Cari ilin fevralın 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Kollegiyada görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub. Tədbirlər Planına əsasən, mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında (MR) pulsuz hüquqi yardım aksiyaları, konfranslar, intellektual oyunlar, idman yarışları və digər tədbirlərin keçirilməsinə başlanılıb.
“Heydər Əliyev İli” çərçivəsində ölkə üzrə 61 pulsuz hüquqi yardım aksiyası keçirilib. Həmin aksiyalarda ümumilikdə 960 vətəndaşın yararlanması təmin edilib. Beləliklə, hər ayın 10-da Bakıda, regionlarda, o cümlədən Naxçıvan MR-da vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
“Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhərində keçirilən aksiyalarda 14 Vəkil Bürosunun (VB) vəkili (“Yusif Allahverdiyev və Partnyorları” VB - 10 vəkil, 20 saylı VB - 6 vəkil, 38 saylı VB - 3 vəkil, “ Pro Bono” VB - 5 vəkil, 4 saylı VB - 2 vəkil, “Mirzəyev və Partnyorları” VB - 2 vəkil, “Yusifbəyli və Partnyorları” VB - 2 vəkil, “Kredo” VB - 10 vəkil, 12 saylı VB - 3 vəkil, 36 saylı VB - 4 vəkil, “Arbitrum” VB - 3 vəkil) və Qadın Vəkillər Alyansı (10 vəkil), ümumilikdə isə ezam olunmuş 60 vəkil iştirak edərək 198 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib. Eyni zamanda, digər vəkil qurumları tərəfindən təşkil edilən aksiyalarda isə 762 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Belə ki, “Heydər Əliyev İli” ilə bağlı keçirilən tədbirlər planı çərçivəsində 9-10 mart tarixlərində ARVK-nın rəhbərliyi Naxçıvan MR-da səfərdə olub. Səfər iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra ARVK-nın rəhbərliyi Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb, vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıb. Eyni zamanda, ARVK-nın sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında (NMRVK) vəkillərlə, Naxçıvan Dövlət Universitetində (NDU) professor-müəllim heyəti və tələbələrlə görüşüb. Həmçinin, ARVK və Naxçıvan MR Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib, Anar Bağırov çıxış edib. Daha sonra "Heydər Əliyev İli” ilə əlaqədar ARVK tədbirlər planı çərçivəsində "Yusif Allahverdiyev və Partnyorları" VB-nin vəkilləri Naxçıvan MR-da pulsuz hüquqi yardım aksiyası keçirib. Aksiyada vətəndaşlara hüquqi məsləhətlər verilib, o cümlədən müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Bundan başqa, ARVK rəhbərliyi Naxçıvan Dövlət Universitetində rektor, professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, VK tərəfindən 6-7 may tarixlərində “III Vəkil Şahmat” yarışı təşkil edilib. Respublika üzrə 35 vəkilin qatıldığı yarışda vəkil Elşən Səfərov birinci, vəkil Samir Hüseynzadə ikinci, vəkil Camal Əliyev isə üçüncü yeri tutublar. ARVK Rəyasət Heyətinin qərarına əsasən, ilk 3 yerin qaliblərinə “Libraff” kitab mağazasından hədiyyə kartları, müvafiq diplomlar və medallar Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov tərəfindən təqdim olunub.
Bundan başqa, mayın 12-də ARVK tərəfindən NMRVK ilə birgə “Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Liderin siyasi fəaliyyəti, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Həmçinin, ARVK-nın sədri Anar Bağırov konfransa onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tədbirdə Kollegiyanın Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Qadın Vəkillər Alyansının üzvü Leyla Məmmədova, Bakı şəhər 2 saylı VB-nin müdiri Rəna Məmmədova, Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz VB-nin müdiri, Alyansın üzvü Gülşən Salmanova çıxış ediblər.
Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib. 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçilib. Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və II dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 15 yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət edib, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc düşərgədə iştirak haqqı qazanıb.
Həmçinin, 13 may - 15 iyul tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, ARVK-nın və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası keçirilib. 9 komandanın, ümumilikdə 90-dan artıq vəkilin iştirak etdiyi, bir dövrədən ibarət olan turnirdə “Şuşa” komandası çempion olub, ikinci yeri “Barrister”, üçüncü yeri isə "LawyersUnited" komandaları tutub.
Eyni zamanda, hesabat ilində ARVK-nın Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi keçirilib. Sayca III müsabiqəyə bir-birindən maraqlı əsərlərini təqdim edən iştirakçılardan üç nəfər qalib adını qazanıb. Müsabiqəyə qatılanlardan "Kəngərli və Partnyorları" VB-nin vəkili Aslan Heydarov I, hüquqşünas Şəhriyar Həbilov II, Nüşabə Əhməd isə III yerin sahibi olub. Sentyabrın 13-də ARVK Rəyasət Heyətinin iclasında Kollegiyanın sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Dekabrın 9-da isə ARVK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqə başlayıb. Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və NDU-nun Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Üç mərhələdən ibarət olan müsabiqənin qalibi DİN-in Polis Akademiyası olub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Xüsusilə qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.
Məhz bu səbəbdən peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Təntənəli formada keçirilən mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi baş tutub, habelə bir sıra müsabiqələr üzrə I yerin sahiblərinin və müxtəlif nominasiyalar üzrə qaliblərin təltif edilməsi həyata keçirilib. Əlavə olaraq, VK-nın hesabat ilindən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib. Sonra VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.