13.07.2022-ci il tarixində Milli Məclis rəhbərliyinin, eləcə də deputat Rauf Əliyevin təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahıda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Aksiyanın məqsədi Vəkillər Kollegiyasının üzvləri olan peşəkar vəkillər tərəfindən hüquqi məsələlərlə bağlı mütəxəssis məsləhətinə ehtiyacı olan həssas qrupa daxil olan vətəndaşlara bu sahədə müvafiq dəstəyin verilməsi olub.
Görüşü giriş nitqi ilə açan İcra Hakimiyyətinin başçısı Vasif İmanov qonaqları salamlayaraq qeyd etdi ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesinin məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəldiyini, hazırda isə həmin prosesin ölkə başçısı tərəfindən ardıcıl surətdə davam etdirildiyini bildirdi. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin modernləşməsini və inkişafını təmin edib. Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.
Milli Məclisin deputatı Rauf Əliyev aztəminatlı ailələrə dövlət tərəfindən hərtərəfli dəstəyin verildiyini diqqətə çatdırıb. Bildirildi ki, vətəndaşlara layiqli xidmət bütün dövlət qurumlarının fəaliyyətinin əsas qayəsini təşkil edir. Natiq qeyd edib ki, aztəminatlı ailələrə hüquqi yardım aksiyası bütün dövlət qurumları, qanunverici və icra hakimiyyəti strukturlarının vətəndaşların yanında olduğunu təsdiq edən növbəti faktlardan biridir.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının üzvü, 13 saylı Vəkil Bürosunun rəhbəri Arif Rəsulov bu cür aksiyaların vətəndaşların hüquqi məsələlərlə bağlı problemlərinin həllinə kömək baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Natiq Vəkillər Kollegiyasının ehtiyacı olan aztəminatlı ailələrə dəstək məsələsini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Daha sonra görüşdə iştirak edən vəkillər Pirallahı Gənclər Mərkəzinin akt zalında 30-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.