Dekabrın 15-də Azərbaycan Daxili İşlər Nazirliyi
(DİN) Polis Akademiyası tərəfindən “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin
cinayət-hüquqi, cinayət prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycanın Milli Məclisinin, DİN-in, Ali
Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin, Vəkillər Kollegiyasının (VK), eləcə də respublikamızın
bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri,
kursant və tələbələri iştirak ediblər.
Konfransda Türkiyə, Rusiya, Moldova, Bolqarıstan,
Gürcüstan və Qazaxıstanın 14 ali təhsil müəssisəsinin nümayəndələri onlayn
formatda iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi
önünə gül dəstələri qoyublar. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın
ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransda açılış nitqi ilə çıxış edən DİN-in Polis
Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov iştirakçıları
salamlayıb, tədbirin əhəmiyyəti və məqsədi barədə
fikirlərini bildirib.
Tədbirin plenar iclasında çıxış edən Vəkillər
Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev VK Rəyasət Heyətinin
sədri Anar Bağırovun adından tədbir iştirakçılarını salamlayıb və konfransın
işinə uğurlar arzulayıb. Professor konfransın hüquqi əhəmiyyətini qeyd edib və
mülkiyyət əleyhinə cinayətlər kontekstində praktikada üzləşilən problemlərin
insan hüquqları aspektindən təhlilini aparıb.
Həmçinin tədbirə VK-nın bir sıra üzvləri, Vəkillər Kollegiyasının Akademiyasının əməkdaşları qatılıb, onların konfrans materialları toplusunda məqalə və tezisləri dərc olunub.