İyunun 9-da Vəkillər Kollegiyasının üzvü Vasif Hüseynlinin “İşçi və işəgötürən əmək hüququnun subyekti kimi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə vəkillər, hüquqşünaslar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan hüquq elmləri doktoru, professor Alış Qasımov kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, müəllif kitabda əmək münasibətlərinə dair əsas məqamları müfəssəl şərh edib. Kitabın professorların, alimlərin, vəkillərin stolüstü kitabına çevriləcəyinə inamını vurğulayıb.
Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov kitabı yüksək qiymətləndirdiyini deyib. P.Ələkbərov vəkillik sahəsində aparılan ardıcıl islahatlardan bəs edərək görülən işlərin vəkillərin fəaliyyətinə müsbət təsir etdiyini bildirib. O, kitabın müəllifinin gənc olmasına baxmayaraq, peşəkar vəkillərdən olduğunu söyləyib və bu sahədə fəaliyyətinin davamlı olmasını arzulayıb.
Sonra “De Fendo” vəkil bürosunun müdiri Arslan Mikayılov kitab haqda öz fikirlərini bölüşüb. O, belə bir müfəssəl kitabın ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini deyib. Kitabın əmək qanunvericiliyinin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi üçün faydalı olacağını qeyd edib.
Daha sonra kitabın müəllifi Vasif Hüseynli çıxış edərək kitab haqqında məlumat verərək qeyd etmişdir ki, “İşçi və işəgötürən əmək hüququnun subyekti kimi" mövzusundaki monoqrafiyam BDU-nun hüquq fakültəsinin 95 illik yubileyinə həsr olunmuşdur.
Monoqrafiyada əmək hüququnun əsas subyektlərinin nəzəri və təcrübi problemləri kompleks şəkildə tədqiq edilmişdir. “Hüquqşünaslıq" ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertanlar və elmi işçilər, habele əmək hüququ ilə maraqlanan digər şəxslər istifadə edə bilərlər.
Tədbirdə çıxış edən digər qonaqlar da müəllifin yeni əsərini yüksək qiymətləndiriblər.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.