Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Union” vəkil bürosunun açılışı keçirilmişdir

23 sentyabr 2022    1511 share share

23.09.2022-ci il tarixində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə “Union” Vəkil Bürosunun açılışı keçirilmişdir.
 
Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Pərviz Ələkbərov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, vəkillər və hüquqşünas alimlər iştirak etmişlər.
 
Açılışda iştirak edən qonaqları ofis ilə tanış edən “ Union” Vəkil Bürosunun müdiri Orxan Abbasov məlumat verərək bildirmişdir ki, büronun ümumi sahəsi 160 kv metrdən ibarətdir. Büroda 3 geniş pəncərəli vəkil otağı, 1 konfidensial görüş otağı, sanitar qovşağı, bir mətbəx, bir konfrans otağından ibarət olmaqla hər cür mebellə təchiz olunmuşdur. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaranmışdır. Büroda vəkillərin istirahəti və vətəndaşlarla görüş, həmçinin seminar və təlimlərin, müzakirələrin keçirilməsi üçün otaqlarımız müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub.
 
A.Bağırov bildirib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkillərin sayının artırılmasında özünü büruzə verir: “Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur. Biz çalışırıq ki, vəkilliyə qəbul imtahanı beynəlxalq standartlara cavab versin. Ölkəmizdə vəkil bürolarının sayı artıq 121-ə çatıb. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb”.
 
“Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik. Kollegiya az qurumlardandır ki, özü-özünü maliyyələşdirir. Maliyyə müstəqilliyi olmayan qurum heç vaxt müstəqil ola bilməz. Bu gün vəkilliyə gələn hüquqşünasların 80 faizi 40 yaşına qədərdir”, - deyə A.Bağırov qeyd edib.
 
Açılışda eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək Azərbaycanda son illər vəkillik sahəsində görülmüş işləri yüksək qiymətləndirib, müasir standartlara cavab verən vəkil bürolarının açılmasının vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında əhəmiyyətini vurğulayıb. Z.Əliyev son dövrdə tələbələr arasında vəkillik sahəsinə marağın çoxaldığını, BDU Hüquq fakültəsilə Vəkillər Kollegiyası arasındakı səmərəli və çoxşaxəli əməkdaşlığın inkişaf etdiyini vurğulamışdır.
 
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.