İyunun 9-da Vəkillər Kollegiyasının üzvü Vasif Hüseynlinin “İşçi və işəgötürən əmək hüququnun subyekti kimi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə vəkillər, hüquqşünaslar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan hüquq üzrə fəlsəfə doktoru, professor Alış Qasımov kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, müəllif kitabda əmək münasibətlərinə dair əsas məqamları müfəssəl şərh edib. Kitabın professorların, alimlərin, vəkillərin stolüstü kitabına çevriləcəyinə inamını vurğulayıb.
Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov kitabı yüksək qiymətləndirdiyini deyib. P.Ələkbərov vəkillik sahəsində aparılan ardıcıl islahatlardan bəs edərək görülən işlərin vəkillərin fəaliyyətinə müsbət təsir etdiyini bildirib. O, kitabın müəllifinin gənc olmasına baxmayaraq, peşəkar vəkillərdən olduğunu söyləyib və bu sahədə fəaliyyətinin davamlı olmasını arzulayıb.
Sonra “De Fendo” vəkil bürosunun müdiri Arslan Mikayılov kitab haqda öz fikirlərini bölüşüb. O, belə bir müfəssəl kitabın ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini deyib. Kitabın əmək qanunvericiliyinin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi üçün faydalı olacağını qeyd edib.
Tədbirdə çıxış edən digər qonaqlar da müəllifin yeni əsərini yüksək qiymətləndiriblər.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.