Cari ilin dekabr ayının 15-22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Azərbaycanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə vəkillər üçün “Maliyyə Savadlılığı” mövzusunda növbəti təlim keçirilib.
Dekabrın 15-də keçirilən I təlimin ilk hissəsində “Əmanətlərin
sığortalanması” mövzusu üzrə Əmanətlərin Sığortalanması Fondunun Risklərin
idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi,
hüquqşünaslar Misirə Xəlilzadə və Toğrul Surxaylı, təlimin ikinci hissəsində
isə “Kapital bazarları / Qiymətli kağızlar” mövzusu üzrə Mərkəzi Bankın Kapital
bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti Siyasət və bazarın
inkişafı şöbəsinin aparıcı analitiki Nağı Nağıyev təlimçi qismində iştirak edib.
Dekabrın 22-də isə baş tutan II təlimin ilk hissəsində “Milli pul
nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə, zədələnmiş pulların
dəyişdirilməsi qaydaları” mövzusu üzrə Mərkəzi Bankın Pul nişanlarının
ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib
Pənahlı, təlimin II hissəsində “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”
mövzusu üzrə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti
Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Xəyalə
Məmmədova təlimçi qismində iştirak edib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimin rəsmi
hissəsinin sonunda suallar səsləndirilib, doğru cavab verən vəkillər
mükafatlandırılıb.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli
çəkdirilib.
Qeyd edək ki, təlimdə ARVK-nın 22 üzvü iştirak edib.