Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hakim təyin olunan vəkillər Rəyasət Heyətinin iclasında iştirak etmişlər

06 iyul 2022    1335 share share

06.07.2022-ci il tarixində Rəyasət Heyətinin növbəti iclası keçirilmiş, o cümlədən Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırovun dəvəti ilə hakim vəzifəsinə təyin edilmiş vəkillər Şəfəq Məmmədova və Fuad Babaşov da iclasda iştirak edərək onlarla görüş baş tutmuşdur.
 
Görüş zamanı sədr A.Bağırov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işləri, Məhkəmə-Hüquq Şurasının fəaliyyətini, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələri, gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsini vurğulamış və Vəkillər Kollegiyasının Məhkəmə-Hüquq Şurasıda və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu qeyd etmişdir. “Sevindirici haldır ki, vəkillər Şəfəq Məmmədova ilə Fuad Babaşov da vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirərək uğur qazanmışlar. Bununla da hakim vəzifəsinə təyin olunmuş vəkillərin sayı ümumilikdə 82 nəfərə çatmışdır” - deyə sədr bildirmişdir. 
 
Rəyasət Heyətinin qərarına əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslər Fəxri Fərmanla təltif edilmiş və iclas zamanı A.Bağırov onların Fəxri Fərmanlarını təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
 
Qeyd edək ki, Məmmədova Şəfəq Ənvər qızı Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsinə və Babaşov Fuad Bəhruz oğlu isə Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.
 
Daha sonra iclas gündəliyinə uyğun olaraq, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin andiçmə mərasimi keçirilmişdir.
 
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.