Cari ilin fevralın 2-də Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin iclasında Prezident İlham
Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı
Kollegiyada görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub. Tədbirlər
Planına əsasən, mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni
zamanda, Naxçıvan Muxtar Respublikasında (MR) pulsuz hüquqi yardım aksiyaları,
konfranslar, intellektual oyunlar, idman yarışları və digər tədbirlərin
keçirilməsinə başlanılıb.
“Heydər Əliyev İli” çərçivəsində ölkə üzrə 61 pulsuz
hüquqi yardım aksiyası keçirilib. Həmin aksiyalarda ümumilikdə 960 vətəndaşın
yararlanması təmin edilib. Beləliklə, hər ayın 10-da Bakıda, regionlarda, o
cümlədən Naxçıvan MR-da vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
“Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhərində
keçirilən aksiyalarda 14 Vəkil Bürosunun (VB) vəkili
(“Yusif Allahverdiyev və Partnyorları” VB - 10 vəkil, 20 saylı VB - 6 vəkil, 38 saylı VB - 3 vəkil, “
Pro Bono” VB - 5 vəkil, 4 saylı VB - 2 vəkil,
“Mirzəyev və Partnyorları” VB - 2 vəkil, “Yusifbəyli və Partnyorları” VB
- 2 vəkil, “Kredo” VB - 10 vəkil, 12 saylı VB - 3 vəkil, 36 saylı VB - 4
vəkil, “Arbitrum” VB - 3 vəkil) və Qadın Vəkillər Alyansı (10 vəkil),
ümumilikdə isə ezam olunmuş 60 vəkil iştirak edərək 198 aztəminatlı şəxsə
pulsuz hüquqi yardım göstərib. Eyni zamanda, digər vəkil qurumları tərəfindən
təşkil edilən aksiyalarda isə 762 vətəndaşa pulsuz hüquqi yardım
göstərilib.
Belə ki, “Heydər Əliyev İli” ilə bağlı keçirilən
tədbirlər planı çərçivəsində 9-10 mart tarixlərində ARVK-nın rəhbərliyi
Naxçıvan MR-da səfərdə olub. Səfər iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin
Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edərək, əziz
xatirəsini ehtiramla yad ediblər. Sonra ARVK-nın rəhbərliyi Prezidentin
səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb, vəkilliyin inkişafı, qarşıda
duran vəzifələr barədə fikir mübadiləsi aparıb. Eyni zamanda, ARVK-nın sədri
Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında (NMRVK)
vəkillərlə, Naxçıvan Dövlət Universitetində (NDU) professor-müəllim heyəti və
tələbələrlə görüşüb. Həmçinin, ARVK və Naxçıvan MR Ədliyyə Nazirliyinin
təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev”
mövzusunda elmi-praktik konfrans keçirilib, Anar Bağırov çıxış edib. Daha sonra
"Heydər Əliyev İli” ilə əlaqədar ARVK tədbirlər planı çərçivəsində
"Yusif Allahverdiyev və Partnyorları" VB-nin vəkilləri Naxçıvan MR-da
pulsuz hüquqi yardım aksiyası keçirib. Aksiyada vətəndaşlara hüquqi məsləhətlər
verilib, o cümlədən müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi
yardımlar göstərilib. Bundan başqa, ARVK rəhbərliyi Naxçıvan Dövlət
Universitetində rektor, professor-müəllim heyəti və tələbələrlə görüşüb,
müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş
etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında
memorandum imzalanıb.
“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı
çərçivəsində görülən işlərin davamı olaraq, VK tərəfindən 6-7 may tarixlərində
“III Vəkil Şahmat” yarışı təşkil edilib. Respublika üzrə 35 vəkilin qatıldığı
yarışda vəkil Elşən Səfərov birinci, vəkil Samir Hüseynzadə ikinci, vəkil Camal
Əliyev isə üçüncü yeri tutublar. ARVK Rəyasət Heyətinin qərarına əsasən, ilk 3
yerin qaliblərinə “Libraff” kitab mağazasından hədiyyə kartları, müvafiq
diplomlar və medallar Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” fondunun
idarə heyətinin sədri Pərviz Ələkbərov tərəfindən təqdim olunub.
Bundan başqa, mayın 12-də ARVK tərəfindən NMRVK ilə
birgə “Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev”
mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət
Himni səsləndirilib. Daha sonra Ümummilli Liderin siyasi fəaliyyəti, eləcə də
gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən
videoçarx nümayiş etdirilib. Həmçinin, ARVK-nın sədri Anar Bağırov konfransa
onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Kollegiyanın Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri
Dilarə Əfrasiyabova, Qadın Vəkillər Alyansının üzvü Leyla Məmmədova, Bakı şəhər
2 saylı VB-nin müdiri Rəna Məmmədova, Vəkillərin İntizam Komissiyasının üzvü,
Mərkəz VB-nin müdiri, Alyansın üzvü Gülşən Salmanova çıxış ediblər.
Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə
həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib. 26-30
iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55
hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual
sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin
keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər
sahələr üzrə təlimlər keçilib. Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb
olan və II dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə
ümumilikdə 15 yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət
edib, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc
düşərgədə iştirak haqqı qazanıb.
Həmçinin, 13 may - 15 iyul tarixlərində Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, ARVK-nın və
AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası
keçirilib. 9 komandanın, ümumilikdə 90-dan artıq vəkilin iştirak etdiyi, bir
dövrədən ibarət olan turnirdə “Şuşa” komandası çempion olub, ikinci yeri
“Barrister”, üçüncü yeri isə "LawyersUnited" komandaları tutub.
Eyni zamanda, hesabat ilində ARVK-nın Vəkil Klubu
tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100
illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq
müsabiqəsi keçirilib. Sayca III müsabiqəyə bir-birindən maraqlı əsərlərini
təqdim edən iştirakçılardan üç nəfər qalib adını qazanıb. Müsabiqəyə qatılanlardan
"Kəngərli və Partnyorları" VB-nin vəkili Aslan Heydarov I, hüquqşünas
Şəhriyar Həbilov II, Nüşabə Əhməd isə III yerin sahibi olub. Sentyabrın 13-də
ARVK Rəyasət Heyətinin iclasında Kollegiyanın sədri Anar Bağırov tərəfindən
onlara mükafatlar təqdim edilib.
Dekabrın 9-da isə ARVK-nın təşkilatçılığı ilə Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin
doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq
sahəsində intellektual müsabiqə başlayıb. Üç mərhələdən ibarət müsabiqədə Elm
və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət
Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası,
ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər
Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və NDU-nun
Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Üç mərhələdən ibarət olan
müsabiqənin qalibi DİN-in Polis Akademiyası olub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın
28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb.
Xüsusilə qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını
qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi
ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd
olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar
edir.
Məhz bu səbəbdən peşə bayramı ərəfəsində dekabrın
27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi
lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının təntənəli
mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları
İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının
rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad
İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil
qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Təntənəli formada keçirilən mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi baş tutub, habelə bir sıra müsabiqələr üzrə I yerin sahiblərinin və müxtəlif nominasiyalar üzrə qaliblərin təltif edilməsi həyata keçirilib. Əlavə olaraq, VK-nın hesabat ilindən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib. Sonra VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.