları Hollandiyaya qarşı, § 58; Paci Belçikaya qarşı, § 85). Bundan əlavə, təqsirləndirilən şəxsin ədalətli mühakimə olunmasını təmin etmək üçün hüquqlarının məhdudlaşdırılması nəticəsində müdafiə tərəfinə yaranan hər hansı çətinliklər məhkəmə orqanlarının izlədiyi prosedurlarla kifayət qədər tarazlaşdırılmalıdır (Rowe və Davis Birləşmiş Krallıqa qarşı [GC] , § 61; Doorson Hollandiyaya qarşı, § 72).
Müəyyən edilmiş və ya işarələnmiş elektron məlumatlara gəldikdə, müdafiəyə bu cür məlumatların əlavə axtarışının aparılmasına icazə verməkdən hər hansı imtina prinsipcə müdafiənin hazırlanması üçün adekvat imkanların təmin edilməsi ilə bağlı problem yaradır (Sigurdur Einarsson və Digərləri v. İslandiya, § 91).
 
Tükiyədə vəkilin cinayət işinin materialları ilə tanış olmaq hüququ və UYAP elektron sisteminin  imkanları
 
Türkiyə Respublikasında hələ ibtidai istintaq mərhələsində, iş materiallarına xüsusi səbəblərdən hakim tərəfindən “gizlilik qərarı” çıxarılmayıbsa, işdə olan vəkillər bu mərhələdə işə əlavə edilən sənədlərlə tanış ola, onların sürətini ala bilirlər.
Vəkillərin bu hüququ Türkiyə Respublikasının Cinayət Prosessual Qanununun (Ceza Muhakemesi Kanunu) “Müdafiəçinin iş materialları ilə tanış olmaq hüququ” adlanan 153-cü maddəsində təsbit edilmişdir. Həmin maddədə müdafiəçinin bir sıra hüquqları (bu hüquqlara həm də zərərçəkmiş şəxsin nümayəndəsi də malikdir), o cümlədən aşağıdakılar qeyd edilir:
(1) Müdafiəçi istintaq mərhələsində iş materiallarını araşdıra (tanış ola) bilər və tələb olunan sənədlərin surətini pulsuz əldə edə bilər;
(2) Müdafiəçinin iş materiallarını araşdırmaq və ya sənədlərdən surətlər götürmək səlahiyyəti, əgər bu, istintaqın məqsədinə təhlükə yarada bilərsə, dövlət ittihamçısının (Cumhuriyyet savcısının) tələbi əsasında hakimin qərarı ilə məhdudlaşdırıla bilər. Belə qərar yalnız aşağıdakı cinayətlər üzrə aparılan istintaq zamanı verilə bilər:
a) Türk Cəza Qanununda nəzərdə tutulmuş: 1. Qəsdən adam öldürmə, 2. Cinsi zorakılıq, 3. Uşaqlara qarşı cinsi zorakılıq, 4. Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti, 5. Cinayət törətmək üçün təşkilat yaratmaq, 6. Dövlət təhlükəsizliyi əleyhinə cinayətlər, 7. Konstitusiya quruluşuna və onun fəaliyyətinə qarşı cinayətlər, 8. Dövlət sirrinə qarşı cinayətlər və casusluq cinayətləri;
b) Odlu silahlar və bıçaqlar və digər alətlər haqqında qanunda nəzərdə tutulmuş silah alveri cinayətləri.
c) Banklar haqqında qanunun 160-cı maddəsində nəzərdə tutulmuş mənimsəmə cinayəti.
d) Qaçaqmalçılıqla mübarizə qanununda müəyyən edilmiş cinayətlər.
(3) İkinci bənd həbs edilmiş şəxsin və ya şübhəlinin ifadəsini, ekspertiza rəylərini və yuxarıda göstərilən şəxslərin iştirak etmək hüququ olan digər məhkəmə icraatlarının protokollarını əks etdirən protokollara şamil edilmir.
Vəkillər cinayət işinin materialları ilə tanış olmaq və sənədlərin surətini çıxarmaq hüquqlarını həm əyani şəkildə dəftərxana vasitəsi ilə, həm də online şəkildə UYAP (Ulusal Yargı Ağı Bilişim Sistemi) portalından həyata keçirə bilərlər.
Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin idarə etdiyi UYAP portalı vasitəsilə icraatın aparılması bu ölkənin Cinayət Prosessual Qanununun “Elektron əməliyyatlar” adlanan 38/A maddəsində təsbit edilmişdir. Həmin maddənin bəzi bəndlərinə əsasən:
(1) Bütün növ cinayət prosesi işlərində (cinayət mühakiməsinin bütün növlərində) UYAP istifadə olunur. Bu əməliyyatlarla bağlı hər cür məlumat, sənəd və qərarlar UYAP vasitəsilə işlənir, qeydə alınır və saxlanılır.
(2) Qanunlarda göstərilənlər istisna olmaqla, sənədlər təhlükəsiz elektron imza ilə UYAP-da araşdırıla (incelene) və burada hər cür cinayət işi sənədləşməsi aparıla bilər.
(3) Bu Qanun çərçivəsində fiziki olaraq hazırlanması tələb olunan hər cür sənəd və qərarlar elektron mühitdə təhlükəsiz elektron imza ilə təşkil edilə, emal edilə, saxlanıla və imzalana bilər.
(4) Təhlükəsiz elektron imza ilə imzalanmış sənədlər və qərarlar elektron şəkildə digər şəxslərə və ya qurumlara göndərilir. Təhlükəsiz elektron imza ilə imzalanmaqla göndərilən sənədlər və ya qərarlar fiziki cəhətdən ayrıca tərtib olunmur və zərurət olmadıqca aidiyyəti qurum və şəxslərə göndərilmir...
(7) Üzrlü səbəblərdən fiziki olaraq verilmiş sənədlər və ya qərarlar səlahiyyətli şəxslər tərəfindən skan edilərək UYAP-a ötürülür, lazım gəldikdə isə elektron qaydada müvafiq bölmələrə göndərilir.
(8) Fiziki surətinin elektron sistemdən alınması lazım olduğu hallarda, sənədin əslinin eyni olduğu bildirilməklə, hakim, dövlət ittihamçısı və ya səlahiyyətli şəxs tərəfindən imzalanır və möhürlənir...
Eyni zamanda, ədalət mühakiməsində dəftərxana işinin təşkilini, o cümlədən UYAP-da cinayət prosesinin aparılması ilə bağlı prosedurları tənzimləyən, Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş “Bölge Adliye Ve Adlî Yargi Ilk Derece Mahkemeleri Ile Cumhuriyet Başsavciliklari Idarî Ve Yazi Işleri Hizmetlerinin Yürütülmesine Dair Yönetmelik” adlanan sənədin “Sənədlərin tədqiqi və surətlərin götürülməsi qaydası” adlanan 100-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin, şikayətçilərin, cinayətdən zərər çəkmiş digər şəxslərin, işdə iştirak edənlərin və tərəflərin etibarnamə və ya tapşırıq məktubunu təqdim etmiş və ya UYAP vasitəsilə təhlükəsiz elektron imza ilə daxil olmuş vəkilləri və müdafiəçiləri iş materiallarından istədikləri bütün qeyd və sənədlərin surətini vəsatətlə müraciət etməklə, pulsuz əldə edə bilərlər (2). Müdafiəçi və nümayəndə (vəkil) UYAP Vəkil İnformasiya Sistemindən (avukat.uyap.gov.tr) vasitəsilə iş materiallarını araşdıra və nümunələr götürə bilər (4).
Beləliklə, Türkiyədə vəkillər, https://avukat.uyap.gov.tr ünvanında E-imza və M-imza ilə giriş etməklə UYAP vəkil portalına qoşularaq, öz səlahiyyətləri daxilində on-layn, icraatlar, məhkəmə işi və icra proseslərini aça və izləyə (e-takip), sistemdə etibarnamələri olan açıq və qapalı işlərin materiallarını araşdıra, iş materiallarının surətlərini götürə bilərlər, hüquqi sənədləri (ərizə, şikayət, etiraz, vəsatət, etibarnamə və s.) göndərə, mərhələlər haqqında məlumat əldə edə, dinləmə günləri ilə maraqlana, rüsum və xərcləri ödəyə və UYAP sistemində (avukat.uyap.gov.tr, savci.uyap.gov.tr və s.) qanunvericiliklə onlara verilmiş səlahiyyətlər çərçivəsində digər hərəkətləri edə bilərlər.
 
