100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Polis Akademiyasında mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqi mövzusunda beynəlxalq konfrans keçirilib

16 December 2023    606 share share

Dekabrın 15-də Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyası tərəfindən “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycanın Milli Məclisinin, DİN-in, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Vəkillər Kollegiyasının (VK), eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri iştirak ediblər.

Konfransda Türkiyə, Rusiya, Moldova, Bolqarıstan, Gürcüstan və Qazaxıstanın 14 ali təhsil müəssisəsinin nümayəndələri onlayn formatda iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransda açılış nitqi ilə çıxış edən DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayıb, tədbirin əhəmiyyəti və məqsədi barədə fikirlərini bildirib.

Tədbirin plenar iclasında çıxış edən Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev VK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Professor konfransın hüquqi əhəmiyyətini qeyd edib və mülkiyyət əleyhinə cinayətlər kontekstində praktikada üzləşilən problemlərin insan hüquqları aspektindən təhlilini aparıb.

Həmçinin tədbirə VK-nın bir sıra üzvləri, Vəkillər Kollegiyasının Akademiyasının əməkdaşları qatılıb, onların konfrans materialları toplusunda məqalə və tezisləri dərc olunub.