Dünən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Cənubi Qafqaz üzrə Hüquq Layihəsinin rəhbəri Thomas Meyer Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonağı salamlayaraq, son dövrlər Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı həyata keçirilən təbirlərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 fevral 2018-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın ölkə vəkilliyi üçün tarixi əhəmiyyəti, habelə yaxın gələcəkdə bu Sərəncamdan irəli gələrək aztəminatlı əhali qrupunun ödənişsiz hüquqi yardıma çatımlılığında müsbət dəyişikliklərin olacağı barədə öz fikirlərini bölüşmüşdür.
Görüşdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuş, gələcəkdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilə biləcək əlavə və dəyişikliklərlə bağlı Cəmiyyətin texniki dəstək göstərməsi barədə razılıq əldə olunmuşdur.
Bundan başqa, “Azərbaycan Vəkili” jurnalı və jurnalın maliyyələşdirilməsi, o cümlədən gələn il Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər və bu tədbirlərin təşkili barədə müzakirə aparılmış, jurnalın Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə nəşr edilməsi, habelə Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı tədbirlərin təşkili prosesində qarşılıqlı olaraq əməkdaşlıq edilməsi razılaşdırılmışdır.
Sonda qonaqla xatirə fotosu çəkilmişdir.