03 avqust 2022-ci il tarixində Azərbaycan Resublikası Vəkillər Kollegiyasının və Azərbaycan Notariat Palatasının rəhbərliyi arasında görüş keçirilmişdir.
Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlamış, hər iki qurumun bir sıra fəaliyyətlərinin eyni nöqtədə birləşməsini, istiqamətlərin üst-üstə düşməsini, bununla bağlı səmərələri əməkdaşlıq münasibətlərinin yaradılmasını və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu görüşün vacibliyini vurğulamışdır.
Daha sonra, Anar Bağırov Kollegiyanın son dövrlərdəki fəaliyyəti, bu sahədə görülən işlər, o cümlədən vəkillik peşəsinə xüsusilə gənc hüquqşünasların marağının çoxalması, vəkillərin sayının 2.5 dəfədən çox artması, vəkilliyə qəbul imtahanları, onların davamlı tədrisə cəlb olunması, vəkillərə müxtəlif formalarda dəstək, Kollegiyanın idarəetmə orqanlarının işi və s. məsələlər barədə ətraflı məlumat vermişdir.
Bundan əlavə, Anar Bağırov oxşar strukturlara malik olan hər iki qurumun fəaliyyətində də beynəlxalq təcrübənin tədbiqi, vətəndaş məmnunluğunun yaradılması, o cümlədən vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsi zamanı qarşılaşdığı maneələrin aradan qaldırılması, innovasiyaların tədbiqi və s. ilə bağlı təcrübə mübadiləsinin aparılmasının zəruriliyindən və bu sahədə əməkdaşlıq perspektivlərindən danışmışdır.
Daha sonra, Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov yeni yaradılmış palatanın hazırki fəaliyyəti və qarşıda duran məqsədlər barədə geniş məlumat vermiş, Kollegiya ilə birgə həyata keçirilə bilinəcək əməkdaşlıq imkanlarına dair fikirlər səsləndirmişdir.
Görüşün sonunda hər iki qurumun faəliyyətini əks etdirən xatirə hədiyyələr təqdim olunub.