Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Anar Bağırov: Ümid edirik ki, ilin sonunadək Azərbaycanda vəkillərin sayı 1500-ə çatacaq

23 may 2018    2462 share share

Vəkillər Kollegiyasına yeni üzvlərin qəbulu davam edir. İxtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizəd bu gün and içdi. Beləliklə, ilk dəfə olaraq Azərbaycanda vəkillərin sayı 1100 nəfəri ötüb.

Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mayın 23-də jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib ki, hazırda Azərbaycanda 1128 vəkil fəaliyyət göstərir. Bu proses davam edəcək. Vəkillər Kollegiyası bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək. Ümid edirəm ki, ilin sonunadək Azərbaycanda vəkillərin sayı 1500-ə çatacaq.

”Erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər tərəfimizdən Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Biz lazım olan işləri vaxtında həyata keçiririk".

Anar Bağırov bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi D. Əsgərov və Ş. Quliyevin işinə baxılmasını tezləşdirəcək: "Biz buna ancaq ümid edə bilərik. Avropa Məhkəməsinin öz prosedurları var. Burada söhbət yalnız insanların qanunsuz həbsindən getmir, onlara işgəncə də verilib. Bu insanların səhhətində ciddi problem var". 

A. Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası D. Əsgərov və Ş. Quliyevlə bağlı bütün lazımi tədbirləri görür: "Biz bu məsələdə sona kimi mübarizə aparacağıq. Hesab edirəm ki, yaxın aylar ərzində Avropa Məhkəməsi bu məsələyə baxacaq, ədalətli və düzgün qərar qəbul edəcək. Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsinin nüfuzuna təsir edən məsələdir. Avropa Məhkəməsi bu məsələdə öz prinsipiallığını nümayiş etdirməlidir".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.