Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Məqalə: Gənc vəkil üçün tövsiyə

15 iyul 2022    887 share share

GƏNC VƏKİL ÜÇÜN TÖVSİYƏ
 
                            
İnsan olmaq
 
Vəkil olmadan öncə bir İnsan olduğunuzu əsla unutmayın!
 
Hər şey bununla başlar, bununla davam edər, yeri gəldiyində bununla tamamlanar, hətta vəkil olmanız da!
 
Siz vəkil olmadan öncə müxtəlif peşələrdə çalışmısınız, vəkil olarkən paralel olaraq müxtəlif peşələrdə çalışa bilərsiniz, hətta vəkil olduqdan sonra müxtəlif peşələrdə çalışacaqsınız. Göründüyü kimi vəkil olmağınız əbədi deyil, əgər bu peşəni əbədi olaraq seçsəniz belə bir gün bu əbədiliyin fiziki olaraq sizdən xəbərsiz sona yetməsini unutmayın! Odur ki, iş üçün əbədi olmayan həyatınızı qurban verməyə çalışmayın, öncə həyatınız, daha sonra peşəniz!
 
Siz vəkil kimi çalışdığınız andan müxtəlif qaydalar, vəzifələr və davranışlar görəcəksiniz.  Davranışınızda, hərəkətlərinizdə sizdən asılı olmayaraq müxtəlif dəyişikliklər görəcəksiniz, bəzən özünüz dəyişiminizə belə təəccüb edəcəksiniz. Çox şeylər dəyişəcək; ətrafdakı insanların sizə münasibəti belə! Dəyişilməyən tək şey sizin İnsan olmağınız olacaq. Odur ki, əbədi olan şeyi – İnsan olmağınızı mükəmməl edin. Təəccüblənirsiniz, əbədi olmayan həyatda əbədi olan şey; özü də İnsan olmaq necə mümkündür?! Mümkündür! İnsanlığın ölümü olmur, kainatda sonuncu insan yaşadıqca insanlıq da xatırlanacaq, beləcə də yaşayacaq.
 
Əsl İnsan olmağınız vacib şərtdir! Təbii ki, insan olaraq vəkil kimi formalaşmanız üçün şüurunuz mühüm rola malikdir, bunu unutmayın! İnsan olmağınız yaxşı vəkil, yaxud vəkil olmağınız yaxşı insan anlamına gəlməz, mütləq şüurunuz dəyərli olmalıdır. Dəyərli şüura malik bir canlı əsl İnsandır, əsl İnsan isə fəaliyyətindən asılı olmayaraq əsl vəkil deməkdir.
 
Başlıca olaraq nə etməli?! İnsan onu digər canlılardan fərqləndirən şüurunu qidalandırmalıdır, o həddə ki, o, əsl İnsan olmağı bacarsın. Qidalanmayan şüur itgiyə məruzdu, itgi isə məğlubiyyətə! Məğlubiyyət isə İnsana xas olan seçim deyil, daha doğrusu seçim deyil.
 
Məğlub olmaq
 
Vəkil kimi hərdəfə apardığınız işlərdə uğur qazanmayacaqsınız. Uğur qazanmadığınız işlərə gəlincə, bunu özünüzün məğlubiyyəti hesab etməyin. Unutmayın siz qazandığınız işdə qazanmayan tərəfin də vəkili mövcuddur, odur ki, işdə qazanmamaq məğlubiyyət deyil. Məqlubiyyət – şüuru qidalandırmamaqdır, bunu təkrar deyirik; daxili mənada!
 
Unutmayın, sizi yeni iş gözləyir və siz o işə məğlub kimi daxil ola bilmərsiniz, mütləq özünüzü sağaltmalısınız, yaralı döyüşçünün yeni döyüşçü kimi döyüşə qatılmaq ağıllı iş deyil (nə qədər şüurlu olsanız da sağlam olmağınız da o qədər önəmlidir), uduzmaq təhlükəsi var. Məğlubiyyət - sizi vəkil kimi fəaliyyət göstərməkdən uzaqlaşdırmaqdır, xarici mənada!
 
Qazanclı olmaq
 
Siz zamanınızı, məkanınızı və şüurunuzu istismar edərək pul qazanırsınız. Bunun vacibliyi ilə bağlı onlarla, yüzlərlə sübut təqdim edirsiniz, lakin kimi aldatmaq niyyətindəsiniz – İnsanı, yoxsa pulu?! Pulu aldatmaq insanı aldatmaqdan daha çətindir (çünki pulu aldatmaq üçün öncə özünüzü aldatmalısınız)!
 
Pul qazanmaq zəruri şərtdir, lakin zaman və şüura münasibətdə pul dəyərli deyil, odur ki, daha çox zərurət dəyərli olana yaranmalıdır.
 
Siz pul vasitəsi ilə əlavə zaman və məkan qazana bilərsiniz, lakin əlavə şüur qazanmaq mümkün deyil, buna cəhd etməyin, uğursuz olarsınız. Şüuru yalnız qidalandırmaq mümkündür, beləcə əlavə əldə etmək olar. Bunu isə zəhmətlə həyata keçirməlisiniz.
 