Azərbaycanda cinayət işlərində elektronlaşma, vəkillər üçün yaradıla biləcək imkanlar
 
Azərbaycanda məhkəmə işləri ilə bağlı vəkillərin də istifadə etdiyi elektron məhkəmə sistemi və vahid məhkəmə portalı mövcud olsa da, vəkillərə giriş imkanı verən, ibtidai araşdırma mərhələsində olan cinayət işlərinin vahid elektron portalı mövcud deyildir.
Son dövrdə təkmilləşdirilən Prokurorluğun "Elektron cinayət işi" proqramı var ki, o da qlobal çıxışı olmayan daxili şəbəkədir,  onun vasitəsilə prokurorlar yalnız öz icraatlarında olan işlərə daxil ola bilərlər (ümumi sistemdə bütün işlərə isə idarə, rayon prokurorları, Baş prokuror və onun müavinləri daxil ola bilərlər). Yəni, bu portal prokurorluq orqanının daxili sistemi olmaqla yalnız prokurorluq əməkdaşlarına açıqdır.
Eyni zamanda, vergi orqanının Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulu da vardır. Bu modul ibtidai istintaqı vergilər orqanının səlahiyyətinə aid edilmiş cinayətlər üzrə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir və yalnız vergi orqanının müstəntiq və təhqiqatçıları üçün nəzərdə tutulmuşdur.
Hesab edirəm ki, informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə, cinayət prosesini həyata keçirən orqanların "Elektron cinayət işi" proqramları və modulları əsasında və ya ayrıca daha böyük portal yaratmaq və onu vahid məhkəmə portalına inteqrasiya etməklə (məsələn, Türkiyə təcrübəsində olduğu kimi), habelə, müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər etməklə, ibtidai araşdırma mərhələsində cinayət prosesinin tərəflərinə, xüsusilə vəkillərə müdafiəçi və ya nümayəndə olduqları cinayət işləri ilə bağlı elektron sistemlərə giriş, müvafiq iş materialları tanış olmaq və sənədlərin surətlərini götürmək, elektron qaydada şikayətlər, ərizələr, vəsatətlər vermək və digər prosessual imkanlar verilə bilər (şübhəsiz ki, bu imkanlar cinayət qanununda nəzərdə tutulmuş, ibtidai araşdırmanın aparılmasına mane olma, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyan vurma ilə nəticələn təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılmasına səbəb olmamalıdır).
Yuxarıda qeyd olunan hüquq və imkanlar Azərbaycan vəkillərinə xüsusilə ibtidai istintaq mərhələsində müdafiəni düzgün və səmərəli qurmağa, ittiham tərəfinin irəli sürdüyü sübutlara qarşı vaxtında alternativ sübutlar və vəsatətlər təqdim etməyə (əlavə şahidin dəvət olunmasını, istintaq hərəkətlərinin aparılmasını tələb etməyə və s. zəruri hərəkətlər etməyə), bununla da tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həm bütün halların şəffaf şəkildə hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə və həqiqətə nail olunmasına töhfə verməyə, həm də müdafiə və ya təmsil etdiyi şəxslərin fundamental hüquqlarının qorunmasına nail olmağa şərait yaradacaqdır. 
 
Vəkil Allahverən Oruclu