Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

2018 Peterburq Hüquq Forumunun ən yaddaqalan anları

25 may 2018    3017 share share

15-19 may tarixlərində Rusiyanın Sankt Peterburq şəhərində VIII Beynəlxalq Hüquq Forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından Kollegiyanın sədri Anar Bağırov iştirak etmişdir. Azərbaycanın Respublikasının Vəkillər Kollegiyası hər il ənənəvi olaraq keçirilən foruma Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası tərəfindən dəvət olunmuşdur.

Tədbirdə Vəkillər Kollegiyasının sədrinin bir sıra ölkələrin vəkillər kollegiyalarının, habelə ixtisaslaşmış beynəlxalq təşkilatların rəhbərləri ilə qarşılıqlı görüşləri keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Qeyd olunmalıdır ki, builki Forum bu dəfə bir sıra maraqlı yenilikləri ilə yadda qalmışdır. Yaddaqalan tədbirlərindən biri rusiyalı məhşur vəkil Roman Bevzenkonun hüquqşünas-robotla çəkişməsi olmuşdur.

Meqafon şirkətinin təqdim etdiyi hüquqşünas-robot neyron şəbəkəsi əsasında fəaliyyət göstərir. O, yüklənilmiş informasiyanı qəbul və təhlil etmək, məlumatlarda təkrarlanan sözləri ayırd etmək, onlar arasında əlaqəni müəyyən etmək qabiliyyətinə malikdir. Onu da qeyd etmək lazımdır ki, robot qəbul etdiyi hər yeni informasiya ilə daha da “ağıllanmaqda”, suallara verdiyi cavablar daha dəqiq və düzgün olmaqdadır. 

Vəkil Bevzenko ilə robot arasında keçirilmiş mübarizənin süjeti təxminən aşağıdakı kimi olmuşdur.

Tərəflər arasında torpaq sahəsinin icarəsi müqaviləsi bağlanmışdır. Tərəflər icarə müqaviləsinin predmeti olaraq qeyd etmişlər ki, torpaq sahəsi icarəçiyə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün icarəyə verilir. İcarəçi ticarətlə məşğul olan şirkətdir. Müqavilə bağlandıqdan bir il sonra icarəçi torpaq sahəsində ticarət mərkəzinin tikintisinə başlayır. İcarəçi mülkiyyət hüququnun qeydə alınması üçün dövlət reyestrinə müraciət etmiş və hüququ qeydə alınmışdır. Bundan xəbər tutan icarəyə verən icarəçiyə qarşı mülkiyyət hüququnun qeydiyyatının ləğvinə dair iddia tələbi ilə müraciət etmişdir. 

Püşk nəticəsində Bevzenkoya icarəyə verənin, robota isə icarəçinin hüquqlarının müdafiəsi həvalə olunmuşdu.

Əvvəldə robotun mövqeyi bir o qədər ürəkaçan olmasa da, çəkişmənin sonrakı mərhələlərində o, qanunvericilikdən, hətta Bevzenkonun müəllifi olduğu məqalədən sitatlar gətirməyə və mövqeyini müdafiə etməyə çalışdı. 

Daha sonra isə süni intellekt heç kimin gözləmədiyi bir addım atdı – hüquqi fikir yürütdü. O, təxminən bildirdi ki, tikinti sahibkarlıq fəaliyyətinin növlərindən biridir, müqavilədə sahibkarlıq fəaliyyəti qeyd olunub, bu o deməkdir ki, tikinti aparılması da mümkündür. 

Buna baxmayaraq, son nəticədə Bevzenko RF Mülki Məcəlləsinin 431-ci maddəsinə əsaslanaraq son zərbəni vurdu və jürinin qiymətləndirməsi nəticəsində qalib gəldi. 

Bununla belə, layihə uğurlar nəticlənmişdi – Meqafonun təcrübəsi uğurlu alınmışdı, Bevzenko qalib gəlmiş və insanlığı robotlara məğlub olmaqdan qorumuşdu, izləyicilər isə ecazkar şou izləmişdilər.