İyunun 15-16 tarixlərində Qazaxıstanın Almatı şəhərində Avropa Şurası, ATƏT, Beynəlxalq Vəkillər Kollegiyaları Assosiasiyası, Avropa Vəkillərinin Assosiasiyası və Qazaxıstan Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Vəkillər 2018 – hüquqi xidmətlərin keyfiyyətinin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfrans çərçivəsində vəkillərin və vəkillər kollegiyalarının müstəqilliyi, vəkillərin deontologiya məsələləri, vəkillərin intizam məsuliyyəti, hüquqi yardım işinin təşkili və davamlı peşə tədrisi mövzularında panellər təşkil olunmuş, Mərkəzi Asiya və Avropa vəkillik təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuş, müxtəlif aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan, Çin, Polşa, Böyük Britaniya, Türkyə, Almaniya, Gürcüstan, Özbəkistan, Qırığızıstan, Tacikstan və Fransadan olan təcrübəli vəkillərin iştirak etdiyi tədbiri Qazaxıstan Vəkillər Kollegiyasının sədri Anuar Tuqel, Avropa Vəkilləri Assosiasiyasının sədri Mariya Slazak və Beynəlxalq Vəkillər Kollegiyaları Assosiasiyasının kollegiyaların məsələləri üzrə komissiyasının sədr müavini Peter Koves salamlama nitqi ilə açıq elan etmişlər.
Daha sonra tədbir öz işini panellər üzrə davam etmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tədbirdə Kollegiyanın sədr müavini Aydın Axundov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev tərəfindən təmsil olunmuşdur. “İntizam icraatı” panelinin işində iştirak edən Rəyasət Heyətinin üzvü, vəkil Muxtar Mustafeyev “Azərbaycanda vəkillərin intizam icraatının aparılmasının bəzi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmiş, son dövrlər Azərbaycanda vəkillik sahəsində aparılan islahatlar haqqında tədbir iştirakçılarına məlumat vermiş və bu kimi tədbirlərin regionun vəkil təşkilatları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulamışdır. Bundan başqa, vəkil tərəfindən iştirakçıları maraqlandıran suallara dolğun cavablar verilmişdir.
Eyni zamanda ölkəmizi yüksək səviyyədə təmsil edən Azərbaycan nümayəndə heyəti tərəfindən konfransda iştirak edən ölkələrin vəkilliyinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirilmiş, gələcək dövrdə faydalı əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılmışdır.
Tədbirində sonunda tədbir iştirakçılarının hamısının iştirakı ilə xatirə fotosu çəkilmişdir.