Ölkədə ilk dəfə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi 1 aylıq Yay Məktəbi təşkil olundu. Cari ilin 15 iyul - 15 avqust tarixlərində keçirilmiş “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim edilib, fərqlənmə ilə bitirən 36 tələbə isə bölgələrdə təşkil olunmuş yay düşərgəsində iştirak edib.
Sentyabrın 7-də Vəkillər Kollegiyasının və Gənclər Fondunun rəhbərliyinin, Milli Məclisin sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin, Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərovun, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi sektorunun müdiri Otari Qvaladzenin, Baş prokurorun müavini Heydər Məmmədovun, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Mediasiya Şurasının, digər dövlət orqanlarının, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər şəxslərinin, hüquq müdafiəçilərinin, beynəlxalq səviyyədə tanınan təlimçi-ekspertlərin, eləcə də KİV nümayəndələrinin iştirakı ilə Yay Məktəbinin təntənəli qapanış mərasimi baş tutub.
Tədbirin əvvəlində ilk öncə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, Kollegiyanın əməkdaşı Günay Sultanova Yay Məktəbi barədə hazırlanmış video çarxı nümayiş etdirib və tədris proqramı barədə təfərrüatlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov layihənin yekunlarına həsr edilmiş tədbirdə iştirak edən hər kəsi salamlayıb və bildirib ki, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də uğurla davam etdirilən gənclər siyasəti nəticəsində cəmiyyətimizdə gənclərin ictimai həyatın bütün sahələrində fəallığı artıb. Belə bir şəraitdə təşkil olmuş Yay Məktəbinin gözləntiləri doğrultmasından, gələcəkdə bu kimi layihələrin davamlı keçiriləcəyindən, gənclərə dəstəyin daim diqqət mərkəzində olmasından bəhs etdi.
Açılış nitqini davam etdirən Fondun icraçı direktoru Fərid Cəfərov layihənin uğurlu təşkili və başa çatması münasibətilə Yay Məktəbinin təşkilində əməyi olan hər kəsi və iştirakçıları təbrik edib, bu Məktəbin gənc hüquqşünasların həm də praktiki biliklərinin artırılmasında böyük töhfə verdiyini qeyd etdi.
Daha sonra, Kollegiyanın Aparat rəhbəri Bayram Orucov təqdimat ilə çıxış edərək, son 4 il yarım ərzində Kollegiyanın müxtəlif sahələrdəki fəaliyyəti, həyata keçirilən islahatlar, yerli və beynəlxalq sahədə görülən çoxsaylı işlər və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov çıxış edərək bildirmişdir ki, möhtərəm cənab Prezident İlham Əliyevin liderliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfər dövlətimizin davamlı inkişafı üçün yeni imkanlar yaratmışdır. Gənc nəslin bu imkanlardan səmərəli şəkildə istifadə etməsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyə, peşəkarlıq məsələlərinə xüsusi diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, o cümlədən gənc hüquqşünaslara aiddir. Çünki güclü dövlət güclü iqtisadiyyatla bərabər, ədalət və hüququn aliliyi prinsiplərinə əsaslanır.
Tədbir zamanı çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov müasir Azərbaycan gənclərinin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün tam şərait yaradıldığını qeyd etmişdir. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin dayandığını vurğulayan H.Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırmışdır. H.Məmmədov çıxışında hüquqşünas tələbələrin praktiki bacarıqlarının formalaşması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən layihələrin uğurlu nəticələrindən bəhs etmişdir.
Bundan əlavə, Yay Məktəbində iştirak edən bir neçə fəal tələbə də bu Məktəb barədə öz təəssürat və fikirlərini bölüşüb, yay tətillərinin səmərəli keçirilməsində verilən töhfələrə görə təşəkkürlərini bildirib və bu kimi layihələrin davamlı olması arzuladıqlarını vurğulayıblar.
Qeyd edək ki, Yay Məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlara məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər, səhnələşdirilmiş məhkəmə müsabiqələri Ali Məhkəmənin, Nəsimi Rayon Məhkəməsinin hakimlərinin, Prokurorluq orqanlarının əməkdaşlarının və təcrübəli vəkillərin iştirakı ilə təşkil edilib.
Tədbirin yekununda Yay Məktəbini uğurla başa vuran tələbələrə sertifikatlar verilib, verdikləri töhfələrə görə təlimçilərə təşəkkürnamə təqdim olunub, sonra qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.