Pul qazanmaq mümkündür, lakin pul qazanmaq uğrunda mübarizə aparmaq ağılsızlıqdır. Ümumiyyətlə, maddi uğur əldə etmək uğrunda aparılan mübarizə sağlam mübarizə deyil. Pulun necə təhlükəli dost olduğunu unutmayın. Odur ki, pulla dostluq etməkdənsə, onu sorğulamaq daha vacibdir, çünki belə dostluq çox zaman cinayətə aparır.
 
Qazandığınız pulların qarşısında özünüzü aciz duruma salmayın, qazandığınız pul sizə asan başa gəlməyib – zamanınızı, şüurunuzun gücünü əlinizdən alıb.
 
Qazandığınız pulu ucuz da sanmayın, onun dəyəri sizin münasibətinizdən asılıdır. Odur ki, qazandığınız pula dəyər verin, az olsa belə!
 
Zəhmətli olmaq
 
Zəhmətdən uzaq dayanmayın, zəhmət çəkin! Bu dəyəri heç zaman itməyən, əksinə artan bir xəzinədir, nə zamansa (daha doğrusu zamanı çatanda) köməyinizə yetəcək. Əgər zəhmət çəkməyinizə ehtiyac yoxdursa, bunu başqası üçün edin, başqası üçün çəkilən zəhmət ikiqat xəzinədir – sizin və onun üçün!
 
Zəhmət sizi ucaldar, başqası üçün çəkilən zəhmət isə sizi 3 dəfə ucaldar – özünüz, başqası və bunu qiymətləndirən sayəsində.
 
Fiziki mövcudluğunuz üçün fiziki zəhmətə, mənəvi mövcudluğunuz üçün süuru zəhmətə hər zaman hazır olun.
 
Seçimli olmaq
 
Vəkil olmaq müəyyən çətinliklərlə fəaliyyət göstərmək deməkdir, o çətinliklərdən söhbət gedir ki, onlarla mübarizə aparmaq sizi İnsan kimi xüsusi keyfiyyətlərə malik olmağa vadar edir. Siz dəfələrlə ən çətin seçim hesab olunan vicdan və qanun qarşıdurması ilə üz-üzə qalacaqsınız, bəzən vicdanınızın səsi sizə qanunla seçim etməkdə məhdudiyyət yaradacaq, yaxud əksinə, bunu seçmək sizin ixtiyarınızdadır, lakin bir İnsan kimi vicdanınızı, bir vəkil kimi qanunu unutmayın. Əgər ikisi arasında seçim etməli olsanız doğru olanı seçin, o doğrunu ki, bu sizə deyil, yardım göstərdiyiniz şəxsə xeyir gətirmiş olsun.
 
Enerjili olmaq
 
Çətin, yorğun zamanınızda mənəvi qida tapmağa çalışın, qidalanın, mənəviyyatınızı və bu yöndə şüurunuzu yalnız buraxmayın. Qida müxtəlif ola bilər, lakin bunu tapmaqda bir çətinliyiniz varsa, ən misilisizi hesab olunan – uşaq təbəssümünü seçin, uşaqlara, onların təbəssümlərinə tamaşa edin, hər şeyi unudun!
 
Uşaqlara tək enerji mənbəyi kimi də baxmayın, onları məsləhətçi kimi də dəyərləndirin. Bəzən seçim etdiyiniz məsələləri asan formada uşaqlara danışın, onların seçimini öyrənin. Unutmayın uşaqların seçimi daha ədalətlidir, çünki onlar bu seçimdən elə də böyük təmənna güdmürlər.
 
Düzgün olmaq
 
Həqiqətin gözünə düz baxmaqdan çəkinməyin, uğursuz olsanız belə!
 
Yalanla yoldaşlıq qəbuledilməzdir, hətta bu yalan sizə böyük uğurlar gətirsə belə! Unutmayın ki, yalanla əldə edilən uğur sizə məxsus deyil, şüurunuza, daha doğrusu vicdanınıza hakim kəsilmiş mənfi niyyətlərin naliyyətidir. O mənfi niyyətlər hər bir insan daxilində toxum kimi bəslənməkdədir, lakin o toxumu cücərtmək, inkişaf etdirmək sizdən asılıdır. Toxumu məhv etmək isə böyük iradə tələb edir, çox böyük!
 
Kimsə sizə yalanla qazanılmış bir uğurlu iş göstərsə belə, yenə də məğlub olmayın, nə zamansa yalanın aşkar olunacağından, həmin uğurlu işin bir anda cinayət işinə çevriləcəyindən əmin olun!
 
Sizdən kömək gözləyən şəxsi aldatmayın, ona yalan vəd verməyin, sonunu bildiyiniz halda ona hər şeyin yaxşı olması barədə təsəlli verməklə onun vəziyyətini daha da ağırlaşdırmayın. Onu anlamağa və anlatmağa çalışın, həyatda hər şeyin başlanğıcı olduğu kimi, sonunun da olduğunu bildirin və bu son onun düşdüyü vəziyyət demək deyil, İnsan üçün son onun şüurunun fəaliyyətini dayandırmasıdır. Bunu yaxşı bilirsiniz, elə bu istiqamətdə də həyatın davam etməsini anladın.
 
