Məlum olduğu kimi Vəkillər Kollegiyanın tərkibində biznes hüququ sahəsində ixtisaslaşan, tanınmış vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsi yaradılmışdır.
10.09.2022-ci il tarixində Biznes Hüququ Komitəsinin ilk ümumi yığıncağı keçirilmişdir. İclasda Komitənin sədri Nazlı Əhmədova, sədr müavinləri Altay Mustafayev və Əkram Həsənov, həmçinin Komitənin işçi qruplarının sədrləri və üzvləri iştirak etmişdir.
Ümumi yığıncağı giriş sözü ilə açan Komitənin sədri Nazlı Əhmədova iclas iştirakçılarına Komitənin məramı, məqsədi və cari fəaliyyəti barədə məlumat vermişdir.
Sonra Komitənin sədr müavini Əkrəm Həsənov Komitənin Əsasnaməsinin təqdimatını etmişdir. O, Komitənin fəaliyyətinin əsas məqsədi, komitənin strukturu, idarə olunması, üzvlük, komitənin işinin təşkili barədə geniş məlumat vermiş, iclas iştirakçılarının suallarını cavablandırmışdır.
Daha sonra Komitənin sədr müavini Altay Mustafayev Biznes Hüququ Komitəsinin işçi qrupları, onların tərkibi barədə prezentasiya ilə iclas iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, Komitənin tərkibində hal-hazırda 6 İşçi Qrupu fəaliyyət göstərir.
İclasda həmçinin Nazlı Əhmədova 2022-ci ilin sonunadək Komitənin fəaliyyət planının təqdimatı və müzakirəsi ilə bağlı çıxış etmişdir. O, bu günə qədər Komitə tərəfindən görülən işlər və gələcəkdə planlaşdırılan işlər barədə geniş məlumat vermişdir. O, Komitə tərəfindən keçirilməsi planlaşdırılan “Business Law Discussion Club” (“Biznes hüququ üzrə müzakirə klubu”) layihəsi, onun formatı və mümkün tərəfdaşları, Komitənin yaradılmaqda olan saytı barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Komitə üzvlərini maraqlandıran suallar cavablandırlmış, “Business Law Discussion Club”da müzakirə olunacaq mövzular barədə fikir mübadiləsi aparılmışdır.
İclasın yekununda Komitənin fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilmiş və xatirə şəkli çəkilmişdir.