11-13 iyul 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində Hüquqşünasların (Vəkillərin) Müdafiəsi üzrə Ekspertlər Komitəsinin (CJ-AV) Vəkillərin Müdafiəsi barədə Konvensiya (Konvensiya) layihəsinin hazırlanması istiqamətində 2-ci iclasını keçirmişdir.
Qeyd edək ki, Avropa Şurasının Hüquqi əməkdaşlıq üzrə Avropa Komitəsinin yeni təsis edilmiş alt-qurumu olan CJ-AV-nin əsas məqsədi vəkillərin (hüquqşünasların) peşə fəaliyyətini sərbəst həyata keçirmələrini və bu peşə ilə məşğul olmaq hüququnun müdafiəsini gücləndirməyə yönələn, onların müstəqilliyini təmin etmək üçün tətbiq edilən minimum standartların toplusunu müəyyən edən, eləcə də bu sahədə müəyyən mexanizmin yaradılmasını ehtiva edəcək hüquqi sənəd layihəsini hazırlamaqdır.
İclasda üzv dövlətin nümayəndəsi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Allahverən Oruclu iştirak etmişdir. İclasda vəkillik peşəsinin müdafiəsini gücləndirməyə yönəlmiş Konvensiyanın ilkin lahiyəsinin müddəaları ətrafında müzakirələr aparılmışdır, o cümlədən, sənədin əhatə dairəsi, peşə assosiyalarının və hüquqşünasların (vəkillərin) hüquqları, istisnalar və məhdudiyyətlər, üzv dövlətlərin bu sahədə vəzifələrinin və öhdəliklərinin məzmunu müəyyən edilərək ilkin layihəyə çoxsaylı əlavə və dəyişikliklər edilmişdir.
CJ-AV-nin 2-ci dəfə keçirilən bu iclaslarında üzv ölkə Azərbaycan Respublikası adından, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi kimi çıxış edən A.Oruclu müzakirələrdə də şərhlər və təkliflərlə yaxından iştirak etmişdir.