Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində Avropa Konvensiyasının (İHAK-ın) 3, 5 və 6-cı maddələrinə dair 3 günlük təlimlər 5 may 2023-cü il tarixində başa çatmışdır.
Təcrübəli moderatorlar İvana Roaqna və Günel Sevdimalıyeva təlimçilərlə İHAK-ın 3-cü və 6-cı maddələri ilə bağlı praktik kazus və testlər üzərində iş aparmış, gündəlikdə duran əsas məsələlərə təfsilatlı izahlar vermiş, həmçinin, təlimin metodologiyasını şərh etmişlər.
Təlimlər Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Hüquq və İnsan haqları İnstitutu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Təlimdə Avropa Şurasının Bakı Ofisinin nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan haqları İnstitutunun əməkdaşlarından ibarət olmaqla, ümumilikdə 27 nəfər iştirak etmişdir.
Təlimin sonunda təlimdə iştirak etmiş şəxslərə sertifikat təqdim edilmişdir.