21 oktyabr 2022-ci il tarixində Avropa Şurası Bakı Ofisinin təşkilatçılığı ilə Marriott JW Abşeron Mehmanxanasında “Avropa məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Avropa Şurasının, dövlət və qeyri-dövlət orqanlarının rəhbər və nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişdir.
Mərasimdə layihənin əsas məqsədi barədə məlumat verilərək qeyd olunmuşdur ki, layihə Azərbaycanda insan hüquq və əsas azadlıqlarının Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq həyata keçirilməsini gücləndirmək, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının və Avropa Şurasının digər müvafiq sənədlərinin vaxtında və səmərəli icrasını təmin etmək məqsədini güdür və icra müddəti 18 aydır.
Layihənin tərəfdaşlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nаzirliyi, Baş Prokurorluğu, Vəkillər Kollegiyası, İnsan Hüquqları üzrə Müvəkkilinin olması vurğulanmışdır.
Eyni zamanda tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “İnsan hüquqlarının müdafiəsi mexanizmlərinin fəaliyyətində vəkillərin rolu” mövzusunda çıxış etmişdir. O öz çıxışında, vəkillərin bu sahədəki rolu, onların insan hüquqlarının müdafiəsi zamanı rastlaşdıqları problemlər, Kollegiyanın bu sahədəki uğurları, vəkillərin insan hüquqları sahəsində tədrisi barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbir çərçivəsində iştirakçıların layihə ilə bağlı sualları cavablandırılmış, onları maraqlandıran layihə ilə bağlı mövuzlar ətrafında diskussiya edilmişdir.