Cari ilin dekabr ayının 15-22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Azərbaycanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə vəkillər üçün “Maliyyə Savadlılığı” mövzusunda növbəti təlim keçirilib.
Dekabrın 15-də keçirilən I təlimin ilk hissəsində “Əmanətlərin sığortalanması” mövzusu üzrə Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, hüquqşünaslar Misirə Xəlilzadə və Toğrul Surxaylı, təlimin ikinci hissəsində isə “Kapital bazarları / Qiymətli kağızlar” mövzusu üzrə Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti Siyasət və bazarın inkişafı şöbəsinin aparıcı analitiki Nağı Nağıyev təlimçi qismində iştirak edib.
Dekabrın 22-də isə baş tutan II təlimin ilk hissəsində “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə, zədələnmiş pulların dəyişdirilməsi qaydaları” mövzusu üzrə Mərkəzi Bankın Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı, təlimin II hissəsində “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri” mövzusu üzrə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Xəyalə Məmmədova təlimçi qismində iştirak edib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimin rəsmi hissəsinin sonunda suallar səsləndirilib, doğru cavab verən vəkillər mükafatlandırılıb.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, təlimdə ARVK-nın 22 üzvü iştirak edib.