Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilib

24 oktyabr 2022    1710 share share

24.10.2022-ci il tarixində “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda “Badamdar Estate” mehmanxanasında tədbir keçirilib.
 
Vəkillər Kollegiya və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki qurumun rəsmi şəxsləri, vəkillər və QHT nümayəndələri iştirak edib.
 
Əvvəlcə Vəkillər Kollegiyası Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qazıyeva çıxış edərək yeni istifadəyə verilən "Vəkillərin onlayn tədris platforması" barədə məlumat verib. O bildirib ki, platforma vəkillərin onlayn qaydada öz bilik və bacarıqlarını artırmasında mühüm rol oynayacaq: "Bütün vəkillər bu platformadan yararlana bilərlər. Bu, həm də bölgələrdə fəaliyyət göstərən vəkillərin təlimlərdə aktiv iştirak etməsi üçün çox əlverişlidir. Biz bir ildən artıqdır ki, bu platforma üzərində çalışırıq və təkmilləşdirmə işlərimiz davam edir. Şəxsi kabinetə daxil olarkən çətinliklə qarşılaşan vəkillər bizə müraciət edərək yardım ala bilərlər. Onu da bildirim ki, platformada vəkillər barədə məlumatların məxfiliyi qorunur".
 
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək vəkillik sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə danışıb. Sədr deyib ki, bu istiqamətdə bir sıra işlər görülüb və əsas məqsəd vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır: "Biz son illərdə bir çox yeniliklərə imza atmışıq. Yeni layihələr, yeni təşəbbüslər həyata keçiririk. Heç bir ideyamız kağız üzərində qalmır. Biz hamısını reallaşdırırıq. Təbii ki, bu işdə dövlətimiz, dövlət qurumları bizə dəstək olur. Ədliyyə Nazirliyi isə bizə dəstək göstərən qurumlar arasında birinci sıradadır. Başda cənab nazir Fikrət Məmmədov olmaqla, Ədliyyə Nazirliyinə təşəkkür edirik".
 
A.Bağırov həmçinin vəkilləri narahat edən məsələlərdən də danışıb: "Bu gün vəkilləri narahat edən məsələlərdən biri də sorğuların kağız daşıyıcıda göndərilməsidir. Bu, bəzən neqativ hallara, prosessual pozuntulara gətirib çıxarır. Hesab edirik ki, vəkil sorğularının elektron qaydada göndərilməsi bizim işimizi daha rahat, səmərəli edər və vaxt itkisinin qarşısını alar. Bu məsələdə Ədliyyə Nazirliyindən dəstək istəyirik".
 
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da çıxış edərək Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında sıx əməkdaşlıq həyata keçirildiyini bildirib: "Birgə əməkdaşlığımız çərçivəsində bizim birgə tədbirlərimiz – ictimai müzakirələr, açıq qapı günləri, brifinqlərimiz keçirilmişdir ki, bu da ictimaiyyət üçün faydalı olmuşdur. Eyni zamanda vəkillər üçün Ədliyyə Akademiyasında təlimlər, ixtisasartırma kursları təşkil olunur, təlimçi vəkillər hazırlanır".
 
Nazirlik rəsmisi vəkillərin penitensiar müəssisələrində həyata keçirdiyi ödənişsiz hüquqi yardım aksiyalarına toxunub: "Mütəmadi xarakter daşıyan bu aksiyalardan məhkumlar çox geniş bəhrələnirlər. Bu işdə Anar müəllimin dəstəyi böyükdür. Düşünürəm ki, bugünkü tədbirimiz qarşılıqlı fəaliyyətimizə əlavə töhfə verəcək".
 
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə isə çıxışında "Elektron məhkəmə" informasiya sisteminin vəkillər üçün daha səmərəli olması istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üzrə tədbirlər davam etdirilir, hakimlərlə yanaşı, məhəmə tərəfinin digər iştirakçıları, o cümlədən vəkillər üçün də yeni imkanlar yaradılır: “Vəkillərdən də təkliflər gəlir. Hazırda 40-a yaxın təklifdən ibarət paket var. Biz onları reallaşdıracağıq” – deyə nazirlik rəsmisi bildirib.
 
Daha sonra Ədliyyə Nazirliyinin məsul əməkdaşları tərəfindən "Elektron məhkəmə" informasiya sistemi, "Mobil Notariat" və mobil "E-qanun" tətbiqlərinin mahiyyəti və əhəmiyyəti, vətəndaşlara yaradılan yeni imkanlar barədə təqdimatlarla çıxış ediblər.
 
Tədbirin sonunda vəkillərin sualları cavablandırılıb, informasiya və kommunikasiya texnologiyaları, onlarda istifadə vasitələri, bu sahədə vəkillərin yaşadıqları problemlərlə bağlı müzakirələr aparılıb.

.