Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 10-cu ildönümü münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi Şuranın rəhbərliyi ilə görüşmüşdür.
Dövlət Dəstəyi Şurasının inzibati binasında keçən görüşdə Kollegiyanın sədr müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov Şuranın sədri Azay Quliyev və icraçı direktoru Fərasət Qurbanov tərəfindən qəbul olunmuşdur.
Görüşdə sədr müavini Pərviz Ələkbərov tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Şuraya təbrik məktubu Azay Quliyevə təqdim olunmuş, bildirilmişdir ki, vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsində vətəndaş cəmiyyəti institutlarının rolu əhəmiyyətlidir və bu kimi işlərin təşkilində Şuranın 10 illik fəaliyyəti əvəzsiz olmuşdur.
Eyni zamanda, Şuranın sədri Azay Quliyev iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri barəsində nikbin olduğunu bildirmiş və insan hüquqlarının müdafiəsi işində hər iki qurumun birgə təşəbbüslərlə çıxış etmək imkanlarının mövcudluğunu müsbət qiymətləndirmişdir.
Sonda xatirə fotosu da çəkilmişdir.