Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının 5 illik hesabat - seçki konfransı keçirilmişdir

08 dekabr 2022    1791 share share

06 dekabrın 2022-ci il tarixində, Bakı şəhəri “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilmişdir.
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilmişdir. Daha sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat vermişdir ki, Konfransda Bakı şəhərində və Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarından və fərdi vəkillərdən 300-ə yaxın nümayəndə, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak edirlər.
 
Konfransa sədrlik edən Kollegiyanın sədri A.Bağırov tədbirin gündəliyini iştirakçılara təqdim etmiş, gündəlik üzrə bir sıra müzakirələr aparılmış, təkliflər və müvafiq qərar qəbul olunmuşdur.
 
Sonra Anar Bağırov Vəkillər Kollegiyasının son 5 ildəki fəaliyyəti barədə qısa məlumat vermişdir. Sonra Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmi nümayiş olunmuşdur.
 
Daha sonra Konfransda Vəkillər Kollegiyası sədrinin müşaviri Anar Əsədov Kollegiyanın 5 illik maliyyə hesabatı barədə təqdimatla çıxış etmişdir. Eyni zamanda, Konfransın qərarı ilə Vəkillər Kollegiyasının növbəti 1 il üzrə büdcəsi təsdiq edilmiş və sonrakı 4 il üzrə büdcə proqnozu verilmişdir.
 
Hesabatlardan sonra Kollegiyanın 5 illik fəaliyyətinin qiymətləndirilməsi səsverməyə çıxarılmış və Konfrans iştirakçılarının yekdil qərarı ilə 5 illik dövr müsbət qiymətləndirilmişdir.
 
Gündəliyə uyğun olaraq daha sonra seçkilər keçirilmiş, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, müavinləri və üzvləri, eyni zamanda Vəkillərin İntizam Komissiyasının sədri və tərkibi seçilmişdir.
 
Seçkilərin nəticələrinə əsasən Anar Bağırov növbəti 5 illik müddətə Vəkillər Kollegiyasının sədri, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov isə sədr müavinləri seçilmişlər. Ramiz İbrahimov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova, Adil Kərimli, Sevinc Alızadə, Fariz Məmmədov, Lalə Nağıyeva, Muxtar Mustafayev, Elçin Usub, Azər Quliyev, Vüqar Babayev Kollegiyanın Rəyasət Heyətinin yeni üzvləri seçilib.
 
Bundan başqa, Cavid Alıyev Vəkillərin İntizam Komissiyasının sədri, Elxan Quliyev onun müavini, İsmayıl Kəngərli, Elşən Səfərov, Ələsgər Hüseynli, Bəhrəmiyyə İlqar, Esmira Hüseynova, Əlirza Əbilov, Vasif Həsənov, Fazil Əhmədov, Abbas Kərimbəyli, Xəyal Bəşirov, Gülşən Salmanova, Paşa Səfərov, Elvin Səlimov, Elvin Əliyev, Ruslan Vəliyev isə Komissiyasının üzvləri seçiliblər.
 
Konfrans çərçivəsində seçkilərin nəticələrinə dair protokollar, Vəkillər Kollegiyasının Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas Komissiyalarının Əsasnamələrinə əlavə və dəyişikliklər edilmişdir.
 
Həmçinin, Konfransda Vəkillər Kollegiyasına Bakı şəhərində ayrılmış binanın yenidən qurulması və Gəncə şəhərində ayrılmış binanın bərpası barədə layihələrin memarı Vüqar Həsənov tərəfindən təqdimat keçirilmişdir.
 
Eyni zamanda Konfrans çərçivəsində Özbəkistan Respublikasında yaşayan, əslən Şuşadan olan Özbəkistan və Azərbaycan Respublikalarının «Dostluq» ordeni ilə təltif edilmiş, Özbəkistan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü Əli Nəsirli Vəkillər Kollegiyasının “Fəxri Vəkil”i adı ilə təltif edilmişdir.
 
Konfransın sonunda iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur.
 
Tədbirdə, həmçinin, Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmış, iştirakçılar tərəfindən bir sıra təkliflər verilmiş və onların sualları cavablandırılmışdır.