İnamlı olmaq
 
Şüurunuzun gücü, zəhmətiniz və vicdanınız sizdən xəbərsiz müzakirə mövzusu olduğunu unutmayın və bu müzakirənin mütləq şəkildə nə zamansa sizə dəyər verəcəyindən əmin olun. Əgər daxilinizdə inam hissi mövcud deyilsə, bu şüurunuza da hakim kəsiləcək və siz inamsız halda peşənizin daşıyıcılarına çevriləcəksiniz.
 
İnamınız olmalıdır! İnamınız yoxdursa artıq inamsızlığa məğlub olmusunuz. İnamsızlıq olan yerdə isə ən qəddar ədalət belə gülünc görsənər.
 
Güvənli olmaq
 
Güvən əbədi olmalıdır. Əbədi! Odur ki, əbədi olanı seçin! Nəyi?! Güvənəcəyiniz bir şey varsa o da şüurunuzdur, ondan kənarda heç kim, heç nə sizə əbədi güvən verə bilməz. Bu hətta doğmalarınıza, yaxınlarınıza belə aiddir!
 
Ədalətli olmaq
 
Ədalətli olmağa çalışın, ədalətin bərqərar olması üçün mübarizə aparın, əgər yekunda düşüncənizdə, eləcə də hərəkətinizdə yanıldığınızı görsəniz ruhdan düşməyin, ədalət mütləq bir zamanda öz yerini və gücünü göstərəcəkdir, buna əmin olun.
 
Elə bir mübahisə yoxdur ki, yekunda ədalətlə üzləşməsin, ədalətə məğlub olmasın, əgər kimsə sizə bu barədə bir hadisə göstərsə belə inanmayın və inanın ki, ədalətdən kənar hesab olunan mübahisə özlüyündə ədalətə məğlub olmuşdur, sadəcə bundan xəbərsizdirlər. Çünki ədalətsizlikdən sevinc qazanan insanın məğlub olmasını görməyə, bilməyə ehtiyac yoxdur, həmin şəxs artıq daxilən məğlub olmuşdur.
 
İnanclı olmaq
 
Peşə fəaliyyətinizi həyata keçirərkən dəfələrlə “Tanrı” sözünü eşidəcəksiniz! Bunu ağır cinayət törədən qatildən tutmuş yaxınını itirən şəxsə qədər, eləcə də məhkəmə salonlarında müxtəlif insanlardan (bir niyyət – kömək üçün “Tanrı”ya müraciətlərini) eşidəcəksiniz. Onların nə qədər düzgün, yaxud həqiqi olmalarına inanmaq öz əlinizdədir, amma nəticə heç nəyi həll etmir; cinayət cəzalanmalıdır, haqq öz yerini tapmalıdır.
 
İnanclı insanların inancına görə onları aşağılamayın, onların inancına hörmətlə yanaşın.
 
Tanrının varlığına inanmaq sizin öz səlahiyyətinizdədir, amma unutmaq lazım deyil ki, bir qanun belə Tanrının varlığına toxunmayıb və o da məlumdur ki, bir qanun belə Tanrının yoxluğu ilə bağlı göstəriş nəzərdə tutmayıb. Qadağanın olmaması, hüququn olmasıdır, eləcədə Tanrının varlığına inanmaq hüququnun. Lakin unutmaq lazım deyil ki, Tanrının varlığı qanunlarda öz əksini hüquqi formada tapmağa çalışıb – daxili inam kimi. Odur ki, başqasının daxili inamını formalaşmasında Tanrıdan istinad çəkməkdə azadsınız, bunu necə istəyirsiniz elə də başa düşün, yetər ki, qanunla Tanrı arasında hər hansı bir uçurumun əmələ gəlməsinə şərait yaratmayın.
 
Ləyaqətli olmaq
 
Ləyaqətinizlə seçilməyə çalışın, nümunə olun! Qürurunuzun yol verdiyi həddə ləyaqətli olun, qürurunuzun yol vermədiyi halda nəinki olmaq, ləyaqətli davranmağa da çalışın. Ləyaqətli olduğunuz zaman bəşəriyyət sizə daha doğma gələcək, hətta mövcud, ətrafınızı əhatə edən minlərlə pislik içərsində belə!
 
Cinayət törədən şəxsin bir İnsan olduğunu, onun daxili dünyasının mövcudluğunu da unutmayın, onu törətdiyi səhv hərəkəti anlamaqda yardımçı olun, onun mənəvi dünyasını cinayət törətdiyi üçün ləkələməyin.
 
Yardım göstərdiyiniz şəxsə, eləcə də qarşı tərəfə peşənizdən dolayı adi bir şəxs kimi münasibət sərgiləməyin, bir anlıq olsa da özünüzü onun yerində təsvir edin, onun vəziyyətində seçim edin, ona hörmətlə yanaşın, dediyiniz hər bir sözün, etdiyiniz hər bir hərəkətin ona mənfi təsir etməyəcəyindən əmin olun.