Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Yetkinlik yaşına çatmayan məhkumlar üçün tədbir təşkil edilib

21 noyabr 2022    1406 share share

Ölkəmizdə yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması daim diqqətdə saxlanılır, azad cəmiyyətə daha tez uyğunlaşması məqsədilə onların islahı və asudə vaxtının səmərəli təşkil edilir. Belə bir şəraitdə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən də yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, bilik və bacarıqlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görülür, insan haqlarının, o cümlədən məhkumların hüquqlarının müdafiə edilməsinə xüsusi önəm verilir.
 
Bu sahədə cari ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın ölkəmiz tərəfindən ratifikasiya edilməsinin 30 illiyi qeyd olunur və bu ildönüm münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində Vəkillər Kollegiyasının “Qadın Vəkillər Alyansı”, Ədliyyə Nazirliyi, UNİCEF, Ombudsman Aparatı və “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlar üçün tədbir təşkil edilib.
 
Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Bundan sonra, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Kollegiyanın “Qadın Vəkillər Alyansı”nın sədri Dilarə Əfrasiyabova və digər şəxslər yetkinlik yaşına çatmayan məhkumları salamlayıblar.
 
Çıxış edənlər ölkəmizdə uşaq siyasətinin uğurla həyata keçirilməsindən, uşaqların hərtərəfli inkişafına göstərilən yüksək qayğıdan, uşaq hüquqlarının etibarlı təminatından bəhs ediblər. Yeniyetmə məhkumların hüquqlarının qorunması, sosial adaptasiyası, saxlanma şəraitinin müasirləşdirilməsi üzrə görülən tədbirlər vurğulanıb.
 
Daha sonra, yeniyetmə məhkumlar arasında futbol yarışı keçirilib və uşaqların əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib.
 
Tədbir zamanı əvvəlcədən aparılmış sorğu əsasında məhkumlara istəklərinə və maraq dairələrinə uyğun olaraq kitablar, asudə vaxtının təmini üçün idman ləvazimatları, idman geyim və ayaqqabıları və digər hədiyyələr təqdim olunub.
 
Sonda “Uşaq Hüquqları Aylığı” çərçivəsində müəssisədə təşkil olunan tədbirlərdə aktiv iştiraklarına görə yeniyetmələr sertifikatla təltif olunublar.